Eldəniz Zeynalov - 75 
         
   Onu bu gün də filmlərdə, televiziya tamaşalarında və “Mozalan” satirik kinojurnalının süjetlərində tez-tez görür, aktyorun hər bir çıxışını səbirsizliklə gözləyir, onun tənqid hədəfinə çevirdiyi personajlara ürəkdən gülür və bu gülüşlər bizi dərin düşüncələrə sövq edir.
   
   Söhbət görkəmli gülüş ustası, respublikanın Xalq artisti Eldəniz Zeynalovdan gedir. Onun yaradıcılığı üç istiqamətdə şaxələnirdi: teatr, kino və estrada. Bunların da hər biri bir aləm idi...
   75 il əvvəl, 1937-ci il yanvarın 1-də Bakıda, Dağlı məhəlləsində, indiki A.Şaiq küçəsində hərbçi ailəsində bir oğlan uşağı dünyaya gəldi. Tamamilə təsadüf nəticəsində o vaxt bu ailədə qonaq olan böyük şair Səməd Vurğun uşağın adını Eldəniz qoydu. O vaxt heç kəsin ağlına belə gəlməzdi ki, bu uşaq böyüyərək, dayısı, görkəmli sənətkar, Xalq artisti Həsənağa Salayevin yolu ilə gedəcək, həyatını sənətə həsr edəcəkdir.
   Vaxtilə Eldənizlə söhbətlərimin birində o, sənətə necə gəldiyini belə xatırlayırdı: “Mənim sənətdə müvəffəqiyyətlərimin əsas səbəbkarı dayım Həsənağa Salayev olmuşdur. Hər dəfə onun teatr sənəti haqqında söhbətlərinə qulaq asanda sanki sehrlənirdim. Evdə onun rol üzərində necə işlədiyinə heyranlıqla tamaşa edərdim. Sən demə, qəlbimdən keçən hisləri gözlərimdən oxuyurmuş. Bir dəfə məni yanına çağırıb dedi ki, Eldəniz, sənə bir rol tapşırsaq öhdəsindən gələ bilərsənmi? Gözləmədiyim bu sual məni bərk çaşdırdı. Nə deyəcəyimi bilmədim. Lakin bir neçə gündən sonra mən artıq teatrda idim”.
   Eldəniz səhnə korifeylərindən M.A.Əliyev, S.Ruhulla, M.Davudova, Ə.Ələkbərov kimi aktyorlarla səhnəyə çıxır, onlarla tərəf-müqabil olur. “Sevil” tamaşasında Gündüz rolunda çıxış edir. Bu kiçik rol onun həyatında unudulmaz hadisəyə çevrilir.
   O vaxtlar görkəmli aktyor Ağadadaş Qurbanov Dəmiryolçular klubunda dram dərnəyinə rəhbərlik edirdi. Bu gün adları teatr və kino tarixinə yazılmış bir çox tanınmış sənətkarlar, o cümlədən Eldəniz həmin dərnəyin üzvü olmuş, aktyorluq sənətinin əlifbasını burada öyrənmişdi. Buna görə də o, orta məktəbi bitirdikdən sonra təhsilini harada davam etdirəcəyi barədə çox götür-qoy etmədi.
   1961-ci ildə sənədlərini M.A.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun aktyorluq fakültəsinə verir və qəbul olunur. İnstitutda SSRİ Xalq artisti Adil İsgəndərovun sinfində oxuyur. Görkəmli sənətkar tələbəsinin istedadını görüb onu dram teatrına işə dəvət edir. Eldəniz teatrdakı fəaliyyəti dövründə 100-dən artıq tamaşada, o cümlədən “Almaz”da Mirzə Səməndər, “Xoşbəxtlər”də Mirzə Qərənfil, “Vaqif”də İbrahim xan, “Sən həmişə mənimləsən”də Fərəcov, rejissor Adil İsgəndərovun iki tamaşasında - “Müfəttiş”də bələdiyyə rəisi, “Toy”da Kərəmov və s. rollarda oynamışdır.
   O, Mirzəağa Əliyev, Məmmədəli Vəlixanlı və Möhsün Sənani kimi müqtədir sənətkarların əhatəsində böyümüş, gənc aktyorun komediya janrında püxtələşməsində onların təsiri az olmamışdır.
   Eldəniz Zeynalov kimi sənətkarların istər teatrda, istərsə də kinoda ifa etdikləri rollara baxanda, belə qənaətə gəlirsən ki, hər bir istedadlı aktyor istər dramatik, istərsə də komik rolu eyni səviyyədə oynamağı bacarmalıdır.
