Teatr hər zaman öz ətrafındakı istedadlı qüvvələrin işıq şöləsində sənət fədailərini bəxş edib. Onlar gecələrini gündüzlərinə qataraq ən çətin anlarında belə bu məbədi tərk etməyib, ömür yollarını bu məkanda tapıblar. Gəncə Dövlət Dram Teatrının xoşbəxt taleli yetirmələri sırasında respublikanın Əməkdar artisti Ella Yaqubovanın öz yolu, dəst-xətti var. Aktrisa sənətin ilk məziyyətlərini Gəncə teatrının müqtədir sənətkarlarından öyrənərək 53 illik səhnə ömründə yaşada bilib. Bu 53 illik sənət tarixçəsi həyatının mənasına çevrilib.
Ella İsmayıl qızı Yaqubova 1946-cı il dekabrın 30-da Gəncə şəhərində hərbiçi ailəsində anadan olub. İbtidai təhsilini burada alıb. Sonra ailələri Bakıya köçüb və orta təhsilini 44 saylı orta məktəbdə davam etdirib. Məktəbdə oxuyarkən dram dərnəyinin, rəqs ansamblının üzvü olub. Həmçinin Azərbaycan Televiziyasında uşaq və gənclər üçün “Pioner şeypuru”, “Tonqal” verilişlərində çıxış edib. Ailə üzvləri onun teatra, incəsənətə olan marağını bilirdilər. Ancaq atası aktrisa olaraq səhnədə fəaliyyət göstərməsinin əleyhinə idi. Buna görə də ailənin təkidi ilə Ella orta məktəbi bitirdikdən sonra Azərbaycan Pedaqoji İnstitutuna qəbul olunub. Ancaq ailə üzvlərindən gizlin 1963-cü ildə Bakı Mədəni-Maarif Texnikumuna daxil olub və 1966-cı ildə texnikumu bitirib.
Bu illər ərzində Ella Yaqubova xalq teatrlarında Məmmədkamal Kazımov, Lütfü Məmmədbəyov, Hüseynağa Sadıqov, Süleyman Ələsgərov, Fazil Bayramov kimi sənətkarlardan sənətin sirlərini öyrənib. Tələbəlik illərinin təcrübəsi onu Gənc Tamaşaçılar Teatrına gətirib. Professional səhnədə aktrisa kimi özünü “Anacan” və “Qikor” tamaşalarında yardımçı heyətdə sınayıb. Sonra xalq teatrlarına baxış festivalında Gəncə Dövlət Dram Teatrının rejissoru, Əməkdar incəsənət xadimi Həsən Ağayev onun səhnə istedadını görüb və teatra təyinatının verilməsinə köməklik göstərib. Beləliklə, 1966-cı il aprelin 10-dan Ella Yaqubova Gəncə Dövlət Dram Teatrına gəlib.
Aktrisa o illəri xatırlayarkən deyir: “Hər zaman bu sənəti, bu məbədi əsas həyat kredosu kimi qəbul etmişəm. Xüsusilə Gəncə Dövlət Dram Teatrına işləməyə gələndə gördüm ki, doğrudan da, teatr düşündüyüm kimi adi sənət deyil. Çətin, ağır zəhmət tələb edən sənət məbədidir. Biz səhnədə canımızı, bütün varlığımızı qoyuruq və onunla yaşayırıq. Xoşbəxtəm ki, bu gün bu sənətə görə məni sevən çoxsaylı tamaşaçım var. Bütün qazandığım uğurlarıma görə müəllimlərimə və sənət dostlarıma, eləcə də tamaşaçılarıma minnətdaram”.
Maraqlı bir faktı qeyd edim ki, aktrisa Gəncə teatrına ilk gəlişi günü rejissor, Xalq artisti Məhəmməd Bürcəliyevin quruluşunda Cəlil Məmmədquluzadənin “Ölülər” pyesinin tamaşasında Nazlı obrazını teatrın baş rejissoru Nəsir Sadıqzadənin təklifi ilə ekspromt olaraq oynayıb. İlk səhnə debütü uğurlu olub və aktrisa bu teatrın səhnəsində Ələddin Abbasov, Məhəmməd Bürcəliyev, Sədayə Mustafayeva, Rəmziyyə Veysəlova, Solmaz Orlinskaya, Firuzə Bədirbəyli, Səməd Tağızadə, Kərim Sultanov, Ağa Məmmədov, Zülfüqar Baratzadə, Reyhan Tağıyeva kimi sənət ustaları ilə çiyin-çiyinə çalışıb və onların sənət məktəbindən bəhrələnib. Aktrisa Gəncə teatrının səhnəsində müxtəlif əsərlərdə iştirak etməklə, maraqlı obrazlar qalereyası yaradıb. “Komsomol poeması”nda Gülbahar, “Ezop”da Melita, “Son məktub”da Xatirə, “Mənim günahım”da Ayqız aktrisanın uğurlu səhnə taleyi bəxş etdiyi obrazların bir qismidir. O, Gəncə teatrında Həsən Ağayev, Nəsir Sadıqzadə, Yusif Bağırov, Məhəmməd Bürcəliyev, Vaqif Şərifov kimi istedadlı rejissorlarla çalışaraq onların sənət məktəbində yetişib. Bu gün də aktrisa həmin sənətkarları böyük ehtiramla xatırlayır.
