Azərbaycan
   
   15 dekabr 1905 - Rəssam, Əməkdar incəsənət xadimi Reyhan İbrahim qızı Topçubaşova (1905 - 5.3.1970) Qubada anadan olub. Portret (“M.Ə.Sabir”), mənzərə (“Mərdəkanın görünüşü”) janrlarında, məişət mövzusunda (“Köhnə bazar”, “Toy”) əsərlər, natürmortlar çəkib. 
   15 dekabr 1909 - Azərbaycan təsviri sənətinin görkəmli nümayəndəsi, Xalq rəssamı Səttar Bəhlul oğlu Bəhlulzadə (1909 - 14.10.1974) Bakının Əmircan kəndində doğulub. Əsərləri: “Kəpəzin göz yaşları”, “Vətənimin baharı", "Azərbaycan nağılı", "Suraxanı atəşgahı", “Babəkin üsyanı”, “Fətəli xan” və s. Əsərləri dünyanın bir sıra muzeylərində saxlanılır.
   15 dekabr 1910 - Tarixçi alim, akademik İsmayıl Abbas oğlu Hüseynov (1910 - 8.11.1969) anadan olub. Tarix İnstitutunun direktoru işləyib.
   15 dekabr 1912 - Azərbaycanın ilk qadın bəstəkarı Ağabacı İsmayıl qızı Rzayeva (1912 - 4.7.1975) anadan olub. Bir çox mahnı (o cümlədən uşaqlar üçün “Kukla”, “Şən yolka” və s.) və romansların, simli kvartet üçün pyeslərin və s. əsərlərin müəllifidir. 
   15 dekabr 1913 - Tarix elmləri doktoru, ictimai xadim Kamran Əsəd oğlu Hüseynov (1913 - 20.4.2006) Qubadlı rayonunun Çərəli kəndində doğulub. Azərbaycan SSR Nazirlər Soveti sədrinin müavini olub. 
   15 dekabr 1920 - Azərbaycan İnqilab Komitəsi “Vahid dövlət arxiv fondunun təşkili və Xalq Maarif Komissarlığı yanında Mərkəzi Dövlət Arxivinin yaradılması haqqında” dekret imzalayıb. 
   15 dekabr 1924 - Xalq şairi Hüseyn Arif (Hüseyn Camal oğlu Hüseynzadə, 1924 - 14.9.1992) Ağstafa rayonunun Yenigün kəndində anadan olub. “Bahar gələndə”, “Söylə, yadındamı?”, “Qocalan deyiləm” və s. kitabların müəllifidir. Azərbaycan Aşıqlar Birliyinin yaradıcısı və rəhbəri olub. 
   15 dekabr 1946 - Şair, tərcüməçi Ramiz Rövşən (Ramiz Məmmədəli oğlu Əliyev) Bakının Əmircan kəndində doğulub. Kitabları: “Göy üzü daş saxlamaz”, “Nəfəs - kitablar kitabı” və s. “Babamızın babasının babası”, “Şəhərli biçinçilər” və s. filmlərin ssenari müəllifidir.
   
   16 dekabr 1898 - Xalq rəssamı Qəzənfər Ələkbər oğlu Xalıqov (1898-1981) anadan olub. "Molla Nəsrəddin" jurnalında karikaturaçı kimi çalışıb, “Sehrli xalat”, “İstintaq davam edir” filmlərində geyim rəssamı olub. 
   16 dekabr 1922 - Ədəbiyyatşünas, Əməkdar mədəniyyət işçisi İmran Sultan oğlu Seyidov (1922 - 10.5.2001) Qubada doğulub. “Koroğlu” dastanını rus dilinə tərcümə edib. Azərbaycan EA-nın İctimai elmlər bölməsinin elmi katibi olub.
   16 dekabr 1927 - Tarixçi alim, akademik Cəmil Bahadur oğlu Quliyev (1927 - 27.12.2010) Ağdamda doğulub. Azərbaycan Sovet Ensiklopediyasının baş redaktoru, Elmlər Akademiyasının vitse-prezidenti olub. 
   16 dekabr 1932 - Ədəbiyyatşünas, filologiya elmləri doktoru, professor Xalid Əlimirzə oğlu Əlimirzəyev (1932 - 30.1.2016) Qəbələ rayonunun Qəmərvan kəndində anadan olub. 
   16 dekabr 1934 - Şair və tərcüməçi Tofiq Qulam oğlu Bayram (1934 - 18.4.1991) Bakının Əmircan kəndində anadan olub. Kitabları: “Səninlə görüşəndə”, “Əsrin oyunu”, “Könlümdə yaşayanlar”, “Ay gecikən məhəbbətim” və s. Rus dilindən bədii tərcümələrin müəllifidir.
   16 dekabr 1979 - Məşhur cazmen, bəstəkar, caz-muğamın yaradıcısı Vaqif Mustafazadə (16.3.1940 - 1979) vəfat edib. "Qafqaz" caz üçlüyü, "Leyli" və "Sevil" vokal, "Muğam" instrumental ansambllarına rəhbərlik edib. Beynəlxalq müsabiqə və festivalların laureatı olub.
   16 dekabr 1935 - Əməkdar incəsənət xadimi, professor, sənətşünaslıq doktoru İmruz Məmməd Sadıx qızı Əfəndiyeva anadan olub.
   16 dekabr 1961 - Jurnalist, Azərbaycanın Milli Qəhrəmanı Salatın Əziz qızı Əsgərova (1961 - 9.1.1991) anadan olub.
   
