Nəinki Azərbaycanın, həm də Yaxın Şərqin ilk qadın bəstəkarı
“Xeyli “konservat” babasının vəfatından sonra atası qızlarını Konservatoriyaya aparır və Üzeyir bəy “şöbənin ilk qız tələbələri olası” bu istedadlı və cəsarətli qızcığazların hər ikisini (Ağabacını tar, Ruqiyyəni kamança siniflərinə) qəbul edir, Ağabacının 1938-ci il Moskva dekadasında uğurla səslənən “Marş”ına qopan alqışların ardınca isə “Sən sübut etdin ki, qadın da bəstəkar ola bilər” deyir və onu da ömrünün sonunadək himayədarlıq etdiyi “sevimli tələbələr” siyahısına salır...
Musiqiyə, ümumən sənətə hörmət bəslənilən ziyalı ailəsində (15 dekabr, 1912-ci il) doğulsa da, ictimai mühiti o qədər də işıqlı olmayıb. Bunu bacısı Ruqiyyənin xatirələri də təsdiq edir: “1929-cu il idi. Ağabacı son kursda təhsil alırdı. O zaman Bakıda qızlar, qadınlar çadra örtürdülər. Hökumətin qərarı ilə çadranı atmaq lazım gəldi. Bu, qatı müsəlmançılıqda görünməmiş bir iş oldu: “çadranı atmaq namusunu atmaqdır!” deyirdilər. Ağabacı da iki od arasında qalmışdı. Küçəyə çadrasız çıxmaq qeyri-mümkün idi. Məktəbə isə çadralı buraxmırdılar. Atam qətiyyətlə öz qərarını verdi: çadranı atmalı, diplomu almalısan!”.
Beləliklə, Ağabacı Pedaqoji Texnikumu bitirir və bir neçə il Saray, Kürdəxanı və Maştağa kəndlərində müəllimlik edir. Lakin evdə, uşaqlıqdan sevdiyi musiqidən ayrı yaşaya bilməyəcəyini də elan edir. Yaxşı səsi və digər sənət qabiliyyəti olan qızları başına yığıb xor yaradır, onları tarda müşayiət edir. Maştağada yerli radioqovşağı yaradılarkən onun təşəbbüsü və yaxından iştirakı ilə xəbərlər arasında musiqi nömrələri də verilir (bu məqamda qeyd edək ki, o, musiqi-maarifçilik işini ömrünün sonuna kimi davam etdirib).
Elə uşaqlıqdan musiqi və musiqiçilər mühitində olmuş bu bəstəkarın babası Mirzə Fərəc dövrünün məşhur tarzəni olub, neçə-neçə məşhur tarçalanlar yetişdirib, Konservatoriyanın ilk tələbələri üçün muğam tədrisi proqramının tərtibi zamanı hələ də əhəmiyyətli olan muğam cədvəli hazırlayıb, Cabbar Qaryağdıoğlu, Keçəçioğlu Məmməd kimi xanəndələri müşayiət edib. Atası İsmayıl Rzayev isə (iqtisadçı olmasına baxmayaraq) “adı Abşerona sığmayan tarçalan” olub.
Ağabacı not çalğısı üzrə bəstəkar Səid Rüstəmovdan, muğam üzrə babasının tələbələrindən biri olan Mirzə Mənsur Mənsurovdan, musiqi-nəzəri fənlərdən isə Ü.Hacıbəyli, Ə.Bədəlbəyli, C.Hacıyev və başqalarından dərs alır. Növbəti il istedadlı rəfiqələrilə birlikdə Üzeyir bəyin yaratdığı ilk notlu xalq çalğı alətləri orkestrinə qəbul olunur. Burada həmin o böyük milli Ustadın yaratdığı qeyri-adi, qaynar yaradıcılıq mühitinin dilsiz “diktə”si bu gənc qızın qəlbində bəstə eşqi yaradır və beləliklə, Azərbaycan radiosu dalğalarında ilk (və 25-cə yaşlı!) qadın-bəstəkar adı çəkilir: “Ağabacı Rzayeva: Gənc vətənpərvərlər marşı”. Və bu son dərəcə cazibədar elan, öz mənəvi məhsuldarlığı baxımından, o dövrün iqtisadi (məşhur “beşillik”lər) elanlarından geri qalmayıb; tezliklə efirdən Ədilə Hüseynzadə, Hökumə Nəcəfova, Şəfiqə Axundova... kimi imzalar da eşidilməyə başlayıb. Birazdansa, bütün Sovetlər Birliyində “misli görünməmiş qadın hünəri” əks-sədası doğurub.