1968-ci il. Bu tarix əlamətdar hadisə ilə yaddaşlarda yaşayır. Həmin il Lənkəran, Şəki, Ağdam və Mingəçevirdə dövlət dram teatrlarının yenidən yaradılması ilə bağlı qərar verildi. Mingəçevir Mədəniyyət sarayının nəzdində fəaliyyət göstərən Xalq teatrı truppasının bazasında Mingəçevir Dövlət Dram Teatrı yaradıldı. Bununla yanaşı, teatrı inkişaf etdirmək məqsədilə bir sıra fəaliyyətdə olan dövlət teatrlarından aktyor və aktrisalar işləmək üçün buraya göndərildi. 1968-ci ilin oktyabrında Ella Yaqubova da Gəncə teatrından Mingəçevir teatrına təyinat aldı.
Mingəçevir Dövlət Dram Teatrı 1969-cu il martın 28-də - Beynəlxalq teatr günü münasibətilə öz pərdələrini Cəfər Cabbarlının “Almaz” pyesinin ilk tamaşası ilə açdı. Ella Yaqubova Mingəçevir tamaşaçıları qarşısında debütü olan Almaz obrazını böyük müvəffəqiyyətlə təqdim edə bildi. Əməkdar artist bu teatrda keçən 49 illik səhnə fəaliyyəti dövründə 325 əsərdə bir-birindən maraqlı rollar oynayıb.
“Solğun çiçəklər”də Sara, “Aydın”ında Gültəkin, “Yaşar”da Tanya, “Hacı Qara”da Sona, “Eşq və intiqam”da Həcər xanım, “Bayramın birinci günü”ndə Fəxrundə, “Vətən dərdi”ndə Sara bəyim, “Nənəmin kələyi”ndə Nənə, “İki yetimin taleyi”ndə Ana, “Duel”də Naza, “Qətl günü”ndə Turan, “Müfəttiş”də Mariya Antonovna, “Məhv olmuş gündəliklər”də Anjel, “Lənkəran xanının vəziri”ndə Pəri xanım və başqa surətlər aktrisanın məharətlə yaratdığı obrazlar qalereyasına aiddir. İstər epizodik, istərsə də əsas rollarda təbiiliyi, səmimiliyi, emosionallığı ilə hər zaman fərqlənməyi və tamaşaçını düşündürməyi bacaran bir aktrisa kimi sevilib. Aktrisa bu teatrın səhnəsində İldırım Cabbar, Zülfüqar Abbasov kimi rejissorların sənət məziyyətlərindən bəhrələnib. Bu gün də rejissor yaradıcılığından söhbət düşəndə aktrisa Xalq artisti Zülfüqar Abbasovun rejissor traktovkasından bəhrələndiyini xüsusi qeyd edir: “Yaradıcılıq yolumda rejissor Zülfüqar Abbasovun böyük əməyi olub. Mən ondan obraza yanaşma, rolun daxili aləmini açma, obrazda təklif olunan vəziyyətlərin ideyalarından uzaqlaşmamaq prinsiplərini öyrənə bildim”.
2017-ci ildə mən Ella Yaqubovanın Mingəçevir teatrının səhnəsində iki obrazını böyük maraqla izlədim. Sənətşünaslıq üzrə fəlsəfə doktoru Xəzər Gəncəlinin quruluşunda M.F.Axundzadənin “Sərgüzəşti-vəziri-xani-Lənkəran” pyesinin tamaşasında Pəri xanım və Əməkdar incəsənət xadimi Bəhram Osmanovun quruluşunda gənc yazıçı-dramaturq Pərvinin “Nənələr ərə gedir” pyesinin tamaşasında Məsi arvad obrazlarını qeyd etmək istəyirəm.
