Azərbaycan
   
   13 dekabr 1929 - Şərqşünas alim, professor Saleh Əliyev (1929 - 21.11.2006) Gəncədə anadan olub. Rusiya EA-nın Şərqşünaslıq İnstitutunda çalışıb. İran və Cənubi Azərbaycan tarixi üzrə tədqiqatların müəllifidir. Moskvada "Ocaq" Mədəniyyət Cəmiyyətinin rəhbəri olub.
   13 dekabr 1937 - Əməkdar memar Abbas Abbas oğlu Ələsgərov Bakıda doğulub. Azərbaycan Memarlar İttifaqının sədri (2007-2012) olub, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədridir.
   13 dekabr 1956 - Əməkdar incəsənət xadimi, şair, publisist, dramaturq Abdulla Novruz oğlu Qurbani Naxçıvan Muxtar Respublikası Şərur rayonunun Mahmudkənd kəndində anadan olub.
   13 dekabr 1962 - Filologiya elmləri doktoru, akademik Nərgiz Arif qızı Paşayeva Bakıda anadan olub. Bakı Musiqi Akademiyasında, BDU-da kafedra müdiri, prorektor işləyib. 2008-ci ildən M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialının rektorudur. "Üns" yaradıcılıq səhnəsinin qurucusu və rəhbəridir. 
   
   14 dekabr 1927 - Kristalloqrafiya sahəsində məşhur alim, ədəbiyyatşünas, Azərbaycan EA-nın müxbir üzvü Xudu Məmmədov (1927 - 15.10.1988) Ağdamın Mərzili kəndində anadan olub. «Naxışların yaddaşı», «Qoşa qanad» və s. kitabların müəllifidir.
   14 dekabr 1915 - Görkəmli müğənni, Azərbaycanın və SSRİ-nin Xalq artisti Rəşid Məcid oğlu Behbudov (1915 - 9.6.1989) Tiflisdə anadan olub. Əslən şuşalıdır. "Arşın mal alan" (1945), "Bəxtiyar" (1955) filmlərində baş rollara çəkilib, operada (Balaş - "Sevil") çıxış edib. Azərbaycan musiqisinin dünyada təbliğinə töhfələr verib. Bakıda Mahnı Teatrını yaradıb. SSRİ Dövlət mükafatına, Sosialist Əməyi Qəhrəmanı adına layiq görülüb.
   14 dekabr 1929 - Ədəbiyyatşünas, filologiya elmləri doktoru, tərcüməçi Dilarə Ələkbər qızı Əliyeva (1929-1991) Tiflisdə doğulub. Gürcü dilindən tərcümələr edib. Azərbaycan Ali Sovetinin deputatı olub. 1991-ci ilin aprelində avtomobil qəzasında dünyasını dəyişib.

   Dünya
   
   13 dekabr 1720 - İtalyan dramaturqu, nağıl-pyeslərin müəllifi Karlo Qotsi (Carlo Gozzi, 1720 - 1806) anadan olub. 
   13 dekabr 1797 - Yəhudi əsilli alman şairi, yazıçı, ədəbiyyatşünas Henrix Heyne (Christian Johann Heinrich Heine, 1797 - 17.2.1856) anadan olub. Əsərləri: “Nəğmələr kitabı” (poeziya), “Harts səyahəti” (nəsr) və s. Məşhur bəstəkarlar (F.Şubert, R.Şuman, P.Çaykovski) şairin şeirlərinə musiqi yazıb.
   
   14 dekabr 1895 - Fransız şairi, poeziyada dadaizm və sürrealizmin banilərindən biri Pol Eluyar (Paul Eluard - Eugene Emile Paul Grindel, 1895 - 18.11.1952) anadan olub.
   14 dekabr 1898 - Rus kinorejissoru Yefim Lvoviç Dziqan (1898 - 31.12.1981) anadan olub. “Fətəli xan” (1947) Azərbaycan filminin rejissorudur.
   14 dekabr 1924 - Hind aktyoru, rejissor, prodüser Rac Kapur (Raj Kapoor; 1924 - 2.6.1988) anadan olub. Filmləri: “Avara”, “Cənab 420” (aktyor), “Sanqam”, “Bobbi”, “Abdulla” (rejissor) və s.
   
   Hazırladı: Vüqar Orxan