Teatr səhnələrində Yeni il proqramı
   
   Yeni il tətili yaxınlaşınca bütün valideynlər hərəkətə keçir. Hətta indiki uşaqları elektron qacetlərdən savayı heç nəyin maraqlandırmadığına əmin olan valideynlər belə hansı teatrda yolka şənliyinin necə təşkil olunması və hansı tamaşanın oynanılması ilə maraqlanır. Bəlkə də onlar bununla öz uşaqlıq illərinə ekskurs edirlər. Amma hər halda...
   
   Səhnədə pinqvin gördünüzmü?
   
   Yox? Elə isə tətil günlərində yolunuzu Akademik Milli Dram Teatrından salın. Üstəlik, ana teatrımız hamını qabaqlayaraq, şənliklərə günü sabahdan, yəni dekabrın 23-dən start verir. Teatr Yeni il şənliyi olaraq balacaları «Rəqs edən pinqvinlər»lə görüşdürəcək. Tamaşanın müəllifi və quruluşçu rejissoru Anar Sadıqov, rəssamı Əməkdar mədəniyyət işçisi İlham Elxanoğludur. Rəqslərə Lalə Hacıyeva quruluş verib. Tamaşada əməkdar artistlər Elxan Quliyev, Əlvida Cəfərov, Şəlalə Şahvələdqızı, Mehriban Xanlarova və Mirzə Ağabəyli, akytorlar Mətləb Abdullayev, İlahə Həsənova, Rada Nəsibova, Elnur Qədirov, Firuzə Balayeva və Rüstəm Rüstəmov rol alıblar. 
   Yeni il şənlikləri 23, 24, 28, 29, 30, 31 dekabr tarixlərində və yanvarın 1-dən 7-dək hər gün dörd seans keçiriləcək. «Rəqs edən pinqvinlər» ilə saat 11, 13, 15 və 17-də görüşə bilərsiniz. 
   
   Sevimli nağıl qəhrəmanı ilə musiqili görüş
   
   Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı da Yeni ildə balaca teatrsevərləri sevindirəcək. Teatrda hər il Yeni il bayramı münasibətilə P.Çaykovskinin «Şelkunçik» baletinin nümayişi artıq ənənəyə çevrilib. Bu dəfə də teatr dekabrın 24-də və yanvarın 4-də dünya uşaqlarının sevimli baletlərindən olan «Şelkunçik»i təqdim edir. Gözəl musiqini tamamlayan maraqlı dekorasiya və kostyumlar tamaşanı daha baxımlı edir. Baletdə Əməkdar artist Nigar İbrahimova, solistlər Anar Mikayılov, Faiq Qubadov, Timur Oduşev, Ayan Eyvazova, Cəmilə Kərimova, Failə Bolqarova, Leyla Narimanidze və başqaları çıxış edəcəklər. 
   Tamaşanı Xalq artisti, professor Cavanşir Cəfərov idarə edir. 
   «Şelkunçik»ə dekabrın 24-də saat 19-da, yanvarın 4-də isə saat 14-də baxa bilərsiniz. 
   
   Qonaqlar da təbrik edir, özümüzünkülər də... 
   
   Azərbaycan Dövlət Rus Dram Teatrı Yeni il tətili günlərində də cari repertuardakı uşaq tamaşalarını göstərəcək. Lakin teatrın qonaqları da var. Artıq dekabrın 17-də göstərilmiş «Çudesnıy perepolox» («Möcüzəli çaxnaşma») interaktiv yeni il nağıl-şousu 2018-ci il yanvarın 7-də yenidən təqdim ediləcək. «Möcüzəli çaxnaşma»nın tamaşaçıları əsl sehrbaz kimi dara düşən sevimli personajlarına kömək edəcək, səhnədə baş verən qeyri-adi əhvalatların iştirakçısına çevriləcəklər. 
   
   Səhnədə «Hörümçək adam» var!.. 
   
   Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı öz yaradıcılıq istiqamətinə görə daim balacalara teatrla ünsiyyət sevinci bəxş edir. Teatr Sten Linin «Hörümçək adam» tamaşası ilə 2017-ci ili yola salıb, 2018-ci ili qarşılayacaq. Tamaşanın quruluşçu rejissoru Elşad Rəhimzadə, quruluşçu rəssamı Elxan Sərxanoğludur. Səhnə plastikasını Ceyhun Dadaşov, musiqi tərtibatını İradə Muradova işləyib, tryuklara da İsa Əsədov quruluş verib. Rolları əməkdar artistlər Almaz Mustafayeva və Vahid Əliyev, aktyorlar Zemfira Əbdülsəmədova, Günel Məmmədova, Mehriban Hüseynova, Səbinə Məmmədova, Nuranə Hüseynova, Elnur Hüseynov, Xəyalə Meydanova, Natiq Fərzəliyev və b. ifa edirlər. Tamaşanın premyerası dekabrın 29-da saat 12, 14 və 16-da olacaq. 
   Təbii ki, Yeni il şənliyi bol əyləncəli oyunlar, Şaxta baba və Qar qızın hədiyyələri ilə yadda qalacaq. Proqram dekabrın 29-dan yanvarın 7-dək davam edəcək. 
   
   Musiqili Teatrda “Qoğalın Yeni il macərası”
   
   Azərbaycan Dövlət Musiqili Teatrında “Qoğalın Yeni il macərası” adlı Azərbaycan və rus dillərində tamaşa hazırlanır. 29 dekabrdan nümayişi başlanacaq tamaşanın Azərbaycan dilində variantına Elməddin Dadaşov, rus variantına Əhəd Hacıyev quruluş verir. Səhnə əsərində balaca tamaşaçılar əyripəncə Ayı, şələquyruq Tülkü, müftə yem axtaran tənbəl Canavar, qoçaq Dovşan və başqa meşə sakinlərinin Qoğalla macəralarını izləyə biləcəklər. 
   Hər gün dörd seansda (10.30, 12.30, 14.30, 16.30) təqdim olunacaq tamaşada rolları Azərbaycan bölməsində Əməkdar artist Novruz Qartal, aktyorlardan Məhərrəm Qurbanov, Rəsmiyyə Nurməmmədova, Gülçöhrə Abdullayeva, Elnarə Nağdəliyeva, Elçin İmanov, Gülnarə Əzizova və başqaları, rus bölməsində əməkdar artistlər Boris Qrafkin, Svetlana Bulax, Anton Ferştandt, aktyorlar Marina Litvinenko, Firuz Məmmədov, Nadejda Povelitsina və digərləri rol alıb.
   
   «Qış nağılı»: bu ad elə bəsdir ki... 
   
   A.Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrı Yeni il münasibətilə məktəblilər üçün Anar Məmmədovun quruluşunda «Qış nağılı» adlı yeni tamaşanı təqdim edir. Baş qəhrəmanları Şaxta baba və Qar qız olan tamaşada ənənəvi Yeni il yolkası da elə səhnədə qurulacaq. Onlar dostları Canavar, Ayı, Dovşan, Uzunqulaqla birlikdə Küpəgirən qarının hiylələrinə qarşı çıxaraq bütün pisliklərə qalib gələcəklər. Nəfis səhnə tərtibatı (rəssam - teatrın baş rəssamı İqbal Əliyev), uşaqları əyləndirəcək musiqi aktyorlar Elmira Hüseynova, Cavid Telman, Elxan İsmayılov, Rəhilə İbadova, Cəmilə Allahverdiyeva və b. ifasına xüsusi rəng qatacaq. 
   «Qış nağılı»nın ilk tamaşası dekabrın 27-də oynanılacaq. Yanvarın 3-dək hər gün üç seans (saat 12, 14 və 16-da) Azərbaycan dilində, bir seans isə (saat 18-də) rus dilində «Qış nağılı»nı seyr etmək olar. 
   
   Sumqayıtın da öz «Qış nağılı» var...
   
   Sumqayıt Dövlət Dram Teatrı bu il də gənclik şəhərinin balaca sakinlərinə bayram sevinci yaşadacaq. Dekabrın 26-dan yanvarın 2-dək teatrda «Qış nağılı» adı verilmiş musiqili-əyləncəli proqram nümayiş etdiriləcək. Teatrın baş rejissoru, Əməkdar artist Firudin Məhərrəmovun ssenarisini yazıb səhnələşdirdiyi tamaşa balacalara əsl bayram ovqatı bəxş edəcək. Tamaşa interaktiv tərzdə qurulduğundan tamaşaçılar özlərini səhnədə baş verən hadisənin iştirakçısı kimi hiss edəcək, nağıl qəhrəmanları ilə ünsiyyət qura biləcəklər. 
   * * *
   Əziz valideynlər! Biz teatrlarımızın bir neçəsinin Yeni il proqramını sizlərə çatdırdıq. Amma bayram günlərini övladlarınız üçün maraqlı və yaddaqalan etmək sizin işinizdir. 
   
   Gülcahan