Noyabrın 24-də Azərbaycan Dövlət Musiqili Teatrının rus bölməsində görkəmli bəstəkar Rauf Hacıyevin “Qafqazlı qardaşqızı” adlı ikihissəli operettası növbəti dəfə nümayiş etdirildi. Tamaşanın quruluşçu rejissoru, Əməkdar incəsənət xadimi Alik Usubov, quruluşçu dirijoru, Əməkdar incəsənət xadimi Nazim Hacıəlibəyov, quruluşçu rəssamı Rusiya Rəssamlıq Akademiyasının həqiqi üzvü, professor Dmitri Çerbadji, baletmeysterləri Zakir və Yelena Ağayevlər, xormeysteri Emin Həsənov, rejissor assistentləri Tamilla Aslanova və Elməddin Dadaşovdur. 
   Tamaşa milli koloriti, rəngarəng tərtibatı, hər bir obrazın xarakterinə uyğun tapılmış geyim həlli ilə dərhal tamaşaçıda nostalji hisslər oyatdı desək, heç də səhv etmərik. Operetta Rauf Hacıyevin çoxşaxəli yaradıcılığının parlaq nümunələrindən biridir. Kiçik bir haşiyə çıxıb, görkəmli bəstəkarımız Rauf Hacıyevin yaradıcılığı haqqında oxucularımıza məlumat vermək istəyirəm. 
   Rauf Hacıyev bu gün də müğənnilərin həvəslə müraciət etdiyi saysız-hesabsız mahnıların, rejissorların tez-tez quruluş verdiyi musiqili komediyaların, baletlərin, simfonik poemaların, fortepiano üçün pyeslərin və 20-dən artıq filmə yazılmış musiqilərin müəllifidir. Rauf Hacıyev 7 operetta yazıb və onların əksəri keçmiş SSRİ məkanında, 5-i isə Moskva Dövlət Operetta Teatrının səhnəsində tamaşaya qoyularaq, uğurlu səhnə həllini tapıb, kütləvi tamaşaçı rəğbəti qazanıb. Onun aşıb-daşan coşqun istedadı daha çox operetta janrında parlamışdı. Tədqiqatçılar qeyd edir ki, bu operettalar vokal-simfonik-balet, estrada janrları və xalq musiqisinin üzvi vəhdətidir. Rauf müəllimin yüksək peşəkar səviyyədə yazdığı operettalarının mövzuları qeyri-adi Qafqaz adamının gündəlik həyatında rastlaşdığı problemlər, yumoristik və satirik boyalarla təsvir edilir. 
   Tamaşa haqqında fikirlərimi hörmətli oxucuların diqqətinə çatdırmazdan əvvəl quruluşçu rejissor, Əməkdar incəsənət xadimi, professor, tükənməz enerjisi ilə bir çox gənclərə nümunə ola bilən Alik Teymur oğlu Usubov barədə də qısa məlumat vermək istərdim. Alik müəllim zəngin yaradıcılıq bioqrafiyasına malik sənətkarlarımızdandır. Mən, düzü, onunla gec tanış olduğuma görə, bir qədər təəssüf etdim. Lakin sənətkar dostum İlham Namiq Kamal məni onunla tanış edəndən cəmi 5 dəqiqə sonra mənə elə gəldi ki, bu insanı çoxdan, lap çoxdan tanıyıram. Onun haqqında bildiklərimi yadıma salmağa çalışdım. Yaxınlarda 80 illiyini qeyd etmiş rejissor 1978-1980-ci illərdə “Azkonsert” Birliyinin bədii rəhbəri işləyib, 1980-1983-cü illərdə Rusiyanın Omsk Vilayəti Dövlət Musiqili Teatrının təməlini qoyub, 1983-cü ildə vətənə qayıdaraq 1994-cü ilədək Opera və Balet Teatrında baş rejissor vəzifəsində çalışıb. 1994-cü ildən Omsk vilayət rəhbərliyinin dəvəti ilə Omsk Dövlət Filarmoniyasına bədii rəhbər təyin edilib, 6 il müddətində “Rusiyanın qəlbi” Beynəlxalq festivalının təşkilatçısı və quruluşçu rejissoru kimi fəaliyyət göstərib. 1997-2000-ci illərdə “Sibir” Regionlararası milli mədəniyyət birliyinin baş direktoru və bədii rəhbəri işləyib. 2000-ci ildən Omsk Dövlət Universitetinin Mədəniyyət və incəsənət fakültəsinin professorudur. Nə yaxşı ki, Alik Usubov vaxt tapıb, arada həmvətənləri üçün də tamaşalar hazırlayır. Özünün dediyinə görə, yaxın dostu olmuş Rauf Hacıyevin “Qafqazlı qardaşqızı” operettasını çox bəyəndiyi üçün bu səhnə əsərinə dəfələrlə müraciət edib. Budəfəki tamaşanın özəlliyi ondadır ki, səhnə əsərində Bəbirli obrazını Azərbaycanın Xalq artisti İlham Namiq Kamal oynayır. 
