Dekabrın 11-də Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Siyasi Sənədlər Arxivində Binəqədi Rayon İcra Hakimiyyəti və Azərbaycan Milli Kitabxanası ilə birgə ümummilli lider Heydər Əliyevin əziz xatirəsinə həsr olunmuş “Sən elə bir zirvəsən” adlı tədbir keçirilib.    
   Tədbir iştirakçıları ilk olaraq ulu öndərin şəxsi kitabxanasından Milli Kitabxanaya hədiyyə etdiyi kitabların sərgisi ilə tanış olublar. 
   Tədbiri Siyasi Sənədlər Arxivinin direktoru vəzifəsini icra edən Elmira Ələkbərova açaraq Heydər Əliyev şəxsiyyətinin böyüklüyündən, ulu öndərin azərbaycançılıq ideyalarından danışıb. 
   Azərbaycan Milli Kitabxanasının direktoru, professor Kərim Tahirov dahi liderin kitaba olan sevgisindən, bağlılığından, kitabxanaya diqqətindən bəhs edib, hakimiyyəti müddətində 4 dəfə Milli Kitabxanaya gələrək bu mədəniyyət ocağının fəaliyyəti ilə yaxından tanış olduğunu, dəyərli tövsiyələr verdiyini tədbir iştirakçılarının nəzərinə çatdırıb. 
   Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Aygün Əliyeva ümummilli liderin siyasi, iqtisadi, ictimai həyatın bütün sahələrində gördüyü işlərdən, əldə olunan nailiyyətlərdən söz açıb. 
   Tədbirin rəsmi hissəsi başa çatdıqdan sonra bədii hissə Bakı Humanitar Kolleci şagirdlərinin “Ulu öndər” kompozisiyası ilə davam edib. 26 saylı Musiqi məktəbinin kollektivi “Heydər”, Bakı Humanitar Kollecinin “Buta” rəqs ansamblı “Sən həmişə bizimləsən” kompozisiyalarını təqdim edib. Xalq artisti Niyaməddin Musayev “Sənsiz səhər açılmayır”, Əməkdar artist İlkin Əhmədov “Alagöz” mahnılarını, gənc qiraətçi Rəsul Babayev “Sən elə bir zirvəsən” adlı şeiri səsləndirib.
   
   Lalə Azəri