Xəbər verdiyimiz kimi, dekabrın 14-də Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında Məmməd Səid Ordubadinin "Qılınc və qələm" romanının motivləri əsasında hazırlanan “Qətibə İnanc” tamaşasının premyerası keçirildi. Əsərin səhnə versiyası Çingiz Ələsgərli tərəfindən işlənib.
   Tamaşanın quruluşçu rejissoru, Xalq artisti Mərahim Fərzəlibəyov, quruluşçu rəssamı Əməkdar mədəniyyət işçisi İlham Elxanoğlu, musiqi tərtibatçısı Kamil İsmayılov, rejissor assistenti Vüqar Məmmədovdur. Baş rolda Xalq artisti Bəsti Cəfərova, Şeyx Nizami rolunda Əməkdar artist Sabir Məmmədov çıxış edirdi. Digər rolları Rövşən Kərimduxt, Rüstəm Rüstəmov, İlyas Əhmədov, Kazım Abdullayev, Şəhla Əliqızı, Fidan Cəfərova, Elnur Qədirov və başqaları oynayırdı.
   Tamaşanın süjeti Gəncə hakimi Əmir İnancın qızı Qətibənin Nizami Gəncəviyə olan cavabsız məhəbbəti üzərində qurulub. Məhəbbəti rədd ediləndən sonra Qətibə İnancda hamıya qarşı nifrət yaranır. O, sevmədən Məhəmməd Cahan Pəhləvana ərə gedir... 
   Qeyd edək ki, “Qılınc və qələm” romanı ilk dəfə 1977-ci ildə görkəmli rejissor, Xalq artisti Tofiq Kazımovun quruluşunda səhnələşdirilib. 
   * * *
   Qızıl Arslanın qardaşı, sui-qəsd ilə öldürülmüş Məhəmməd Cahan Pəhləvanın xanımı Qətibə İnancın taxt-tac uğrunda gedən mübarizəsindən bəhs edən səhnə əsəri pərdələr açılan andan tamaşaçını dövrün nəbzini tutmağa çağırır. Qətibə İnanc (Xalq artisti Bəsti Cəfərova) hansı iddialarla, hansı düşüncələrlə yaşadığını elə tamaşanın ilk dəqiqələrindən zala ötürə bilir. Hərəkəti, jesti, ətrafdakılara münasibətilə cavanlıqda dahi şair Nizami Gəncəviyə aşiq olan və rədd cavabı alan amansız, gözünü intiqam hissi kor etmiş bu qadının nələr törədəcəyini təsəvvürə gətirmək o qədər də çətin deyil. 
   Gənc Qətibə ilə Qətibə İnancın dialoqları tamaşada maraqlı forma tapıntısı kimi dəyərləndirilə bilər. Həmin səhnələrdə Qətibə İnanc öz daxili aləmi ilə üzləşir, gənclikdəki Qətibə ürəyi daşa dönmüş dul qadını öz bəd fikirlərindən daşındırmağa çalışır. Lakin gənc Qətibənin bu yalvarışları heç bir nəticə vermir. Bu məqamda səhnə quruluşu, dekorasiya, işıq üzrə rəssamın əməyini də xüsusi qeyd etmək lazımdır. Dialoqlar zamanı bütün bunların mükəmməl şəkildə bir-birini tamamlaması peşəkarlıqdan xəbər verirdi. 
   İlk səhnə quruluşundan 40 il sonra Bəsti xanımın yaratdığı Qətibə İnanc bu dəfə tamam fərqli idi. Qeyd edək ki, bu obrazı ilk dəfə aktrisa Əminə Babayeva oynayıb. 
   Birinci hissədən sonra fasilə zamanı həmsöhbət olduğum tamaşaçıların fikirləri də bunu təsdiqləyirdi. Kimi obrazı daha müasir, kimisi çox güclü, bəziləri isə zəif olaraq qiymətləndirirdi. Əsas görünən isə o idi ki, aktrisa obrazın öhdəsindən gəlmək üçün bütün bacarığını ortaya qoymuşdu.
   Tamaşanı izləyərkən düşünürdüm ki, bu günə kimi Azərbaycan səhnəsində hegemon qadın obrazları az olmayıb və Bəsti Cəfərovanın yaratdığı bu obraz da öz müsbət və mənfi tərəfləri ilə teatr tariximizin bir səhifəsinə çevrilmək iddiasındadır. Aktrisanın oyununu daha adekvat teatrşünaslar dəyərləndirə bilərlər. 
   Yeri gəlmişkən, aktyorların dialoqlarda işlətdikləri müasir sözlər tamaşa boyu bir seyrçi kimi Nizami dövrünü duymağıma imkan yaratmadı. Amma onu qeyd etməliyəm ki, tamaşanın ən maraqlı səhnələrindən biri Nizami ilə dostu Fəxrəddinin görüş səhnəsi idi. Nizami (Əməkdar artist Sabir Məmmədov) ilə Fəxrəddinin (İlyas Əhmədov) dialoqu yaddaqalan oldu. S.Məmmədov Nizami təmkinini, şairin müdriklik fəlsəfəsini məharətlə yarada bildi. 
   Gənc aktrisa Fidan Cəfərovanın (gənc Qətibə) oyunu da qənaətbəxş idi. Hiss olunurdu ki, aktrisa obrazını sevir və sevdirməyə çalışır. Rövşən Kərimduxt (Hüsaməddin), Ayşad Məmmədov (Toğrul), Şəhla Əliqızı (Səba), Elnur Qədirov (Qətibə İnancın oğlu Qütlüğ) və Əməkdar artist Mirzə Ağabəylinin (Vəzir) canlandırdığı obrazların hər biri öz-özlüyündə tamaşaçını düşünməyə vadar edirdi. Əslində, aktyor üçün ən böyük uğur obrazın üzərində olan missiyanı hər yönü ilə seyrçiyə düzgün çatdırmasıdır. “Qətibə İnanc” tamaşasında rejissor işindən daha ziyadə aktyor oyununun şahidi olduq. 
   Tamaşanın səhnə tərtibatı, musiqisi isə mükəmməl idi. Diqqətçəkən məqamlardan biri də aktyorların geyimləri idi. Xalq rəssamı Nazim Bəykişiyevin tamaşanın baş rəssamı kimi əməyini xüsusi qeyd etmək lazımdır. Bir sözlə, tarixin ştrixlərini, bir qadının məhəbbət faciəsini görmək istəyən hər kəs “Qətibə İnanc” tamaşasına tərəddüd etmədən baxa bilər. 
   
   Lalə Azəri