Azərbaycan və gürcü rəssamlarının kukla sərgisi
   
   Dekabrın 15-də Muzey Mərkəzinin İncəsənət qalereyasında azərbaycanlı və gürcü rəssamların “Mələyin qanadı altında” adlı kukla sərgisinin açılışı oldu. Sərgi Azərbaycan və Gürcüstan arasında diplomatik əlaqələrin qurulmasının 25-ci ildönümünə həsr edilib.    
   Mərasimdə çıxış edən mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev bildirdi ki, iki ölkənin dərin köklərə malik tarixi əlaqələrində mədəniyyət əsas rol oynayır. Rəssamlar isə öz əsərləri ilə hər birimizi qəlblərin möcüzələrə daha açıq olduğu dünyaya göndərə bilən canlı sehrbazlardır. Kuklalar tarix boyunca insanların həyatında müəyyən mövqe tutub, uşaq yaşlarından onları müşayiət edib: “Mələyin qanadı altında” adlı kukla sərgisi hər birimizə uşaq yaşlarımızdan gözlədiyimiz Yeni il sevincini görmək imkanı yaradacaq. Bu sərgidə Gürcüstandan gətirilmiş 300 kukla və Azərbaycan rəssamlarına aid 100 kukla nümayiş etdirilir. 2013-cü ildən Bakıda fəaliyyətə başlayan “Kukla Art” qalereyası bu günə kimi bir sıra kukla sənəti sərgilərinin keçirilməsinin təşəbbüskarı olub və bu sərgilər böyük maraqla qarşılanıb”.
   Nazir müavini kukla sənətinin qədim bir kökə malik olduğunu dedi: “Hazırkı kölgə və kukla teatrları, müxtəlif teatr oyunları kukla dünyasının keçmiş tarixinin bir hissəsidir. Sərgidə nümayiş olunan süjetli kukla sənəti nümunələri, portret kuklalarla tanış olacaqsınız. Bu sənət nümunələrinin hər biri müxtəlif xarakter deməkdir. Bir sözlə, biz bu gün son dərəcə gözəl bir sərgi ilə tanış oluruq. Yeni il ərəfəsində belə bir sərginin açılması xoş hadisədir və təşkilatçılara təşəkkür edirik”. 
   “Kukla Art” qalereyasının rəhbəri Lalə Kazımova sərginin təşkilində əməyi olan hər kəsə təşəkkürünü bildirdi. Qeyd etdi ki, sərginin ekspozisiyası kifayət qədər rəngarəngdir: “Burada qalereyanın kolleksiyasında olan bədii kuklaları, o cümlədən unikal “Çərxi-fələk” mexaniki kuklasını xüsusi qeyd etmək lazımdır. Bu əsərin müəllifi 2015-ci ilin aprel ayında Bakıda fərdi sərgisi keçirilmiş gürcü rəssam, heykəltəraş və memar Tamara Kvesitadzedir. Azərbaycandan Pərviz Hüseynov və İrina Qundorina, Tamilla Qurbanova, Sənubər Səmədova, Nailə Sultan, Fərəh Əliyeva, Olqa Abbasova, Zinaida Həsənova, Anara Salmanova, Nübar Şahbazovanın əsərləri də sərgidə nümayiş olunur. Ekspozisiyaya Dilarə Atakişiyevanın rəhbərlik etdiyi “D’Art” studiyasının gənc iştirakçılarının kuklaları da daxil edilib. 
   Vurğulandı ki, “Mələyin qanadı altında” sərgisi çərçivəsində Tərlan Qorçunun başçılıq etdiyi Bakı Marionet Teatrının “Leyli və Məcnun” tamaşası üçün yaradılmış, gürcü rəssam Baçan Xalvaşının müəllifi olduğu kuklalar da təqdim olunur: “Hər birimizin qəlbində bir uşaqlıq hissi yaşayır və Yeni il ərəfəsində yaşından asılı olmayaraq, hər bir insan möcüzənin baş verəcəyinə inanır. Bu sərgi möcüzəli nağıl dünyasının rəssamlar tərəfindən yaradılmış bir parçasıdır ki, biz Yeni il ərəfəsində insanlara bu nağıl dünyası ilə tanış olmaq imkanı yaratmaqdan məmnunuq”.
   Lalə Kazımova sərginin təşkilində yaxından köməklik göstərən Muzey Mərkəzinin direktoru Liana Vəzirovaya və bütün iştirakçılara təşəkkürünü bildirdi. 
   Gürcüstan Beynəlxalq Kukla Sənəti Mərkəzinin direktoru Nana Okruaşvili Bakıda olmaqdan məmnunluğunu ifadə etdi. Bildirdi ki, sərgidə 32 istedadlı gürcü rəssamın əsərləri təqdim olunur. Sərgidə həmçinin etnoqrafik kukla nümunələri də sərgilənir.
   Çıxışlardan sonra “Günay” Uşaq teatrı aktyorlarının Yeni il ab-havalı musiqili çıxışı maraqla qarşılandı. Larisa Tarusovanın rəhbərliyi altında fəaliyyət göstərən teatrın kollektivinin kukla personajlarından ibarət səhnəciyi karnaval əhvalı yaratdı. 
   Daha sonra sərgiyə baxış oldu. Təqdim edilən əsərlər kukla sənətinin müxtəlif janrlarını əhatə edir. Bədii kuklalar, kiçik heykəllər, marionetlər və fərqli texnikalarda hazırlanmış hədiyyə kuklalar dünyanın müxtəlifliyini və obrazlılığını göstərəcək ki, həmin dünyanın da qapıları “kiçik mələklər” üçün dekabrın 30-dək açıq olacaq. 
   
   L.Azəri