Şəkidə “Yuxarı Baş” Dövlət Tarix-Memarlıq Qoruğunun 50 illiyi qeyd olunub
Azərbaycanın çoxəsrlik zəngin keçmişə malik şəhərlərindən olan Şəkinin qədim hissəsini əhatə edən “Yuxarı Baş” Dövlət Tarix-Memarlıq Qoruğunun yaradılmasından yarım əsr ötür. Qoruğun ərazisindəki zəngin mədəni irs yalnız xalqımıza deyil, həmçinin bəşəriyyətə məxsusdur. Onlarla sənətkarlıq sahəsinin toplu halında mövcud olduğu Şəkidə tarixi-mədəni irs bu gün də layiqincə yaşadılır.
Dekabrın 26-da Şəki şəhərində “Yuxarı Baş” qoruğunun 50 illiyinə həsr olunan yubiley tədbiri keçirilib.
Tədbir iştirakçıları əvvəlcə qoruğun ərazisində yerləşən, Azərbaycan memarlığının nadir incisi hesab olunan XVIII əsrə aid dünya əhəmiyyətli nadir tarixi-memarlıq abidəsi Şəki xanlarının sarayını ziyarət ediblər. Mədəniyyət və turizm nazirinin birinci müavini Vaqif Əliyev, Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov və qonaqlar qoruğun ərazisini gəziblər.
“Yuxarı Baş” Dövlət Tarix-Memarlıq Qoruğunun direktoru Təranə Abdullayeva ərazidə aparılan bərpa və yenidənqurma işləri barədə ətraflı məlumat verib.
Şəki xanlarının sarayı ilə tanışlıqdan sonra yubiley tədbiri “Marxal” müalicə-istirahət kompleksinin konfrans zalında davam etdirilib.
Tədbirdə çıxış edən şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov qeyd edib ki, bu gün Şəki orta əsr şəhərsalma mədəniyyətini özündə qoruyub saxlayan unikal məkandır. Diqqətə çatdırılıb ki, Şəkinin qədim hissəsini əhatə edən “Yuxarı Baş” Dövlət Tarix-Memarlıq Qoruğu Azərbaycan SSR Nazirlər Sovetinin müvafiq qərarına əsasən, 1967-ci ildə yaradılıb. Qoruğun ümumi ərazisi 283 hektardır. Hazırda qoruğun ərazisində dövlət qeydiyyatına alınan dünya, ölkə və yerli əhəmiyyətli 25 tarixi-memarlıq, arxeoloji və park-monumental abidə mövcuddur.
Bildirilib ki, hazırda Şəki xanlarının sarayı ilə birgə şəhərin tarixi mərkəzinin UNESCO-nun Dünya irsi siyahısına daxil edilməsi istiqamətində iş aparılır. 2017-ci ilin iyulunda Polşanın Krakov şəhərində keçirilən UNESCO-nun Dünya İrs Komitəsinin 41-ci sessiyasında ölkəmiz tərəfindən təqdim edilən “Xan sarayı ilə birgə Şəkinin tarixi mərkəzi” adlı nominasiya faylı müzakirə olunub. Bununla bağlı Mədəniyyət və Turizm Nazirliyi və Şəki Şəhər İcra Hakimiyyəti tərəfindən bir sıra tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur.
Elxan Usubov qeyd edib ki, Şəki şəhərinin bu yaxınlarda UNESCO-nun “Yaradıcı şəhərlər şəbəkəsi”nə daxil edilməsi barədə qərar şəhər ictimaiyyəti tərəfindən böyük razılıqla qarşılanıb. Bu, Şəkinin beynəlxalq səviyyədə tanıdılması üçün atılan növbəti uğurlu addımdır və ölkəmizdə mədəni irsin qorunması və dünyada təbliği istiqamətində aparılan məqsədyönlü işin nəticəsidir.
Tədbirdə çıxış edən mədəniyyət və turizm nazirinin birinci müavini Vaqif Əliyev qoruğun əməkdaşlarını yubiley münasibətilə təbrik edib, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb. Bildirilib ki, qoruğun əməkdaşları öz yubileylərinə əliboş gəlməyiblər: “Şəki bu gün, həqiqətən də, öz adına, zəngin tarixinə, mədəni irsinə, özünəməxsus ənənələrinə, tarixi abidələrinə, memarlıq üslubuna, şirin ləhcəsinə sadiq olan şəhərdir. Şəki tarixən Azərbaycanın mədəni mərkəzlərindən biri olub və bu ənənə indi də davam edir. Şəki, eyni zamanda, beynəlxalq tədbirlərin çox yüksək səviyyədə keçirildiyi bir şəhər kimi tanınır”.
Qoruğun direktoru Təranə Abdullayeva çıxışında tarixi məkanın özəlliklərindən bəhs edib. Bildirib ki, qoruğun ərazisində yaşı 300-dən 700-dək olan 24 ədəd Xan çinarı var və bu ağaclar dövlət tərəfindən qorunur. Xanlıqlar dövründə saxsı borularla çəkilən “Taclı” su kəmərindən indi də istifadə olunur. Yerli əhali bu gün də qədim ənənələrə sadiqdir. Qoruğun ərazisində qədim məhəllə adları indiyədək qorunub saxlanılır.
Bu ərazinin digər özəlliyi Azərbaycan mədəniyyətinə bəxş etdiyi görkəmli şəxsiyyətlərin adları ilə bağlıdır. Mirzə Fətəli Axundzadə, Rəşid bəy Əfəndiyev, Sabit Rəhman, Bəxtiyar Vahabzadə, Şəfiqə Axundova, Emin Sabitoğlu, Rasim Ocaqov Şəkinin bu məkanında doğulub. Bu şəxsiyyətlərin bir çoxunun qoruğun ərazisində ev-muzeyləri var.
Hazırda qoruğun ərazisində sənətkarlıq emalatxanaları fəaliyyət göstərir. Şəki sənətkarları tərəfindən 27 qədim sənət növü, o cümlədən şəbəkə, dulusçuluq, təkəlduz, xovlu tikmə, papaqçılıq, dabbaqlıq, ipəkçilik, nalbəndlik, misgərlik, dəmirçilik, zərgərlik və digər sənət növləri indiyədək qorunub saxlanılır, inkişaf etdirilir, gələcək nəsillərə çatdırılması üçün iş aparılır.
Yazıçılar Birliyi Şəki bölməsinin rəhbəri, şair Vaqif Aslan qədim şəhərin zəngin mədəni irsi ilə bağlı düşüncələrini diqqətə çatdırıb.
Tədbirdə mədəni irsin qorunması sahəsindəki xidmətlərinə görə qoruğun bir qrup əməkdaşına şəhər İcra Hakimiyyətinin, Mədəniyyət və Turizm Nazirliyinin fəxri fərmanları təqdim edilib.
Sonra “Yuxarı Baş” Dövlət Tarix-Memarlıq Qoruğunun veb-səhifəsinin təqdimatı olub.
Yubiley tədbiri konsert proqramı ilə başa çatıb.