Dekabrın 25-də Mədəniyyət və Turizm Nazirliyi Mədəniyyətşünaslıq üzrə Elmi-Metodik Mərkəzinin (MEMM) təşkilatçılığı ilə Azərbaycan Turizm və Menecment Universitetində (ATMU) Metodistlərin I Ümumrespublika seminar-müşavirəsi keçirildi.
   Tədbirdə çıxış edən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev ölkəmizdə fəaliyyət göstərən metodistlərin bir araya gələrək yeniləşən dünyada yeni üsullar axtarışında olmasını təqdirəlayiq hal kimi qiymətləndirdi: “Əsas məqsəd ondan ibarət olmalıdır ki, çağdaş dünyada Azərbaycan mədəniyyətini layiqincə təbliğ edək və mədəniyyət sahəsinin marketinq üzrə çevik inkişafına nail olaq”.
   Mərkəzin fəaliyyət istiqamətləri barədə tövsiyələrini verən nazir bildirdi ki, son dövrdə Elmi-Metodik Mərkəz tərəfindən görülən işlər, təşəbbüs və ideyalar, səsləndirilən fikirlər cavabsız qalmamalıdır: “Elm və təcrübə özünü ümumi işdə büruzə verməlidir. Mədəniyyət evləri, klub, musiqi məktəbləri, muzey və kitabxanalar işini yeni yanaşmalar əsasında qurmalıdır. Bunun üçün insanlarda sosial məsuliyyət hisləri artırılmalıdır. Bütün yeni metodiki tövsiyələrin yerlərdə tətbiqi həm də orada çalışan insanlardan yeni baxışlar tələb etməlidir”.
   Son illərdə nazirlik tərəfindən həyata keçirilən islahatlardan söz açan Əbülfəs Qarayev mədəniyyət mərkəzlərinin fəaliyyətində yeniliklərin tətbiqinin vacibliyini qeyd etdi. Vurğuladı ki, gənc nəslin mədəniyyətə, kitaba marağını artırmaq üçün müasir üsullardan geniş istifadə edilməlidir. Regionlarda həyata keçirilən islahatları diqqətə çatdıran nazir bu kontekstdə Azərbaycan, İtaliya və Avropa İttifaqının (Aİ) birgə iştirakı ilə ölkəmizdə icra olunan Tvinninq layihəsinin əhəmiyyətini qeyd etdi: “Tvinninq layihəsinin məqsədi eyni zamanda diqqəti mədəni irslə bağlı ehtiyaclara yönəltmək və Avropa ölkələrinin müvafiq təcrübə nümunələrini uyğunlaşdırmaqla mədəniyyət sektorunda daha strateji idarəetmə modeli yaratmaqdır. İnanırıq ki, bu layihə Azərbaycanda mədəniyyət sektorunun idarə edilməsində yeni metodların tətbiqinə öz töhfəsini verəcək. Buna görə də klub və mədəniyyət mərkəzləri, kitabxanalar fəaliyyətin yenidən qurulması, sosial məsuliyyətin artırılması üçün ideoloji və tərbiyəvi iş aparmalıdırlar”.
   Nazir vurğuladı ki, yeni ildə mədəniyyət sahəsi üzrə metodistlərin qarşısında vacib məsələlər dayanır. Elmi-Metodik Mərkəz və yeni yaradılacaq Metodiki şura mütləq yeniliklərlə dolu tövsiyələr hazırlamalıdır: “Bu tövsiyələr elə olmalıdır ki, yerlərdə çalışan əməkdaşlar bu yeniliyi qəbul etməyə nəinki hazır olsunlar, hətta onu arzulasınlar. Biz insanlara yeni və istədikləri xidmətləri göstərməyə hazır olmalıyıq. İstəyimiz ondan ibarətdir ki, Azərbaycanda mədəniyyətin idarə edilməsi tək dövlət tərəfindən deyil, geniş ictimai xarakter daşısın. Tvinninqin məqsədlərindən biri də yerlərdə yaradıcı mühitin formalaşdırılmasıdır. Yerlərdə mədəniyyətin idarə edilməsi ümumilikdə regionun yaradıcı mühitinə öz müsbət təsirini göstərməlidir. İdarəetmədə və yaradıcılıqda müasir sistem yaradaraq gələcək nəsillərə ötürməliyik”.
   Əbülfəs Qarayev UNESCO-nun müvafiq siyahılarında təmsil olunan mədəni sərvətlərimizin klub və mərkəzlər tərəfindən təbliğatının vacibliyini də diqqətə çatdırdı.
   Elmi-Metodik Mərkəzin direktoru Asif Usubəliyev mərkəzin son dövrdə gördüyü işlər haqqında məlumat verdi. Bildirdi ki, mərkəzin əsas prinsipi ünvanlı işdir. Görülən hər bir iş, atılan addımlar yeniliyə doğru və mədəniyyətin idarə edilməsində keyfiyyətin aşılanmasına yönəlib. A.Usubəliyev MEMM tərəfindən yeni yaradılan Metodiki şuranın fəaliyyət və strukturu haqqında məlumatı tədbir iştirakçılarının diqqətinə çatdırdı.
   Müşavirədə Ümumrusiya Metodistlər Şurasının sədri Andrey Belyayev, MEMM-in əməkdaşları Afaq Ağayeva, Elnarə Hacıyeva, Ceyhun Əhmədov, Metodiki şuranın üzvləri - fəlsəfə doktorları, AMEA Fəlsəfə İnstitutunun əməkdaşı Rəna Mirzəzadə, Memarlıq və İncəsənət İnstitutunun əməkdaşı Fərqanə Hüseynova metodiki işin mövcud vəziyyəti və XXI əsrdə əhaliyə göstərilən yeni xidmət üsulları ilə bağlı fikirlərini bölüşdülər. Vurğulandı ki, Metodiki şuranın yaradılması metodiki işin təkmilləşdirilməsi, mədəniyyət müəssisələri arasında fəaliyyətin daha səmərəli koordinasiyası və gənc əməkdaşlar arasında həmkarlıq ruhunun dəstəklənməsi məqsədi daşıyır.
   Daha sonra müşavirədə “Metodistlərin işində yeni trendlər: mədəniyyət mərkəzləri, mədəniyyət evləri və klublar” və “Metodistlərin işində trendlər (kitabxanalar üzrə)” problemləri üzrə məruzələr dinlənildi.
   
   Lalə