   17 dekabr 1905 - Tanınmış şair Osman Sarıvəlli (Osman Abdulla oğlu Qurbanov, 1905 - 3.7.1990) Qazax rayonunun Şıxlı (Sarıvəlli) kəndində anadan olub.
   17 dekabr 1924 - Filologiya elmləri doktoru, professor, Prezident təqaüdçüsü Şirməmməd Hüseynov Şəkidə anadan olub. Mətbuat tariximizin, Azərbaycan Xalq Cümhuriyyətinin, M.Ə.Rəsulzadə, Ü.Hacıbəyli irsinin öyrənilməsi və təbliğində böyük xidmətləri var.
   17 dekabr 1987 - Görkəmli rəngkar Fərhad Hacıyev (1929-1987) vəfat edib. “Bakı ritmləri”, “Kəpəz” və başqa tabloların müəllifidir. Ölkəmizdə bərpa rəssamlığının əsasını qoyub. Respublika Muzey Sərvətləri və Xatirə Əşyalarının Elmi-Bərpa Mərkəzinin rəhbəri (1981-1987) olub. 
   17 dekabr 1993 - Xalq yazıçısı, dramaturq, ictimai xadim Mirzə Əjdər oğlu İbrahimov (28.10.1911 - 1993) vəfat edib. «Gələcək gün», «Böyük dayaq» romanlarının, povest və hekayələrin, “Həyat”, “Kəndçi qızı” və s. pyeslərin müəllifidir. 
   
   Dünya
   
   15 dekabr Beynəlxalq çay günüdür (İnternational Tea Day). Çay içkisini dünyada populyarlaşdırmaq məqsədilə Hindistan, Şri-Lanka, İndoneziya və s. ölkələrdə qeyd olunur. 
   15 dekabr 1798 - İtalyan şairi Antonio Qvandanoli (Antonio Guadagnoli, 1798- 1858) anadan olub.
   15 dekabr 1859 - Esperanto beynəlxalq dilinin yaradıcısı, yəhudi əsilli Polşa linqvisti Lüdoviq Lazar Zamenhof (Ludwik Lejzer Zamenhof; 1859 - 1917) anadan olub.
   
   16 dekabr 1770 - Dahi alman bəstəkarı, dirijor və pianoçu Lüdviq van Bethoven (Ludwig van Beethoven, 1770 - 26.3.1827) anadan olub. Dünya musiqisinin inciləri sırasına daxil olan 9 simfoniyanın, sonataların müəllifidir.
   16 dekabr 1775 - İngilis yazıçısı, Britaniya realist ədəbiyyatında “qadın romanları”nın banisi Ceyn Ostin (Jane Austen; 1775-1817) anadan olub.
   16 dekabr 1863 - İspan əsilli Amerika yazıçısı və filosofu Corc Santayana (George Santayana, ispanca Jorge Agustin Nicolas Ruiz de Santayana; 1863 - 1952) anadan olub.
   16 dekabr 1866 - Rus rəssamı, təsviri sənətdə abstraksionizmin banilərindən biri Vasili Kandinski (1866 - 1944) anadan olub.
   16 dekabr 1917 - İngilis yazıçısı, futuroloq, ixtiraçı Artur Klark (Sir Arthur Charles Clarke, 1917 - 19.3.2008) anadan olub. 
   
   17 dekabr 1830 - Fransız yazıçısı Jül de Qonkur (Jules de Goncourt, 1830 - 20.6.1870) anadan olub. Yazıçı Edmon de Qonkurun (1822-1896) kiçik qardaşıdır. Fransanın ən nüfuzlu ədəbi təltifi olan Qonkur mükafatı (Prix Goncourt) onların şərəfinə təsis edilib.
   17 dekabr 1893 - Alman teatr rejissoru və nəzəriyyəçisi Ervin Piskator (Erwin Piscator, 1893 - 1966) anadan olub.
   17 dekabr 1928 - Rus aktyoru, SSRİ Xalq artisti Leonid Bronevoy (1928-2017) anadan olub. “Baharın on yeddi anı”, “Həmin o Münhauzen” və s. filmlərdə yaddaqalan obrazlar yaradıb.
   
   Hazırladı: Vüqar Orxan