Dekabrın 20-də Beynəlxalq Muğam Mərkəzində “Top həm düşər, həm qalxar” sənədli filminin təqdimatı keçirildi.
Tədbirdə çıxış edən Mədəniyyət və Turizm Nazirliyinin Kinematoqrafiya şöbəsinin Filmlərin təbliği və qeydə alınması sektorunun böyük məsləhətçisi Almaz Sultanzadə bildirdi ki, Azərbaycanda futbolun yaranmasının 100 illiyinə həsr olunmuş yeni film artıq iki beynəlxalq festivalda uğur qazanıb. Bu il “Salnamə” studiyasında çəkilən film sentyabr ayında Rusiyanın Lipetsk şəhərində keçirilən “Atlant” VIII Beynəlxalq İdman Filmləri Festivalında “Olimpiya İdeallarına Sədaqət” nominasiyasında birinci mükafata layiq görülüb. Noyabrda isə İtaliyanın Milan şəhərində keçirilən Beynəlxalq İdman Filmləri Festivalında qalib elan olunub”.
Filmin ssenari müəllifi Arzu Urşan göstərilən dəstəyə görə Mədəniyyət və Turizm Nazirliyinə minnətdarlığını ifadə etdi. O, filmin çəkilişi ilə bağlı iştirakçılara məlumat verdi, ekran əsərinin hazırlanmasında əməyi keçən insanları səhnəyə dəvət edərək iştirakçılara təqdim etdi. Sonra film nümayiş olundu.
Qeyd edək ki, filmin ssenari müəllifləri Arzu Urşan və Aleksandr Balaşov, operatorları Yuri Yermolin və Nadir Mehdiyevdir. Montaj işi Sergey Kolmıkov tərəfindən aparılan filmin rəssamı Fikrət Ələkbərov, fotoqrafı Elşən Əliyevdir.
Ceyhun