AMEA-nın Folklor İnstitutunda 1937-ci il repressiyasında həlak olmuş folklorşünas alimlərin xatirəsinə həsr olunmuş elmi konfrans keçirilib. 
   “Repressiya və folklor" adlı konfransı giriş sözü ilə institutun direktoru, akademik Muxtar Kazımoğlu açaraq tədbirin məramından bəhs etdi. Bildirdi ki, konfrans təkcə bu sahədə əmək sərf etmiş ayrı-ayrı ustadları, onların repressiya dövründə çəkdikləri əzabları xatırlamaq üçün təşkil edilməyib: “Bunlar məsələnin mənəvi tərəfidir. Məsələnin tarixlə, siyasətlə, elmlə bağlı tərəfləri də var. O dövrün folklorşünasları - Hənəfi Zeynallı, Salman Mümtaz, Hümmət Əlizadə, Vəli Xuluflu, Yusif Vəzir Çəmənzəminli və başqaları görkəmli alimlər idilər, folklor elmimizin təməlini qoymuşdular. Repressiya olunmuş insanların dustaqlıq həyatı ilə bağlı elə qaranlıq məqamlar var ki, bu gün tanınmış ziyalılar tərəfindən də yanlış şəkildə yozulur. Bunların hamısını dərindən öyrənməyə, araşdırmağa, yenidən dəyərləndirməyə ehtiyac var". 
   Folklor İnstitutunun Klassik folklor şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru, dosent Rza Xəlilov "Repressiya illərində Bəhlul Behcətin folklorşünaslıq fəaliyyəti" mövzusunda məruzə etdi.
   Qeyd etdi ki, B.Behcət süni ittihamla ilk dəfə 1924-cü ildə həbs edilib. 10 ildən sonra həbsdən qayıdıb. 3 il "Azərnəşr"də və SSRİ Elmlər Akademiyası Azərbaycan filialının Ədəbiyyat bölməsində işləyib. Bura B.Behcətin son iş yeri olub. 1937-ci ilin avqustunda yenidən həbs olunub, 15 mart 1938-ci ildə quraşdırılmış ittihamlar əsasında güllələnib. B.Behcət 19-cu yüzilin məşhur şairlərindən olan Əbülqasim Nəbatinin ədəbi irsinin toplanmasında və araşdırılmasında böyük rol oynayıb. 1935-ci ildə bu sahədə fəaliyyətinin məntiqi nəticəsi olaraq "Nəbati" kitabını çap etdirib. Behcət "Nizami və Qafqaz folkloru" mövzusunda elmi əsər yazıb. Təəssüf ki, onun Azərbaycan tarixinə dair yazdığı əsərlərin çoxu itib-batıb. 
   BDU-nun Azərbaycan ədəbiyyatı tarixi kafedrasının professoru, filologiya üzrə fəlsəfə doktoru Yeganə İsmayılova "Dədə Qorqud" eposu və müasir Azərbaycan ədəbiyyatı" problemi stalinizm repressiyaları kontekstində" adlı çıxışında vurğuladı ki, "Dədə Qorqud" eposu bütün ruhu ilə sovet imperiyasının ideologiyasının əksinə idi. Folklorşünas Əmin Abid 1926-cı ildən başlayaraq "Dədə Qorqud"a dair silsilə məqalələr yazaraq mətbuatda çap etdirməklə Azərbaycan milli ziyalılarında - tədqiqatçılarda, yazıçı və şairlərdə eposa marağın yaranmasında böyük rol oynayıb. 
   Folklor İnstitutunun Beynəlxalq əlaqələr bölməsinin müdiri Əli Şamil "Folklorun repressiyaya uğramasının səbəbləri" məruzəsində sovet hakimiyyətinin xalqlara gətirdiyi hərtərəfli əsarətdən danışdı. 
   Filologiya üzrə elmlər doktoru, professor Cəlal Məmmədov "Milli mənəvi dəyərlərin repressiyası" adlı məruzəsində bildirdi ki, folklor yaddaş hadisəsidir: "1937-ci ildə ilk zərbə elə folklora dəydi. Folklor ona görə hədəf seçilirdi ki, milli idi". 
   Müzakirələrdə institutun şöbə müdirləri - AMEA-nın müxbir üzvü Kamran Əliyev, filologiya üzrə elmlər doktoru, professor Füzuli Bayat və başqaları çıxış etdilər. 
   
   S.Qaliboğlu