Əsas heyəti fiziki məhdudiyyətli aktyorlardan ibarət olan inklüziv “ƏSA” teatrı dekabrın 19-da Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında “Adamlar və siçanlar” tamaşasını təqdim edib.
ABŞ-ın ölkəmizdəki səfirliyinin maliyyə dəstəyi ilə səhnələşdirilən tamaşanın quruluşçu rejissoru və bədii rəhbəri Nihad Qulamzadədir. Səhnə əsərinin baş prodüseri Nicat Qulamdır. Tamaşa səksən il əvvəl amerikalı yazıçı Con Steynbek tərəfindən yazılmış eyniadlı roman əsasında səhnələşdirilib. Tamaşa insanlara mərhəmət, alicənab hisslər, xeyirxahlıq kimi yüksək mənəvi keyfiyyətlər aşılayır.
ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta tamaşanın ümid və inam təbliğ etdiyini bildirib. Diplomat teatrın kollektivinin bu ideyanı tamamilə əhatə edə bildiyini söyləyib. O, fiziki əngəlli insanların çoxluq təşkil etdiyi teatrın da digər insanlar kimi cəmiyyətə töhfə vermə və mədəniyyəti zənginləşdirmə potensialına sahib olduğunu xatırladıb. “Məqsədimiz “ƏSA” teatrı vasitəsilə əlilliyi olan şəxslərin cəmiyyətə inteqrasiyasını sürətləndirmək, onların hüquqlarını və rifahını cəmiyyətin və inkişafın bütün sahələrində təşviq etmək, əlilliyi olan insanlar haqqında siyasi, sosial, iqtisadi və mədəni həyatın bütün aspektlərində məlumatlılığı artırmaqdır”, - deyə səfir vurğulayıb.
“ƏSA” teatrının kollektivi 20 nəfərdən çox istedadlı aktyor, musiqiçi, kostyum sənəti və işıqlandırma mütəxəssislərindən ibarətdir, onların əksəriyyəti əlilliyi olan insanlardır.
Səhnə əsərində rolları Elşən Əsgərov, Elvin Mirzəyev, Orxan Adıgözəl, Riyad Sultanov, Səmayə Ağayarova, İmran İqbalıyev, Günay Məmmədova və Fərid Əliyev canlandırıblar. Layihədə multimedia işlərini Eltac Zeynalov həyata keçirib.