Azərbaycan
   
   19 dekabr 1921 - Azərbaycanın və SSRİ-nin Xalq rəssamı, Dövlət mükafatı laureatı Mikayıl Hüseyn oğlu Abdullayev (1921 - 21.8.2002) anadan olub. Əsərləri: “Mingəçevir işıqları”, “Çəltikçi qızlar”, “İmadəddin Nəsimi” və s. “Hindistan” silsiləsinə görə beynəlxalq Cəvahirləl Nehru mükafatına layiq görülüb.
   19 dekabr 1927 - Ədəbiyyatşünas, filologiya elmləri doktoru İmamverdi Xankişi oğlu Əbilov (1927-2016) Neftçala rayonunun Qoltuq kəndində anadan olub.
   19 dekabr 1943 - Bəstəkar, Əməkdar incəsənət xadimi, professor Fərəc Qara oğlu Qarayev anadan olub. “Qobustan kölgələri”, “Kaleydoskop” baletləri, “Eşqə səyahət” operası, simfonik orkestr üçün əsərlərin müəllifidir. 
   19 dekabr 1947 - Əməkdar incəsənət xadimi, rejissor, dramaturq Rəhman Balarza oğlu Əlizadə (1947 - 16.3.2013) Bakıda doğulub. Gənclər Teatrında, Azərbaycan Dövlət Kukla Teatrında baş rejissor işləyib. 20-dən çox pyesin müəllifidir.
   19 dekabr 1950 - Xalq artisti Gülşən Ağadadaş qızı Qurbanova (1950 - 17.11.2006) anadan olub. Gənc Tamaşaçılar Teatrında çıxış edib. Kinoda, televiziya tamaşalarında yaddaqalan obrazlar yaradıb.
   19 dekabr 1969 - Məşhur pianoçu, caz ifaçısı, bəstəkar Əzizə Vaqif qızı Mustafazadə anadan olub. 1995-ci ildən Almaniyada yaşayır.
   
   20 dekabr 1905 - Ədəbiyyatşünas Atababa Daşdəmir oğlu Musaxanlı (1905 - 14.8.1941) Bakıda doğulub. “Kitabi-Dədə Qorqud”un ilk tədqiqatçılarından biridir. 
   20 dekabr 1925 - Azərbaycanlı ilk qadın fəlsəfə elmləri doktoru Şükufə Şamil qızı Mirzəyeva (1925 - 9.10.1980) Ağdamın Gülablı kəndində anadan olub. Azərbaycanın estetik fikir tarixinə dair əsərlərin müəllifidir.
   20 dekabr 2014 - Xalq rəssamı, Dövlət mükafatı laureatı Oqtay Seyid Hüseyn oğlu Sadıqzadə (21.2.1921 - 2014) vəfat edib. "Nizami Gəncəvi və dünya mədəniyyəti” silsiləsi, Xurşudbanu Natəvanın portreti, “1937-ci il repressiyasının qurbanları”, “Hüseyn Cavidin aləmi” triptixi və s. tabloların müəllifidir. 
   
   21 dekabr 1913 - Şair, tərcüməçi Ələkbər Ziyatay (Ələkbər Həsən oğlu Cəfərov, 1913 - 2.7.1982) Gəncədə doğulub. Bir çox şeirlərinə mahnılar bəstələnib. Rus dilindən ədəbi tərcümələr edib.
   21 dekabr 1916 - Yazıçı Süleyman Vəli oğlu Vəliyev (1916 - 7.3.1996) Bakının Ramana kəndində doğulub. “Mübahisəli şəhər”, “Daşlı bulaq”, “Düyünlər” romanlarının müəllifidir. "Şor cüllütü" povesti əsasında “Qara gölün cəngavərləri” filmi çəkilib.
   21 dekabr 1922 - Ədəbiyyatşünas, yazıçı, Əməkdar elm xadimi Kamran Dadaş oğlu Məmmədov (1922 - 6.4.1989) anadan olub. 
   21 dekabr 1923 - Xalq artisti, tanınmış müğənni Tükəzban Məhərrəm qızı İsmayılova (1923 - 24.3.2008) anadan olub. İfaçılıqla yanaşı, pedaqoji fəaliyyət göstərib. "Şöhrət" ordeni ilə təltif edilib.
   21 dekabr 1927 - Görkəmli heykəltəraş, Xalq rəssamı, AMEA-nın akademiki Ömər Həsən oğlu Eldarov Dağıstanın (Rusiya) Dərbənd şəhərində anadan olub. Bir çox görkəmli şəxsiyyətlərin memorial abidələrinin, heykəllərinin müəllifidir. Azərbaycan Rəssamlıq Akademiyasının rektorudur.
   
   Dünya
   
   19 dekabr 1864 - Alman bəstəkarı Adolf Zanberqer (Adolf Sandberger, 1864 - 1943) anadan olub.
   19 dekabr 1915 - Fransız müğənnisi və aktrisası Edit Piaf (Edith Piaf - Edith Giovanna Gassion; 1915 - 10.10.1963) anadan olub.
   
   20 dekabr 1873 - Türk şairi Mehmet Akif Ersoy (1873- 27.12.1936) İstanbulda doğulub. Türkiyənin dövlət himni (“İstiqlal marşı”), “Çanaqqala şəhidlərinə” poetik dastanı, “Haqqın səsləri” toplusu və s. əsərlərin müəllifidir.
   20 dekabr 1629 - Holland rəssamı Piter de Hox (Pieter de Hooch (Hoogh), 1629-1684) anadan olub.
   20 dekabr 1915 - Türk yazıçısı Əziz Nesin (Mehmet Nusret Nesin; 1915 - 6.7.1995) anadan olub. Kitabları xarici dillərə çevrilib. Bir sıra əsərləri (“Futbol kralı”, “Taxtalıköydən məktublar” və s.) hələ sovet dövründə Azərbaycanda da çap olunub.
   20 dekabr 1921 - Amerika aktyoru, rejissor, iki dəfə “Oskar” mükafatı laureatı Corc Hill (George Roy Hill; 1921 - 27.12.2002) anadan olub. Filmləri: “Əyləncəli ferma”, “Fırıldaq” və s. 
   
   21 dekabr 1639 - Fransız dramaturqu Jan Rasin (Jean-Baptiste Racine; 1639 - 21.4.1699) anadan olub. “İfigeniya”, “Fedra” kimi dramları dünyanın bir çox teatrlarında səhnəyə qoyulub.
   21 dekabr 1804 - İngilis yazıçısı, “sosial roman”ın tanınmış nümayəndələrindən biri Bencamin Dizraeli (Benjamin Disraeli, 1804 - 19.4.1881) anadan olub. 1868-1880-ci illərdə Böyük Britaniyanın baş naziri olub.
   21 dekabr 1840 - Türk şairi və yazıçısı, jurnalist və teatr xadimi Namiq Kamal (1840 - 2.12.1888) anadan olub. Əsərləri: “İntibah”, “Cezmi”, “Cəlaləddin”, “Şah”, “Vətən, yaxud Silistrə” və s. 
   21 dekabr 1917 - Alman yazıçısı, ədəbiyyat üzrə Nobel mükafatı (1972) laureatı Henrix Böll (Heinrich Theodor Böll; 1917 - 16.7.1985) anadan olub. Əsərləri: “Saat onun yarısında bilyard”, “Klounun gözü ilə”, “Mələk susurdu”, “Əsgər mirası” və s. 
   
   Hazırladı: Vüqar Orxan