Xəbər verdiyimiz kimi, Lənkəran Dövlət Dram Teatrının truppası dekabrın 1-dən 6-dək İranın Həmədan şəhərində keçirilən 24-cü Beynəlxalq Uşaq və Gənclər Teatr Festivalında iştirak edib. Kollektiv festivalda gənc yazıçı Pərvin Nurəliyevanın “Dəcəl keçi” əsərinin tamaşasını göstərib. Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının baş rejissoru, Əməkdar incəsənət xadimi Bəhram Osmanovun quruluşunda hazırlanmış tamaşa maraqla qarşılanıb.
   Teatrın direktoru Tofiq Heydərov səfər təəssüratını bizimlə bölüşdü: 
   - Festivalda bizimlə yanaşı, Almaniya, İtaliya, Fransa, Rusiya, Cənubi Koreya, Danimarka və Türkmənistandan, eləcə də İranın ayrı-ayrı vilayətlərindən ümumilikdə 30-a yaxın teatr kollektivi iştirak edirdi. Dekabrın 5-də festivalın tamaşa səhnəsi bizim ixtiyarımıza verildi. Həmin gün “Dəcəl keçi” tamaşasını üç dəfə təqdim etdik. Hər dəfə nümayiş anşlaqla keçdi. İranlı sənətsevərlər öz rəğbətlərini sürəkli alqışlarla ifadə edirdilər. Onu da deyim ki, aktyorlarımız Qızılgül Quliyeva, Əbülfəz Axundov, Niftulla Əsgərov, Təranə Fərəcova, Sayad Əliyev, Emin Fərzullayev, Ülkər Quliyeva və Nizami Qurbanov öhdəsinə düşən vəzifənin öhdəsindən layiqincə gəldilər. Tamaşa haqqında İranın müxtəlif informasiya vasitələrində, radio və televiziya kanallarında məlumatlar verildi.
   Festival günlərində truppamız Həmədan vilayətinin Mədəniyyət və İrşadi İslam Baş İdarəsinin rəhbərliyi tərəfindən qəbul olundu. Qəbul zamanı Azərbaycan-İran mədəni əlaqələrinin yüksələn xətlə inkişaf etdiyi xüsusi qeyd olundu. 
   Həmçinin Rusiyanın, İranın, Almaniyanın, Cənubi Koreyanın teatr kollektivləri ilə görüşərək, gələcəkdə sənət mübadiləsi imkanları barədə söhbət etdik. Bu festival truppamız üçün həm də təcrübə imkanı oldu. Biz digər ölkələrdən olan həmkarlarımızdan çox şey görüb-götürdük.
   Festivalın bağlanış mərasimində teatrımızın truppası münsiflər heyəti tərəfindən təşəkkürnamə və xatirə hədiyyələri ilə mükafatlandırıldı.
   Fürsətdən istifadə edib Mədəniyyət və Turizm Nazirliyinə və Lənkəran Şəhər İcra Hakimiyyətinə festivala getməyimizdə göstərdikləri dəstəyə görə minnətdarlığımı bildirirəm. 
   
   Ağaddin Babayev
   Lənkəran