Müasirləri deyərdilər, Ağabacı xanımın mahnıları ona görə bu qədər şirin, bir belə xəlqidir ki, o bu xalqı çox gəzib-dolaşır. Məsələdən baxəbərlər isə əlavə edərdilər ki, belə olmasaydı, bəlkə də Qulu Əsgərov kimi gözəl bir xanəndə elə Salyan toylarında “Aşıq Qulu” adı ilə qocalıb gedəcəkdi...
Azərbaycan Dövlət Konservatoriyasında Ü.Hacıbəylinin kompozisiya sinfində təhsil almış, onun ən sevimli tələbələrindən biri olmuş bu qadın bəstəkarın yaradıcılığında mahnı ilə bahəm, o dövr üçün tamamilə yeni olan romans janrı da aparıcı sahəyə çevrilir. İlk qadın bəstəkarımız bu mövzuda da, klassik və müasir şairlərimizin, aşıqların və digər xalqlara məxsus şeir ustalarının yaradıcılığına müraciət edir. Həmin şairlərin adları bu gənc bəstəkarın sənətkarlıq diapazonu haqda bitkin təsəvvür yaradır: Nizami, Nəsimi, Füzuli, M.Ş.Vazeh, M.Ə.Sabir, Aşıq Hüseyn, Qaracaoğlan, N.Rəfibəyli, M.Rahim, M.Dilbazi, T.Elçin, M.Araz, T.Mütəllimov... Onun könül təranələrini səsləndirmiş müğənniləri yad etməyə dəyər: Bülbül, R.Behbudov, Ş.Ələkbərova, R.Muradova, F.Mehrəliyeva, L.İmanov və b.
Onun rübabı Böyük Vətən müharibəsi illərində də çağlamış, xalqımızın igidlik, vətənpərvərlik hisslərini “Vətən”, “Partizan oğlu”, “Qəhrəman ananın qəhrəman oğlu”, “Sevgilim əsgər gedir”, "Gözləyəcəyəm, sevgilim!” kimi mahnı və romanslarında tərənnüm etmişdir. O dövr dinləyiciləri “axına qoşulmaya bilməyən” bu zərif cins nümayəndəsinin “Neftçi Qurban”, “Çoban Qara” kimi şablon (amma həm də çox melodik) mahnılarını da xatırlamamış olmazlar. Həmin “zorənmahnı”ların sırasında yazdığı “Evimizə gəlin gəlir”, “Gəl-gəl, a yaz günləri” kimi mahnıları isə əbədi yarlıqlı...
Uşaq qəlblərinin sevgi fatehi...
Bəli, bu gözəl rübablı, həssas qəlbli bəstəkarın yaradıcılığında, müxtəlif səpkili romanslar (habelə qəzəl-romans), vətənpərvərlik, sülh, əmək, məhəbbət mövzularından əlavə, hələ də dillər əzbəri, fidan könüllər bəzəyi olan uşaq mahnıları xüsusi yer tutur. Bir çox həmkarının da vurğuladığı kimi, A.Rzayevanın mahnılarında “hər yaşın öz psixologiyası var”. Onun 60-dan çox bu qəbil mahnısına bu aspektdən yanaşsaq, görün, hər dövrün “gələcəyi” hesab edilən (və hər zaman “uşaq” kimi baxılan) uşaqların neçə-neçə psixo-qatları varmış!
Bu köhnə bayatı “fəlsəfə”dən keçək onun tamamilə həyati sənət nümunələrinə. Əlli ildən çoxdur öz estetik-etik elementlərilə bapbalaca bağça və ibtidai sinif uşaqlarını, yeniyetmə və gəncləri vaxt-bivaxt takt-takt inkişaf etdirən “Qaranquş”, “Ağ göyərçinim”, “Balaca kapitan”, “Qərənfiləm mən” nəğmələrini xatırlayaq. “Gəl “Əlifba” oxuyaq, Sən şagird ol, mən məllim” (C.Məmmədovla həmmüəllif) kimi dipdiri, əsl zəkaoyadıcı misralara yazdığı bənzərsiz mahnısını isə xüsusi təbəssüm və ruhuna sayğılarla yad edək...
Respublikanın ictimai həyatında da fəal iştirak etmiş Ağabacı Rzayeva o dövrün ictimai-siyasi qədir-qiymət etiketlərinə də (bir neçə çağırış Azərbaycan SSR Ali Sovetinin deputatı, 2 dəfə “Qırmızı Əmək Bayrağı” və “Şərəf Nişanı” ordenlərinə) layiq görülmüş, 1960-cı ildə Əməkdar incəsənət xadimi fəxri adını almışdır.
Bu gözəl, mahnıları ilə həmişəyaşar xanım 5 iyul 1975-ci ildə - 63 yaşında dünyasını dəyişmişdir.
Tahir Əhmədalılar