   Görkəmli sənətkar milli kinomuzun inkişafında böyük rol oynayıb. İlk dəfə 1963-cü ildə rejissor Adil İsgəndərovun “Əhməd haradadır?” musiqili komediyasında rəngsaz Əhməd rolunda çəkilmişdir. Bu şən, cavan rəngsaz oğlan öz hərəkətləri, şirin danışığı ilə tamaşaçıda xoş əhval-ruhiyyə oyadır. Onun iş yoldaşı ağbəniz qızla sevgi-məhəbbət münasibətləri hər dəfə ekranda gülüşlə müşayiət olunur.
   Eldəniz bundan sonra kinoda nə qədər baş və epizodik rol oynasa da, rəngsaz Əhməd heç vaxt yaddan çıxmır, hər dəfə yada düşəndə tamaşaçının simasına təbəssüm qonur.
   Görkəmli aktyor müəllimi Adil İsgəndərovun xeyir-duası ilə 30-dan artıq filmdə, o cümlədən “İyirmialtılar” tarixi-inqilabi filmində komissar Vəzirov, “Yaşamaq gözəldir, qardaşım” romantik kinopovestində Mustafa Sübhi, “O qızı tapın” detektiv filmində Səyavuş, “Ömrün səhifələri” kinoalmanaxındakı “Rəqiblər” novellasında Eldəniz, “Mən nəğmə qoşuram” uşaq filmində sədr, “Qızıl uçurum” melodramında Nuru bəy və digər filmlərdə irili-xırdalı rollarda çəkilmişdir.
   Lakin onun kinoda ilk böyük rolu “Bir cənub şəhərində” (1969) sosial kinopovestində olmuşdur. Burada qaldırılan sosial problemlərə görə ekran əsəri keçmiş Sovetlər İttifaqında böyük səs-küyə səbəb oldu, eyni zamanda əsl hadisəyə çevrildi. Müəlliflər burada insanın mənən köləlikdən azad olmasının çətin proses olduğunu fəhlə gənclərdən Tofiq, Murad və digər qəhrəmanların simasında göstərməyə çalışmışlar.
   Tofiq Muradın bacısına nişanlanmışdır. Lakin sonradan o, başqası ilə evləndiyi üçün Murad tərəfindən cəzalandırılmalıdır, bu biabırçılıq qanla yuyulmalıdır. Nə Tofiq, nə də Murad keçmişin hələ də mövcud olan, sağlam zəkadan uzaq iyrənc qanunlarına uymurlar. Ona görə də bu dramatik münaqişədə qan axıdılmır. Beləliklə də, yeni düşüncə tərzi, yeni əxlaqi münasibətlər, qarşılıqlı əlaqələr qalib gəlir. E.Zeynalov bu cür mürəkkəb və kəskin hadisələrin burulğanında özünü itirməyib çıxış yolu tapan fəhlə-gəncin - Tofiqin obrazını sənətkarlıqla yaratmış, Azərbaycan kinosuna yeni qəhrəman gətirmişdir.
   Bu aktyor üçün müəyyən amplua sərhədi yoxdur. Kinoda əsasən komik rollarda çəkilsə də, teatrda dramatik rolların da öhdəsindən ustalıqla gəlirdi. Bu, yaradıcılıq şövqü idi. O, “Yeddi oğul istərəm” tarixi inqilabi filmində kəndli Kazımı, “Həyat bizi sınayır” kinopovestində Məsini, “Yol əhvalatı” kinokomediyasında şikayətçini, “Babamızın babasının babası” kinokomediyasında həkimi, “Əzablı yollar” kino-nağılında Divi eyni həvəslə ürəkdən oynamışdır.
   “Yeddi oğul istərəm” filmindəki kəndli Kazım epizodik roldur. Bolşeviklərin düşməni olan Gəray bəy Peykanlı kəndinə hücum edəndə evin damında yellənən şura hökumətinin bayrağını Kazıma çıxartdırır. Komsomolçuların başçısı Bəxtiyar isə əksinə bayrağı evin damına sancmağı Kazıma əmr edir. Aktyor bu çox kiçik personajı özünəməxsus ifa tərzi ilə elə məharətlə oynayır ki, onun rolunun belə tez qurtarmasına təəssüf edirsən.
   “Yol əhvalatı” kinokomediyasında iki gəncin sevgi-məhəbbət sərgüzəştləri fonunda yaşayışımıza mane olan, fırıldaq yolu ilə qazanc əldə etməyə çalışan, öz vəzifə borcundan şəxsi işləri üçün istifadə edən tüfeylilər tənqid atəşinə tutulur.
   Bu filmdə evini təmir etmək üçün evlər idarəsinə tez-tez gəlib-gedən, həmişə də əliboş qayıdan şikayətçi rolunda Eldəniz Zeynalovu görürük. Onun bu rolu digər rollarından bir qədər fərqlidir: şikayətçi daha çox qorxaqdır, yaltaqdır, hətta hirslənməyi belə bacarmır, bir sözlə, belələrinə “yazıq adamdır” deyirlər.
