Dekabrın 14-də Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında “Qətibə İnanc” tamaşasının premyerası keçirildi. Səhnə əsəri Məmməd Səid Ordubadinin "Qılınc və qələm" romanının motivləri əsasında Çingiz Ələsgərli tərəfindən yeni səhnə versiyasında işlənib.
   Tamaşanın quruluşçu rejissoru Xalq artisti Mərahim Fərzəlibəyov, quruluşçu rəssamı Əməkdar mədəniyyət işçisi İlham Elxanoğlu, musiqi tərtibatçısı Kamil İsmayılov, rejissor assistenti Vüqar Məmmədovdur. Baş rolda Xalq artisti Bəsti Cəfərova, Şeyx Nizami rolunda Əməkdar artist Sabir Məmmədov çıxış edirdi. Digər rolları Rövşən Kərimduxt, Rüstəm Rüstəmov, İlyas Əhmədov, Kazım Abdullayev, Şəhla Əliqızı, Fidan Cəfərova, Elnur Qədirov və başqaları oynayırdı.
   Tamaşanın süjeti Gəncə hakimi Əmir İnancın qızı Qətibənin Nizami Gəncəviyə olan cavabsız məhəbbəti üzərində qurulub. Məhəbbəti rədd ediləndən sonra Qətibə İnancda hamıya qarşı nifrət yaranır. O, sevmədən Məhəmməd Cahan Pəhləvana ərə gedir...
   Qeyd edək ki, “Qılınc və qələm” romanı ilk dəfə 1977-ci ildə görkəmli rejissor, Xalq artisti Tofiq Kazımovun quruluşunda səhnələşdirilib. 
   Tamaşa haqqında qəzetimizin növbəti sayında ətraflı söhbət açacağıq.
   
   Lalə