Gəncə Dövlət Dram Teatrında H.Cavidin «İblis» faciəsi əsasında «İblis nədir?» adlı tamaşa hazırlanıb.
Tamaşaya teatrın baş rejissoru İradə Gözəlova quruluş verib. Onunla birlikdə rəssam Elnur Axundov, rejissor assistenti Nişanə Qurbanova və səs rejissoru Elşən Cəfərov «İblis nədir» sualına cavab tapmaq üçün çalışıblar. Tamaşada aktyorlardan Ruslan Hüseynov, Samir Abbasov, Sevinc Hüseynova, Şəbnur Allahverdiyeva, Rəşad Hüseynov, Emil Salmanov və Rauf Hüseynov məşğuldurlar.
Quruluşçu rejissordan «İblis nədir?» tamaşasının dramaturji materialdan nə ilə fərqləndiyini soruşduq. İradə xanım sualımıza belə cavab verdi:
- Bizim tamaşada İblis obrazı yoxdur. Biz klassik «İblis» tamaşası qurmaq istəmədik. Əsərin əsasında modern tamaşa hazırladıq. Çünki iblis axtarışı əbədi bir axtarışdır. Elə tamaşanın baş qəhrəmanı hospitalda sanitar çalışan, danışmaqdan daha çox susmağa üstünlük verən, tərki-dünya xarakterli Arif də iblisi axtarır. O, müxtəlif situasiyalara düşdükcə görür ki, hər bir insanın daxilində iblis var. Hadisələr inkişaf etdikcə, tamaşanın sonunda Arif özü artıq iblisə çevrilir və qəfildən güzgüyə baxanda öz əksi əvəzinə iblisi görür. Məncə, tamaşa maraqlı alınıb. Biz qəsdən bu tamaşada bütün rolları teatrın gənc aktyorlarına vermişik. Çünki Cavid dramaturgiyasına müraciət həm də onların aktyor kimi açılmasına, inkişafına təkandır. «İblis nədir?»in daxili baxışı keçirilib. Yəqin ki, premyeranın vaxtını rəhbərlik müəyyən edəcək.
- Tamaşanı Bakıya gətirmək fikriniz varmı?
- Əlbəttə, var. Bu mövsümdə A.P.Çexovun «Vanya dayı» əsərini də tamaşaya qoymuşuq. «Vanya dayı»nı təhvil verən kimi «İblis nədir?» üzərində məşqlərə başladıq. Çox istərdik ki, hər iki tamaşanı paytaxta gətirək. Bakı tamaşaçılarının, teatr tənqidçilərinin fikirləri bizim üçün maraqlı olardı.
Gülcahan