“Bu filmi çəkməkdə əsas məqsəd Üzeyir bəyi İranda tanıtmaqdır”
   
   Dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin “O olmasın, bu olsun” operettası əsasında yeni musiqili bədii film çəkiləcək. Filmi tanınmış İran rejissoru Yədulla Səmədi lentə alacaq. Ekran əsərində Azərbaycan və İran aktyorları rol alacaqlar.
   
   Dekabrın 1-də Beynəlxalq Mətbuat Mərkəzində jurnalistlərlə görüşən iranlı rejissor layihə barədə məlumat verdi.
   Filmlə bağlı danışıqlar aparmaq üçün Azərbaycana gəldiyini deyən rejissor bildirdi ki, ekran əsəri “Məşədi İbad” adlanacaq. Filmdə Məşədi İbad rolunu İran aktyoru canlandıracaq. Azərbaycanın Xalq artisti Afaq Bəşirqızı qulluqçu Sənəm, Xalq artisti Rasim Balayev isə Rüstəm bəy rolunda çıxış edəcəklər. Digər obrazların, o cümlədən Gülnaz və Sərvər rolunun ifaçıları isə hələ müəyyənləşməyib: “Amma axtarışlarımız davam edəcək. Bəzi sınaq çəkilişləri etmişik. İrana gedəndən sonra onlar arasında seçim edəcəyik”.
   Onun sözlərinə görə, filmin qonaqlıq səhnəsində muğam parçasını Xalq artisti Alim Qasımov ifa edəcək.
   Filmin əsas çəkilişlərinin Azərbaycanda aparılacağını deyən rejissor Bakıda məkanların çox dəyişdiyini də vurğulayıb: “Odur ki, bizə uyğun məkanları bölgələrdə axtarmalı olacağıq. Bəzi səhnələr isə İranda pavilyonda çəkiləcək”.
   Çəkilişlər mart ayında başlayacaq. Rejissor onu da qeyd edib ki, film Azərbaycan dilində çəkiləcək. Sonradan fars dilinə dublyaj olunacaq.
   Rejissor bildirib ki, bu filmi çəkməkdə əsas məqsəd Üzeyir bəyi İranda tanıtmaqdır. Filmin bütün xərclərini İran tərəfi ödəyəcək.
   
   S.Fərəcov