   Tamaşaçılar bilir ki, əsərin baş qəhrəmanı Bəbirlidir. Süjet xəttinə görə əsas hadisələri ya Bəbirli özü yaradır, ya da mövcud hadisələrə birbaşa müdaxilə edərək, onların inkişaf səmtini dəyişir. Onu da qeyd edək ki, əsərin ilk adı “Gülümsəməyini gizlətmə, Bəbirli və ya qafqazlı qardaşqızı” olub. Bəbirli bütün çıxılmaz vəziyyətlərdən gülümsəyərək çıxan, heç vaxt kefini pozmayan, şən, hazırcavab bir qafqazlı və ya daha dəqiq desək, azərbaycanlıdır. 
   Süjet xəttində dramatik hadisələrin düyünü vurulur, musiqi baş verəcək qeyri-adi hadisələrə və konfliktə işarə edir. Ata qızı ilə görüşdən əvvəl kombinatda təcrübə keçən üç institut məzunu ilə qarşılaşır. Artıq qarmaqarışıqlığın və gözlənilməzliyin olacağına şübhə yeri qalmır. Dramatik hərəkət sadədən mürəkkəbə doğru sürətlə inkişaf edir. Hadisələrin və musiqinin lirik xəttində məhəbbət çalarları özünü büruzə verməyə başlayır. Bu zaman Bəbirli - İlham Namiq Kamal gürcü əbası, güllü kaftan, papaq və ən əsası da eşmə bığları ilə qarşımıza çıxır. Vəzifəyə yüksəlmiş kiçik qardaşı Həsənə, həmişə olduğu kimi, Həsənçik deyən Bəbirliyə elə gəlir ki, o hər şeyi bildiyi üçün hər kəsə məsləhət verə bilər. Bəbirli (İlham Namiq Kamal) həm xarakter etibarilə, həm də geyimi ilə fərqlidir, səhnəyə daxil olduğu andan canlanma yaranır. 
   Lalə (Əməkdar artist Səidə Şərifəliyeva) kombinata direktor təyin olunmuş atası Cavanşirovu (Firuz Məmmədov) görməyə gəlib. Lakin gözlənilmədən gənc qız öz sevgisi ilə qarşılaşır. Məhəbbət hər zaman gözlənilmədən peyda olur. Arif (Nicat Həbibov) Laləni görən kimi ona vurulur. Növbəti səhnələrdə biz Arifin kurs yoldaşları Natəvan (Yuliya Heydərova) və Buba (Rauf Babayev) ilə qarşılaşırıq. Onu da qeyd etməliyik ki, məzun-tələbələr ilk öncə Lalənin atası Cavanşirovla şəraitsizliyə və qaldıqları yerə görə konfliktə girirlər. Hər üç gənc təklif olunan vəziyyətə uyğun oyun, mahnı dueti və solo musiqi partiyaları nümayiş etdirib, tamaşaçını süjet xəttinin davamına hazırlayırlar. İfa və duet-solo partiyaları bir-birini davam və inkişaf etdirir. Dramatik vəziyyət gərginləşir. Bu zaman Bəbirli yenə öz şaqraq gülüşü və şən əhval-ruhiyyəsi ilə səhnəyə daxil olur və dərhal vəziyyət kökündən dəyişir. Bəbirli hamını, hətta həyat yoldaşı Bibixanımı (Əməkdar artist Svetlana Bulax) da sakitləşdirib deyir ki, “hər şeyi boş buraxın, gülüşünüzü əskik etməyin, hər şey yaxşı olacaq. Mənə baxın, ibrət götürün”. Rejissor Alik Usubovun dediyinə görə, İlham Namiq Kamal obraza müəyyən rənglər əlavə edərək, bununla da Bəbirlini mehriban, sevimli, baxımlı təqdim edir. Rejissor qeyd edir ki, əgər Rauf Hacıyev sağ olsaydı, Bəbirli obrazından razı qalardı. Çünki o, məhz belə Bəbirli görmək istəyirdi. Bu obraz aktyorun yüksək peşəkar ifası nəticəsində tamaşanın ən parlaq yumoristik surətinə çevrilir desək, yəqin ki, səhv etmərik. Nə dil baryeri, nə ilk dəfə çalışdığı başqa bir truppa ilə ifa aktyorun peşəkarlığına təsir edib. Adama elə gəlir ki, İlham Namiq Kamal bu truppa ilə eyni səhnəni xeyli zamandır ki, bölüşür. Bu, aktyorun yüksək peşəkarlığından irəli gəlir. Mən əslində, buna heç təəccüb də etmədim, çünki İlham Namiq Kamalı müxtəlif teatr truppaları ilə peşəkar ifalarının dəfələrlə şahidi olmuşam. Onun Bəbirli rolundakı duet və solo ifaları da maraq doğurmaya bilmir. O, səhnəyə az qala hər bir gəlişində tamaşaçı alqışı qazanırdı. 
