Dekabrın 15-də AMEA-nın Mərkəzi Elmi Kitabxanasında “Türk dünyasının qüdrətli qılınc və qələmi” mövzusunda konfrans keçirilib. “Turan Cavid Qadın Mərkəzi” İctimai Birliyi və kitabxananın birgə təşkilatçılığı ilə gerçəkləşən tədbir görkəmli şair-dramaturq Hüseyn Cavid və Türkiyənin hərbi xadimi Kazım Qarabəkir paşanın 135 illiyinə həsr edilib.
Mərkəzi Elmi Kitabxananın direktoru Leyla İmanova çıxış edərək Hüseyn Cavid və onun dostu, Atatürkün yaxın silahdaşlarından biri, Naxçıvanın erməni işğalçılarından qorunmasında mühüm rol oynamış Türkiyə ordusunun Şərq cəbhəsinin komandanı, general Kazım Qarabəkirin anıldığı tədbirin əhəmiyyətindən danışıb.
“Turan Cavid Qadın Mərkəzi” İctimai Birliyinin sədri Sevda Cəfərova hər iki şəxsiyyətin milli xidmətlərindən, türk dünyasındakı rolundan bəhs edib.
Mədəniyyət və turizm nazirinin müavini Sevda Məmmədəliyeva dahi ədib Hüseyn Cavid və Kazım Qarabəkir paşanın tariximizdəki əhəmiyyətli xidmətlərinə toxunaraq tədbiri “Bir millət, iki dövlət” anlayışına növbəti töhfə kimi dəyərləndirib.
Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral, “Kazım Qarabəkir Vəqfi”nin rəhbəri, generalın qızı Timsal Qarabəkir çıxış edərək qələm və silah vasitəsilə mübarizə aparan bu iki tarixi simanın xatirəsinin daim ehtiramla yad olunduğunu bildiriblər.
AMEA-nın müxbir üzvü Əyyub Quliyev, Əməkdar incəsənət xadimi, professor Zümrüd Dadaşzadə, professorlar Asif Rüstəmli, Tahirə Məmməd, Cəlal Qasımov və digər çıxışçılar Hüseyn Cavidin türkçülük məfkurəsinin dirçəlişi naminə qələmi ilə mübarizə aparmasından söz açıblar. Yaşıd və dost olan ədibin və hərbi xadimin talelərinin kəsişən məqamlarına toxunulub.
Tanınmış xalçaçı rəssam Afaq Kərimova “Təsviri sənətdə Hüseyn Cavid” mövzusunda çıxış edərək görkəmli ədibin həyat və yaradıcılığına müraciət edən sənətkarlardan söz açıb.
Konfransda Bakı Musiqi Akademiyasının professoru, Əməkdar incəsənət xadimi Ülviyyə Hacıbəyovanın Ərtoğrul Cavidin piano üçün variasiyaları, vokal ifaçısı Aynur İsgəndərli və Mədəniyyət və İncəsənət Universitetinin müəllimi, fortepiano ifaçısı Sevda Axundova Üzeyir Hacıbəylinin “Çırpınırdın, Qara dəniz" və Ərtoğrul Cavidin Nigar Rəfibəylinin sözlərinə yazdığı “Eşq olsun" bəstələrini və s. səsləndiriblər. Əməkdar artist Eyyub Yaqubov Fikrət Əmirovun Cavidin sözlərinə bəstələdiyi “Kor ərəbin mahnısı”nı ifa edib.
Daha sonra Hüseyn Cavidin ailəsi adından çıxış edən AMEA-nın müxbir üzvü Məsumə Məmmədova təşkilatçılara və iştirakçılara minnətdarlığını bildirib.
Lalə