Ölkəmizin təşkilata üzvlüyünün 25 illiyi ilə bağlı tədbir
Dekabrın 19-da Azərbaycanın UNESCO-ya üzvlüyünün 25 illiyi münasibətilə "Muğam klub"da tədbir keçirilib. Tədbirdə dövlət və hökumət rəsmiləri, Milli Məclisin deputatları, respublikanın tanınmış elm, mədəniyyət və incəsənət xadimləri iştirak ediblər.
Əvvəlcə qonaqlar Azərbaycanın UNESCO siyahılarında yer alan maddi və qeyri-maddi mədəni irs nümunələrinə həsr edilmiş sərgi ilə tanış olublar.
Tədbirdə UNESCO üzrə Azərbaycan Respublikası Milli Komissiyasının üzvü, "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin rəisi Əsgər Ələkbərov çıxış edərək 25 il ərzində Azərbaycan ilə UNESCO arasında çox uğurlu əməkdaşlıq əlaqələrinin qurulduğunu diqqətə çatdırıb. Bildirilib ki, 1945-ci ildə yaradılmış UNESCO dünyada elm, təhsil, mədəniyyət, kommunikasiya sahələrində beynəlxalq əməkdaşlığa məsul olan təşkilatdır. Hazırda qurumun 195 üzvü və 11 assosiativ üzvü var.
Azərbaycan təşkilata 1992-ci il iyunun 3-də üzv olub. Ümummilli lider Heydər Əliyevin 1994-cü il fevralın 21-də imzaladığı müvafiq sərəncama əsasən UNESCO üzrə Azərbaycan Respublikasının Milli Komissiyası yaradılıb. Azərbaycan 25 il ərzində təşkilatla elm, təhsil, mədəniyyət, kommunikasiya, gender məsələləri, idman, gənclər və bir çox digər sahələr üzrə əməkdaşlıq edir. Ölkə rəhbərliyinin həyata keçirdiyi uğurlu siyasət nəticəsində əlaqələrimiz daha da genişlənib, Azərbaycan UNESCO-nun donor ölkəsinə çevrilib.
Əsgər Ələkbərov ölkəmizin qurumla səmərəli əməkdaşlığından, mədəni irsimizin qorunması baxımından dövlət tərəfindən atılan addımlardan, habelə UNESCO ilə əməkdaşlıq çərçivəsində ölkəmizdə reallaşan beynəlxalq tədbirlərin əhəmiyyətindən danışıb. Qeyd edilib ki, mədəni irsimizin qorunması Azərbaycan dövləti üçün prioritet istiqamətdir. "Azərbaycan muğamı", "Aşıq sənəti", "Novruz bayramı", "Ənənəvi Azərbaycan xalçaçılıq sənəti", "Tar və onun ifaçılıq sənəti", "Azərbaycanda çövkən ənənəvi Qarabağ atüstü oyunu", "Ənənəvi kəlağayı sənəti və simvolizmi, qadın ipək baş örtüklərinin hazırlanması və istifadə olunması", "Lahıcın misgərlik sənəti", "Nazik çörəyin hazırlanma və paylaşılma mədəniyyəti: lavaş, katrıma, jupka, yufka", "Mədəni kimliyin göstəricisi dolmanın bişirilməsi və paylaşılması ənənəsi", "Simli musiqi aləti kamança, onun hazırlanması və ifaçılığı sənəti" UNESCO-nun Qeyri-maddi mədəni irs siyahısına daxil edilib. Eyni zamanda, Qız qalası, İçərişəhər, Şirvanşahlar sarayı və Qobustan Dövlət Tarix- Bədii Qoruğu da UNESCO-nun Dünya irsi siyahısına salınıb.
UNESCO qərargahında Azərbaycanın bir çox tanınmış şəxsiyyətlərinin yubileyləri qeyd edilib. Azərbaycan həm də UNESCO ilə mədəniyyətlərarası dialoq kimi mühüm bir sahədə yaxından əməkdaşlıq edir.
UNESCO üzrə Azərbaycan Respublikasının Milli Komissiyasının sədri, xarici işlər naziri Elmar Məmmədyarov, Milli Komissiyanın sədr müavinləri, mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti Akif Əlizadə, nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə və təhsil nazirinin səlahiyyətlərini icra edən Ceyhun Bayramov tədbirdə çıxış ediblər.
Tədbir UNESCO-nun yubileylər proqramına daxil edilmiş Azərbaycanın görkəmli mütəfəkkiri İmadəddin Nəsiminin vəfatının 600-cü ildönümü ilə əlaqədar şairin qəzəllərinə bəstələnmiş əsərlərdən ibarət konsert proqramı ilə davam edib.