Regional idarələrin rəhbərlərinə tapşırıqlar verilib
Dekabrın 15-də Sabirabad şəhərindəki Heydər Əliyev Mərkəzində mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin iştirakı ilə regional mədəniyyət və turizm idarələrinin fəaliyyətinə həsr olunmuş müşavirə keçirildi. Müşavirədə nazirliyin struktur bölmələrinin rəhbərləri və regional mədəniyyət və turizm idarələrinin rəisləri iştirak edirdi.
Tədbirdə 2017-ci ilin yanvarından fəaliyyətə başlayan regional idarələrin əldə etdiyi nəticələr təhlil olundu və qarşıda duran vəzifələr müzakirə edildi.
Müşavirədə Mədəniyyət və Turizm Nazirliyi Regionlarla iş sektorunun müdiri Pərviz İsgəndərli regional idarələrin fəaliyyətinə həsr olunmuş hesabat məruzəsi ilə çıxış etdi. Sektor müdiri yerlərdə mədəniyyət müəssisələrinin fəaliyyətinin optimallaşdırılması, müasir tələblərə uyğun gəlməyən müəssisələrin gələcək fəaliyyəti barədə həyata keçirilən tədbirlərdən bəhs etdi.
Nazir Əbülfəs Qarayev müşavirədə çıxış edərək mədəniyyət və turizm sahəsində həyata keçirilən islahatlar haqqında ətraflı danışdı. Bildirdi ki, ölkəmizdə müxtəlif beynəlxalq tədbirlər keçirilir, respublikamıza gələn turistlərin sayı getdikcə artır: “Regional mədəniyyət və turizm idarələri bu tədbirlərə öz töhfələrini verməli, ölkəmizin mədəni, tarixi dəyərlərinin, turizm imkanlarının xarici qonaqlara tanıdılması və təbliği işində yaxından iştirak etməlidir”.
Həmçinin regionlarda mədəniyyət və turizm xidmətlərinin müasir tələblər səviyyəsində qurulmasının əhəmiyyəti qeyd edildi. Vurğulandı ki, regionlarda mədəni xidmətlərin səviyyəsinin artırılması, konsertlərin təşkili, kino nümayişinin genişləndirilməsi vacibdir. Buna görə regionlarda çalışan işçilər üçün müvafiq təlimlər, ixtisasartırma kursları təşkil olunacaq, əməkdaşların müasir informasiya texnologiyalarından istifadəsi üzrə bilikləri genişləndiriləcək. Bu istiqamətdə ortaya çıxan çətinliklərin həll edilməsi, müvafiq sənədləşmə işlərinin düzgün həyata keçirilməsi, müraciətlərə baxılması və vaxtında öz həllini tapması diqqətdə saxlanılmalıdır.
Nazir regional idarələrin 2017-ci il üzrə hesabatları və 2018-ci il üçün iş planlarının da diqqətdə saxlanılmasının vacib olduğunu bildirdi: “Regional idarələr cari il ərzində görülən işlər, keçirilən tədbirlər, mövcud problem və təklifləri əks etdirən təhlil xarakterli hesabatlar hazırlayıb nazirliyə təqdim etməlidirlər. Bu hesabatlarda region üzrə dəqiq statistik göstəricilər öz əksini tapmalıdır. Həmçinin 2018-ci il üçün iş planlarını tərtib edərkən özlərinin maliyyə imkanlarını nəzərə almalı, həmin planlarda yalnız icrası mümkün olan tədbirlər əks olunmalıdır. İdarələrin iş planları nazirliyin müvafiq planı ilə uyğunluq təşkil etməlidir”.
Qeyd edildi ki, yerli və xarici turistlərin marağına səbəb ola biləcək irimiqiyaslı festival və bayram tədbirlərinin tarixi gələn ilin əvvəlindən müəyyənləşməli və təqvimdə əks olunmalıdır. Regionlarda keçiriləcək tədbirlərə turistlərin cəlb olunması məqsədilə kütləvi informasiya vasitələrində geniş məlumatlar verilməlidir.
Regionlarda turizm sənayesinin inkişafı istiqamətində atılan addımların davam etdiriləcəyini deyən Əbülfəs Qarayev qış turizm mövsümünə hazırlıq, Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni illə bağlı tədbirlərin təşkili üzrə görüləcək işləri diqqətə çatdırdı.
Nazir idarə rəhbərlərindən işlərinə daha ciddi yanaşmağı tələb edərək onların səmərəli fəaliyyət göstərməsi üçün tapşırıqlar verdi.
F.Hüseynov