   Bəbirlinin həyat yoldaşı Bibixanımı oynayan Svetlana Bulax da ifa tərzi ilə ona uyğunlaşmağa çalışır və bir çox səhnələrdə buna nail olurdu. Lakin onun danışıq tərzinə hansısa bölgə ləhcəsini əlavə etməyi, bizə elə gəlir ki, o qədər də inandırıcı təsir bağışlamır. Bəbirli obrazına uyğunlaşmaq danışığa ləhcə əlavə etməklə həll oluna bilməz. İlham Namiq Kamal obraza əlavə etdiyi cüzi, lakin parlaq rənglər, duet və solo musiqi parçalarının hərəkət-mizan toplusu ilə vəhdəti, qarşı tərəfin oyun tərzində özünü büruzə verməli idi. 
   Ümumilikdə, tamaşada aktyor ifaları maraqlı və baxımlıdır. Komik vəziyyət davam etməkdə, obrazların düşdüyü vəziyyət daha da gərginləşməkdədir. Bəbirli öz doğma qardaşı Cavanşirovu gözlənilən nazir gəlişindən qorumaq, daha doğrusu, qardaşını daha yüksək vəzifəyə qaldırmaqla, özünü onun yerinə kombinat direktoru görmək arzusundadır. “Vəziyyət komediyası”nın klassik nümunələri ilə qarşılaşırıq. 
   Bəbirli istəmədən aləmi bir-birinə vurur. Səhvən Bubanı nazir oğlu bilərək, ona qonaqlıq verərək içirdir, sərxoş edərək sevgilisi Natəvan ilə küsdürür. Süjetin davamı olaraq Arif də Lalədən küsür. Bəbirli hələ tamlıqda öz vəzifəsinin öhdəsindən gəlməyib. O, çalışır, özünü gözə soxur, düşündüyünü deyir, bildiyini, səhv də olsa edir. Nazirin gəlişi üçün öz şəklini şərəf lövhəsinə vurmağı da unutmur. Səhvlər səhvləri davam etdirir. Nazir Hətəmov (Əliməmməd Novruzov) və Rüstəmovun (Boris Qrafkin) yeri səhv düşür. Bəbirli öz ampluasındadır. Nazirə göstərilməsi lazım olmayanları ürəklə, şövqlə göstərir. Gülür, şənlənir, nazir hesab etmədiyi insanla kobud zarafatlar da edir. Nazir Hətəmov da bütün bunları normal qəbul edir. O zarafat və gülüşlə Bəbirlidən kombinatın bütün əyər-əskiyi haqqında xeyli məlumat toplayır. Hətəmov təklif olunmuş komik vəziyyətdə tələb olunan ifa tərzi nümayiş etdirir. Onun hərəkət-nizam toplusu və danışıq tərzi bir-birini tamamlayır. O, həm övladını qəlbən sevən ata, həm vəzifəsinə sədaqətlə qulluq edən məmur, həm də xırda səhvləri bağışlamağı bacaran, insanlara şans verən vəzifə adamıdır. 
   Xor və rəqsləri ifa edən aktyor və aktrisalar, orkestr, dirijor Fəxrəddin Atayev tamaşanın tamlığı üçün əllərindən gələni əsirgəmirlər. Əməkdar artist Boris Qrafkin Rüstəmov obrazında “vəziyyət komediyası”nın tələblərinə uyğun olan maraqlı ifa tərzi nümayiş etdirir. Ümumilikdə rəqs, mahnı və maraqlı aktyor oyun tərzi ilə müşayiət olunan “Qafqazlı qardaşqızı” operettası qocaman rejissorumuz, Əməkdar incəsənət xadimi Alik Usubovun və yaradıcı kollektivin uğuru kimi qəbul olunaraq izləyicidə xoş ovqat oyadır. Mənə elə gəlir ki, hörmətli tamaşaçılarımız məhz bu səpkili tamaşalar üçün darıxıblar. Onlara hər zaman xoş ovqat bəxş edən tamaşalar arzusu ilə 
   
   Çingiz Ələsgərli