Dekabrın 15-də Sabirabad şəhərində nazir Əbülfəs Qarayevin iştirakı ilə regional mədəniyyət və turizm idarələrinin internet saytlarının təqdimatı keçirilib. Tədbirdə çıxış edən Əbülfəs Qarayev Prezident İlham Əliyevin 29 mart 2016-cı il tarixli sərəncamına əsasən nazirliyin 15 regional idarəsinin yaradılmasının bu sahədə idarəçiliyin təkmilləşdirilməsinə xidmət etdiyini deyib. Bildirib ki, müasir dövrdə informasiya texnologiyalarının imkanlarından daha səmərəli istifadə edərək ölkəmizin mədəniyyət və turizmini daha geniş şəkildə təbliğ etməliyik. Bu xüsusda internet portallarının önəmi böyükdür. Eyni zamanda mədəniyyət və turizm sahəsində çalışan insanların bilik və bacarıqlarının artırılması istiqamətində işlər görülməlidir.
Tədbirdə Masallı, Lənkəran, Kürdəmir, Sabirabad, Ağdaş, Şəki, Xaçmaz, Sumqayıt və Ağstafa regional mədəniyyət və turizm idarələrinin saytları təqdim olunub.
Nazirliyin Texniki təchizat və proqram təminatı şöbəsinin müdir müavini Qabil Abbasov regional idarələrin saytları haqqında məlumat verib. Qeyd edib ki, saytlarda idarələrin əhatə etdiyi rayonların mədəniyyət və turizmi haqqında dolğun məlumatlar əksini tapıb. Saytlarda sözügedən regionlarda yerləşən tarixi abidələr, muzeylər, turizm marşrutları ilə bağlı informasiyalara geniş yer verilib.
Xatırladaq ki, bundan əvvəl nazirliyin daha yeddi regional idarəsinin saytı təqdim olunmuşdu. Beləliklə, 15 regional iradənin hamısının internet resursları istifadəyə verilib.
Nazir bu istiqamətdə görülən işlərin daha da sürətləndirilməsi üçün tapşırıq və tövsiyələrini diqqətə çatdırıb.