ABŞ-da şou-biznes və əyləncə sənayesinin aparıcı nəşrlərindən olan “The Hollywood Reporter”in yaydığı məlumata görə, məşhur Azərbaycan ədibi Qurban Səidin “Əli və Nino” romanı ekranlaşdırılacaq.
   
   Filmin ssenari müəllifi “Oskar” mükafatçısı Kristofer Hamptondur. “PeaPie Films” Britaniya istehsal şirkətinin başçısı Kris Taykiyer ilk dəfə 1937-ci ildə işıq üzü görən kitabın film müəllifliyi hüququnu əldə edib.
   Əsərin qəhrəmanları Əli Xan və Nino Kipiani XX əsrin əvvəlində kosmopolitan, neftlə zəngin, müxtəlif mədəniyyətləri birləşdirən Azərbaycanın paytaxtı Bakıda yaşayırlar. Əli müsəlman, Nino isə Avropa baxışlı xristian gürcü qızıdır. Onlar fərqlərə baxmayaraq, uşaqlıqdan bir-birini sevirlər. Əli məktəbi bitirdikdən sonra Nino ilə evlənmək qərarına gəlir. “The Hollywood Reporter” 33 dilə tərcümə edilən “Əli və Nino” romanını XX əsrin ən orijinal əsərlərindən biri adlandırıb. Kristofer Hamptonun sözlərinə görə, o, kitabı oxuduğu andan gözəl tərzdə yazılan və bu gün də aktuallığını itirməyən əsərə vurulub.
   Xatırladaq ki, Kristofer Hempton “Təhlükəli əlaqələr” (“Dangerous Liaisons”) filminə görə 1988-ci ildə “Oskar” mükafatına layiq görülüb.