Misir Ərəb Respublikasının Azərbaycandakı səfirliyinin Mədəniyyət və təhsil əlaqələri mərkəzi və Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun birgə təşkilatçılığı ilə Beynəlxalq ərəb dili günü münasibətilə tədbir keçirilib.
Mərkəzin rəhbəri Əhməd Sami əl-Aydi mədəniyyətlərarası dialoqun möhkəmlənməsinə və dünyanın müxtəlif dillərinin inkişafına ərəb dilinin yardım etdiyini bildirib. O, 2010-cu ildən etibarən 18 dekabrın Beynəlxalq ərəb dili günü kimi qeyd edildiyini, ərəb dilinin 1973-cü ildə BMT-nin rəsmi dillərindən biri elan edildiyini diqqətə çatdırıb.
Tədbirdə iştirak edən akademik Vasim Məmmədəliyev, BDU-nun Şərqşünaslıq fakültəsinin ərəb dili müəlliməsi Könül Eyvazlı ərəb dilinin İslam aləmindəki əhəmiyyəti, dilin zənginliyi barədə geniş məlumat veriblər.
Misirli professor Əbdül Rəhim Əl-Kurdi çıxışında bildirib ki, Avropa və Asiyanın nüfuzlu universitetlərində bir neçə əsr əvvəl açılmış ərəb dili şöbələri və institutlarından əlavə, son illərdə Çin, Amerika, Kanada, Avstraliya və Latın Amerikası universitetlərinin bir çoxunda ərəb dili şöbələri yaradılıb, bir sıra ölkələrdə orta məktəblərdə ərəb dili ikinci dil olaraq tədris edilir.
Tədbirdə məşhur Misir xəttatı Mustafa Məhəmməd Amrinin sərgisi nümayiş etdirilib.