Mirbəhram Əzimbəyli

   Mirbəhram Seyid Camal oğlu Əzimbəyli 18 fevral 1994-cü ildə Bakıda anadan olub. Bakı Atatürk Liseyinin 9-cu sinif şagirdidir. 7-8 yaşından mətbuatda yazıları dərc olunur. "Bir cocuğun dünyasından səslər" kitabının müəllifidir. Gənc Ədiblər Məktəbinin üzvüdür.
  
  
   Oğurluq sözlər
  
   Oğrunun cibinə girdim bu gün
   Ümidlər gördüm, tək tərəfli eşqlər, barmaqdan düzəlmiş qadınlar,
   Dırnaqdan qayrılmış kişilər, qanadı yaralı göyərçinlər gördüm
   Bunları niyə oğurlamısan, ay oğru, deyə bilmədim
   Mən də oğurluq edirdim, dinə bilmədim
   Barmaqdan qadınları dilənən əllərə taxdım,
   dırnaqdan kişiləri torpağa atdım.
   Yaralı göyərçinləri qoydum bir məscidin önünə
   Ümidlərlə otağımdakı ağlayan qadın şəklinin sildim gözlərini
   Qəbrin üzünə tikilmiş cibdən savab oğurladım.
   Şəhərin işıqlarını evlərdən oğurladım, qaranlıq gözlərə ümid doğradım
   Kəsdim əlimi işıqla, işıq barmaqlarımın ucundakı ruhdan qələm oğurladı
   Küçələrdə adamlar düşmüşdü yerə, yerdən adam oğurladım
   Üfürdüm yedim adamları.
   Mələyin cibindən şeytan oğurladım.
   Küçədən keçən gözəl üzlü, dəniz gözlü,
   Ulduzlarla hörülmüş saçlı bir qızın ürəyindən yaralı oğlan oğurladım.
   Üşüdüm gecələr kağız üstündə, oğurladım qardaşımın yorğanın
   Qardaşımın yorğanına hopmuş yuxudan vitrindəki bahalı bir oyuncağı oğurladım
   Doyunca yatmadım səhər açıldı, ruhumun pəncərəsin açdım hava dolsun içinə
   Günəşin üstündə sevgilisinin şəklinin çəkən oğlanın gözündə qəhər açıldı
   Doyunca yatmadım səhər açıldı,
   gündüz vaxtı ömrümə səhər oğurladım.
   Oğurladım, oğurladım, oğurladım bütün oğru adamlar kimi
   Ovcuma sığan, könlümə sığan, cibimə sığan şeyləri oğurladım.
   Sonra çimdim tövbə etdim, çıxdım küçəyə
   Lənət oxudum oğurluğa, yönəldim doğruluğa
   Evdə məni atam oğurladı, çöldə oğru bir adam oğurladı
   Yazdım sevgimi vərəqlərə, vərəqlər sevgimi yaman oğurladı.
  

   Məni bağışla
  

   Mən elə bilirdim dəniz olaram
   Bir payız gecəsi yağışlı bir havada
   Səni özümdə boğaram
   Mən dəniz olmadım, məni bağışla,
   Mən səni boğmadım, məni bağışla.
  
   Mən elə bilirdim ölüm olaram,
   Maskalı adamların, dumanlı fikirlərin,
   Kinli ürəklərin, əyri əllərin arasından
   Ölüm olub səni doğaram.
   Mən ölüm olmadım, məni bağışla,
   Mən səni doğmadım, məni bağışla.
  
   Mən elə bilirdim
   Anamın bətnində iki qəbir qazmışam
   Birinə özümü, o birinə
   Bu şəhəri basdırmışam
   Mən o qəbirdən sürüşdüm, düşdüm
   Bu şəhəri anam doğdu,
   Mən bu şəhərlə əkizmişəm
   Adımızı atam qoydu
   Ayrılığı mən qoydum, məni bağışla.
  
   Mən elə bilirdim gəlinliyimsən
   Sən mənim kəfənim oldun, məni bağışla,
   Mahnı çalır radiomuzda bu qaranlıq otaqda
   Göz yaşlarım rəqs edir göz yaşlarınla
   Göz yaşlarım göz yaşlarını sildi
   Göz yaşlarımı bağışla ürəyimə xatir.
  
   Mən elə bilirdim
   Elə bilməyəcəm bir daha
   Mən elə bildim, məni bağışla,
   Sən Allah, məni bağışla, sən Allah,
    Məni bağışla.