Bilik Fondunun “Mədəni maarifləndirmə” proqramı çərçivəsində mühazirə və tamaşa
Prezident yanında Bilik Fondunun “Mədəni maarifləndirmə” proqramı çərçivəsində Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin dosenti, Əməkdar artist Məmməd Səfanın “Azərbaycan klassik ədəbiyyatının səhnə həlli” mövzusunda mühazirəsi keçirilib.
Bakı Dövlət İqtisadiyyat və Humanitar Kollecində gerçəkləşən tədbiri Bilik Fondunun İnformasiya təminatı sektorunun aparıcı məsləhətçisi Ramilə Qurbanlı açaraq, “Mədəni maarifləndirmə” proqramı çərçivəsində həyata keçirilən layihələrdən, fondun dəstəyi ilə Azərbaycan Dövlət Pedaqoji Universitetinin nəzdindəki Dövlət Pedaqoji Kollecində “Mizan” Tələbə dram dərnəyinin yaradılmasından bəhs edib.
Dərnəyin rəhbəri Məmməd Səfanın mühazirəsində Azərbaycan teatr sənətinin özünəməxsusluğu, klassik əsərlərin xalqın mədəni düşüncəsinin formalaşmasına müsbət təsirləri haqqında fikirləri böyük marağa səbəb olub.
Mühazirədən sonra Dövlət Pedaqoji Kollecində fəaliyyət göstərən dram dərnəyinin Əbdürrəhim bəy Haqverdiyevin “Yeyəsən qaz ətini, görəsən ləzzətini” əsəri əsasında hazırladığı tamaşa nümayiş olunub.
Tamaşadan sonra yaradıcı heyətlə tələbələr arasında fikir mübadiləsi aparılıb. Dövlət İqtisadiyyat və Humanitar Kollecinin kollektivi tədbirdən məmnun qaldığını bildirib.