“Sərgüzəşti-vəziri-xani-Lənkəran” pyesinin tamaşasında aktrisanın səhnədə olan hər bir mizanı rejissor traktovkası ilə eynilik təşkil etməklə obrazın daha da maraqla qarşılanmasına səbəb olurdu. Həmçinin xüsusi bir ləhcə ilə səhnədə danışıq tərzi Pəri xanım obrazının uğurlu səhnə taleyindən xəbər verirdi. Qorxaq, iş bacarmaz, həm də yaltaq vəzir kimi tanınan Mirzə Həbib kimilərin əməllərinin ifşa edilməsi Ella Yaqubovanın Pəri xanım obrazında maraqla qarşılanırdı.
“Nənələr ərə gedir” pyesinin tamaşasında aktrisanın yaratdığı Məsi arvad 75 yaşında, qulağı ağır eşidən, çox az danışan, amma hərdən keçmiş eşq macəralarını yada salıb qırıq-kəsik nələrsə deyən bir qarı kimi göstərilsə də, aktrisanın səhnədə etdiyi improvizələr obrazın tam şəkildə açılmasına böyük təkan verirdi. Bununla da aktrisa obrazın arzularının reallaşmasını gözləyən bir fərd kimi göstərilməsinə müvəffəq ola bilirdi. Onun səhnə plastikasına heyranlıqla baxmamaq mümkün deyil. Səhnədəki rəqsi bir daha onun obraz üzərində neçə həvəslə işləməsindən xəbər verir.
Ella Yaqubova Mingəçevir Dövlət Dram Teatrında gənc nəslin yetişməsində əvəzsiz xidmətlər göstərir. Hələ iyirmi il bundan əvvəl şəxsi təşəbbüsü ilə aktyor studiyasını yaradıb və istedadlı gənclərin teatra cəlb edilməsini təmin edib. Mədəniyyət və Turizm Nazirliyinin göstərişi ilə 2012-ci ildən dövlət dram teatrlarında “Ümid” teatr studiyası fəaliyyətə başlayıb. Əməkdar artist Ella Yaqubovaya Mingəçevir teatrında bu studiyaya rəhbərlik etmək tapşırılıb. O, region teatrlarında hiss olunan ixtisaslı kadr potensialı probleminin qismən də olsa aradan qaldırılmasında səy və bacarığını əsirgəmir.
Aktrisa Mingəçevir şəhərinin ictimai həyatında da fəal iştirak edir. Onun tədbirlərdə hazırladığı kompozisiyalar böyük maraqla qarşılanır. Aktrisanın yaradıcılığında vətənpərvərlik mövzusu xüsusi yer tutur. Xalqımızın qan yaddaşından bəhs edən “20 Yanvar”, “Vətən, Torpaq, Şəhid”, “Xocalı” və başqa kompozisiyaları bunun bariz nümunəsidir.
Ella Yaqubova həmçinin “Xoca” filmində Ana obrazında çəkilib, övlad yanğılı ananın iztirablarını məharətlə ifa edə bilib.
Aktrisa Hüseyn Cavidin “Ana” pyesindəki Səlma ana obrazına görə Azərbaycan Teatr Xadimləri İttifaqının təsis etdiyi “Qızıl Dərviş” mükafatına layiq görülüb. 1988-ci ildə “Əmək veteranı”, 2013-cü ildə isə “Tərəqqi” medalları ilə təltif olunub. Bundan başqa, 2008-ci ildə Prezident mükafatına, 2009-cu ildə Respublikanın Əməkdar artisti fəxri adına layiq görülüb.
Həyatda elə bir insan tapılmaz ki, çətinliklərlə, müqavimətlə, süni yaradılmış böhranlı vəziyyətlərlə qarşılaşmasın. Ella Yaqubovanın da həyatı, yaşayışı, fəaliyyəti ilə yaxından tanış olanda bu çətinliklərin, bu süni sədlərin ondan da yan ötmədiyinin şahidi oluruq. Lakin o, qarşısına diyirlənən daşları görəndə heç vaxt sarsılmayıb, inadla bunları dəf etməyə özündə qüvvət tapıb, hər zaman özünü bir sənətkar kimi təsdiq edib.
Deyirlər, hər bir kəsin alın yazısı olur. Qismətin, taleyin ona bəxş etdiyi bir alın yazısı. İnsan bu həyatı yaşadıqca, elə bu alın yazısını axıra qədər yaşamaq lazım olduğunu anlayır. Şərəflə, ləyaqətlə. Ella Yaqubova da bu alın yazısında olan həyatını şərəf və ləyaqətlə, qürurla yaşayıb. Amalı və idrakı uğrunda mübarizə yolutək.
Anar Bürcəliyev
teatrşünas