Bərdə Regional Mədəniyyət və Turizm İdarəsi yerli əhali ilə yanaşı, turistlərin də istəyini nəzərə alaraq istirahət parklarında, mədəniyyət müəssisələrində sərgi və satış yarmarkaları təşkil edir. Belə tədbirlərdən biri də Bərdə Dövlət Rəsm Qalereyasında keçirilib.
   
   Sərgi və turizm satış yarmarkasında Bərdə sakinləri ilə yanaşı, Bərdə Regional Mədəniyyət və Turizm İdarəsinin Mingəçevir, Yevlax şəhərləri və Tərtər rayon nümayəndəliklərindən mədəniyyət işçiləri, turistlər iştirak ediblər.
   Yarmarkada Bərdə şəhər 1 nömrəli Uşaq incəsənət məktəbinin şagirdi Nərgiz İbrahimzadənin çəkdiyi rəsm əsərləri ilə yanaşı, müxtəlif suvenirlər, turizm çap məhsulları və kitablar marağa səbəb olub.
   Regional idarənin məsləhətçisi Ceyhun İsmayılzadə uşaq musiqi və incəsənət məktəblərində təhsil alan şagirdlərin əl işlərindən ibarət sərgilərin təşkilindən, istedadlı gənclərin üzə çıxarılması sahəsində görülən işlərdən, onların inkişafına şərait yaradılmasından, həmçinin Bərdənin turizm potensialından bəhs edib. Bildirib ki, bu cür tədbirlər bundan sonra da davam etdiriləcək.