Gürcüstanın paytaxtı Tbilisidə Avropa Birliyinin Şərq Tərəfdaşlığı proqramında iştirak edən ölkələrin media təmsilçilərinin toplantısı keçirilib.
Tədbirdə Azərbaycandan Mətbuat Şurasının (MŞ) sədri, Milli Məclisin deputatı Əflatun Amaşov, MŞ İdarə heyətinin üzvü, Demokratik Jurnalistlər Liqasının sədri Yadigar Məmmədli və «Baku Network»un Ekspertlər Şurasının rəhbəri Elxan Ələsgərli iştirak edib.
Avropa Şurasının və Avropa Birliyinin təşkilatçılığı ilə keçirilən tədbirdə MŞ sədri çıxış edərək rəhbərlik etdiyi qurumun fəaliyyətindən, söz və ifadə azadlığı ilə bağlı xarakterik tendensiyalardan söz açıb. Ə.Amaşov həmçinin internet media orqanlarının fəaliyyətindən narazılıqların, onların peşə prinsiplərinə etinasız yanaşmalarının ənənəvi medianı üstələməsini xarakterik hal kimi vurğulayıb. MŞ sədri jurnalistikada peşə etikası ilə əlaqədar standartlara müxtəlif yanaşmaların olduğunu bildirib, bu sahədə yeniliklərin təbliğini söz və ifadə azadlıqlarının təminatında vacib məqamlardan biri olaraq önə çəkib.
Qeyd edək ki, toplantıda Şərq Tərəfdaşlığı Ölkələri Jurnalistləri Birliyinin regionda söz və ifadə azadlığı ilə bağlı məsələlərə həssaslığının artırılması yolları ətrafında müzakirələr aparılıb. Təşkilatın informasiya portalının yaradılması və peşə davranışı qaydalarının hazırlanması barədə qərar qəbul edilib.