Dekabrın 23-də Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında C.Verdinin "Trubadur" operasının növbəti tamaşası keçiriləcək.
Tamaşada əsas rollardan birini - Qraf di Luna partiyasını ifa etmək üçün teatrın yetirməsi, hazırda Almaniyanın Manhyem Milli Operasında çalışan istedadlı vokalçı, Xalq artisti Əvəz Abdullayev dəvət olunub.
Almaniyada çalışmaqla bərabər Avropanın bir sıra ölkələrində mötəbər teatrların səhnələrində çıxış edən Ə.Abdullayev doğma teatrını da unutmur, hər dəfə Bakıdan qastrol təklifi alarkən onu böyük həvəslə qəbul edir.
Tamaşada iştirak etmək üçün Belarus Milli Akademik Böyük Opera və Balet Teatrının aparıcı solisti, bu ölkənin Xalq artisti və Dövlət mükafatı laureatı, vokalçıların beynəlxalq müsabiqələrinin laureatı Anastasiya Moskvina da dəvət olunub. O, Leonora partiyasını ifa edəcək.
"Trubadur" operasında həmçinin Azərbaycan Opera və Balet Teatrının solistləri - əməkdar artistlər Fərid Əliyev (Manriko), Əkrəm Poladov (Ferrando), Əliəhməd İbrahimov (Ruis), gənc solistlər Nina Makarova (Azuçena) və Səbinə Əhmədova (İnes) səhnəyə çıxacaq. Tamaşanı Əməkdar artist, dirijor Əyyub Quliyev idarə edəcək.