Goranboy rayonu ərazisində aşkar edilmiş arxeoloji tapıntı tədqiq olunacaq
Dekabrın 14-də Cənubi Qafqaz Boru Kəməri Şirkətinin texniki operatoru olan Böyük Britaniyanın BP şirkəti ilə Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi arasında Cənubi Qafqaz boru kəmərlərinin genişləndirilməsi işləri zamanı aşkar edilmiş mühüm arxeoloji tapıntıların tam təhlil edilməsi üzrə əməkdaşlıq üçün qarşılıqlı anlaşma memorandumu imzalanıb.
Bununla bağlı keçirilən görüşdə mədəniyyət və turizm naziri Əbülfəs Qarayev çıxış edərək Goranboy rayonunun Kərpiclitəpə ərazisində aşkar edilmiş tarixi əhəmiyyətli tapıntı ilə bağlı işlərin maliyyələşdirilməsinə göstərdiyi dəstəyə görə BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qari Consa (Gary Jones) təşəkkürünü bildirib.
Qeyd edilib ki, anlaşma memorandumu hər iki tərəfin Kərpiclitəpə ərazisində aşkar edilmiş tapıntılarla bağlı Azərbaycanın mədəni irsinə dəstək göstərilməsində əməkdaşlıq etmək niyyətini təsdiqləyir. Nazir birgə layihələrin həyata keçirilməsinin və ölkəmizin tarixi irsinin britaniyalı vətəndaşlar üçün də maraqlı olacağına əminliyini ifadə edib.
Q.Cons BP şirkətinin Azərbaycanda fəaliyyət göstərdiyi 25 il ərzində həyata keçirdiyi sosial layihələr barədə danışıb. O, ötən müddətdə şirkət və tərəfdaşlarının Azərbaycanda təkcə sosial sahələrə qoyduğu investisiyaların həcminin 75 milyon dollardan çox olduğunu qeyd edərək bu istiqamətdə işlərin davam etdiriləcəyini vurğulayıb.
Bildirilib ki, bu sənəd çərçivəsində yerinə yetiriləcək işlərə AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun altı əməkdaşı tərəfindən iki ay müddətində əlavə qazıntı işlərinin aparılması daxildir. Görüləcək işlər nəticəsində arxeoloji sahənin üçölçülü modelinin hazırlanması imkanına da baxılacaq. Aşkar edilmiş bütün arxeoloji faktlar müvafiq qaydada qeydiyyata alınacaq və qorunub saxlanılacaq.
Arxeologiya və Etnoqrafiya İnstitutu direktorunun elmi işlər üzrə müavini, tarix elmləri doktoru Nəcəf Müseyibli, Arxeoloji xidmət şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru Qoşqar Qoşqarlı abidənin Azərbaycanın və Cənubi Qafqazın tarixini öyrənmək baxımından əhəmiyyətindən danışıblar. Bildiriblər ki, bu günədək neft-qaz borularının keçdiyi ərazilərdə bu cür böyük əhəmiyyətə malik abidə aşkar edilməyib. Qeyd edilib ki, orta əsr dövrünə aid edilən abidənin yerləşdiyi ərazidən əldə olunan maddi-mədəniyyət nümunələri burada yüksək memarlıq sənətinin, müxtəlif sənətkarlıq sahələrinin inkişafını göstərir.