   Xalq artisti Mustafa Mərdanov aktyor sənəti haqqında demişdir: “Bünövrə möhkəm qoyulmasa, professional səhnədə işləmək, orijinal obrazlar yaratmaq çətin olar”.
   Eldəniz Zeynalovun yaratdığı obrazları nəzərdən keçirərkən bu sözlərdə böyük həqiqət olduğunu bir daha yəqin edirsən. Aktyorun ekranda yaratdığı personajlar tamaşaçıların qəlbində həmişəlik əks etdirilmiş və milli kinematoqrafın tarixində özünə layiq yer tutmuşdur. “Bəyin oğurlanması”, “Hər şey yaxşılığa doğru”, “Yaramaz” və “Musiqili xaş” filmlərindəki personajları gəlin xatırlayaq. Bu rollardan hər biri gözəl aktyor ifaçılığının nümunəsidir.
   “Bəyin oğurlanması” filmində özfəaliyyət dərnəyinin məşqlərinə zalda tək-tənha oturub tamaşa edən, komissiya sədrinin rolu çox epizodikdir. Görünməyi ilə yox olması bir olur. Ancaq bu rolu ifa edən Eldəniz Zeynalov zalda səs salan şəxsə tərəf çevrilir, ciddi şəkil alıb “ay yoldaş, bir az sakit olar?” sözlərini elə tərzdə deyir ki, uzun müddət nə bu sözlər, nə də komissiya sədrinin görkəmi, onun mimikası, jesti yaddan çıxmır. Və yaxud onun “Pis oynamırlar, bir az emosiya azdır” deməsi çox təbii səslənir.
   Aktyor “Mozalan” satirik kinojurnalı fəaliyyətə başlayandan sonra, dəqiq desək, ikinci sayından bir çox süjetlərində maraqlı və diqqəti çəkən rollar ifa etmişdir.
   Bundan başqa, istedadlı sənətkar respublikamızdan kənarda filmlərə çəkilmiş, “Təyyarələr enmədi” özbək filmində Yavər, “Mosfilm”də lentə alınan “Dulsineya Tobosskaya” filmində epizodik rollarda çıxış etmişdir.
   Eldəniz Zeynalov Azərbaycan televiziyasının “Komediyalar aləminə səyahət” və “Səhər görüşləri” ədəbi-bədii əyləncəli proqramlarının daimi iştirakçısı olmuş, eyni zamanda bir sıra televiziya tamaşalarında oynamışdır.
   Xalq artisti Eldəniz Zeynalov teatr səhnəsində və kinoda yaratdığı obrazlara görə 1999-cu ildə “Humay” mükafatına layiq görülmüşdür.
   1988-ci ildə Azərbaycanda başlanan ictimai-siyasi proseslər teatr və kinoya, ümumən mədəniyyətə də mənfi təsir etdi. Bu vaxt bekar qalmağı sevməyən, daima axtarışda olan Eldəniz Zeynalov Respublika Uşaq Fondunun nəzdində Satira teatr-studiyasını təşkil etdi və onun bədii rəhbəri oldu. Teatr-studiya müxtəlif tamaşalarla, səhnəciklərlə internat məktəblərdə, uşaq evlərində balaca tamaşaçılara pulsuz xidmət göstərirdi. Eyni zamanda digər təşkilatlarda çıxışlarından əldə edilən vəsaitin bir hissəsini Uşaq Fonduna köçürür.
   Bundan başqa görkəmli aktyor respublikamızın şəhər və rayonlarında, habelə keçmiş Sovetlər İttifaqının bir çox şəhər və vilayətlərində, o cümlədən Arxangelskdə, Tümendə, Baykal-Amur magistralının Ulkan qəsəbəsində keçirilən Azərbaycan kinosu günlərində iştirak etmişdir.
   Yazını şair Rüfət Zəbioğlunun Eldəniz Zeynalova həsr etdiyi “Sözə can verən” şeirindən bir parça ilə bitirmək istəyirəm.  

  “Mən sözün xətrinə necə dəyim ki,
   Sözə öz canından can verəndir o.
   Sənətkar haqqında nə söz deyim ki,
   Sözə nəfəs verən, can verəndir o!”
 

   Filmlərində nəfəs verdiyi, can verdiyi qəhrəmanlar da borclu qalmayıblar. Bu qəhrəmanlar, bu tipajlar öz yaradıcılarını - Eldəniz Zeynalovu gələcək nəsillər üçün yaşadırlar.
   
   Aydın Kazımzadə,
   Əməkdar incəsənət xadimi