“Bülbül. Biblioqrafiya” kitabı və “Bülbül” elektron məlumat bazasının təqdimatı keçirildi
   
   Dekabrın 22-də Milli Kitabxanada Azərbaycan peşəkar vokal sənətinin banisi, görkəmli müğənni, SSRİ Xalq artisti Bülbülün anadan olmasının 120 illiyinə həsr edilmiş elmi konfrans, “Bülbül. Biblioqrafiya” kitabı və “Bülbül” elektron məlumat bazasının təqdimatı keçirildi. Kitab və elektron məlumat bazası Prezident İlham Əliyevin Bülbülün 120 illik yubileyinin keçirilməsi haqqında sərəncamına əsasən hazırlanıb.
    Tədbiri kitabxananın direktoru, professor Kərim Tahirov açaraq biblioqrafiya haqqında məlumat verdi. Bildirdi ki, kitabxana tərəfindən “Azərbaycanın görkəmli şəxsiyyətləri” seriyasından nəşr olunan kitabda böyük müğənninin həyat və yaradıcılığı, tərtib etdiyi musiqi əsərləri, məqalələri, ictimai-siyasi fəaliyyəti əhatə olunub.
   Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev çıxış edərək görkəmli sənətkar haqqında biblioqrafiyanın hazırlanmasını əlamətdar mədəniyyət hadisəsi kimi dəyərləndirdi. Musiqi mədəniyyəti tariximizdə silinməz iz qoyan Bülbülün bənzərsiz sənət dünyasından söz açan nazir qeyd etdi ki, müğənni Azərbaycan musiqisini beynəlxalq aləmdə yüksək səviyyədə təbliğ edib.
   Diqqətə çatdırıldı ki, Bülbül 1921-ci ildə təşkil olunan Azərbaycan Dövlət Konservatoriyasında ilk azərbaycanlı tələbə kimi vokal təhsili alır. Rus, Avropa klassik musiqisini mükəmməl öyrənir. Görkəmli sənətkar sonra vokal sənətinə dərindən yiyələnmək üçün İtaliyaya gedir. Burada 4 il müddətində dövrünün tanınmış musiqiçilərindən dərs alır və məşhur müğənnilərin yaradıcılığından bəhrələnir. Vətənə qayıtdıqdan sonra sənətin zirvəsinə doğru aparan yolla inamla irəliləyir. Milli köklərdən ayrılmayaraq, xalq musiqisi üçün səciyyəvi xüsusiyyətləri, ənənələri pozmayaraq, yeni üslub və məktəb yaratmağa nail olur. 
   Tədbirdə Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının rektoru, Xalq artisti Fərhad Bədəlbəyli, Milli Konservatoriyanın rektoru, Xalq artisti Siyavuş Kərimi, Bəstəkarlar İttifaqının katibi, Əməkdar incəsənət xadimi Sərdar Fərəcov, Xalq artisti Arif Babayev, professorlar Zemfira Qafarova, Gülnaz Abdullazadə, Lalə Hüseynova, “Musiqi dünyası” jurnalının baş redaktoru Tariyel Məmmədov və başqaları çıxış edərək mədəniyyətimizin, incəsənətimizin inkişafında, milli musiqi xəzinəmizin zənginləşməsi, gələcək nəsillərə çatdırılması yönündə görkəmli sənətkarın şərəfli xidmətlərindən söz açdılar. 
   Çıxışlarda biblioqrafiyanın sənətkarın yaradıcılığı və irsi ilə maraqlananlar üçün zəngin mənbə olduğu diqqətə çatdırıldı. Bildirildi ki, Qərb və Şərq ifaçılıq sənətində ortaq keyfiyyətləri kəşf edən Bülbül Azərbaycanda ilk professional vokal ifaçılığının bünövrəsini qoyub.
   Sonra Milli Kitabxananın şöbə müdiri Rübabə Səfərova “Bülbül” elektron məlumat bazasını iştirakçılara təqdim etdi. Bülbülün həyat və yaradıcılığına dair film nümayiş olundu.
   Görkəmli sənətkarın ailəsi adından çıxış edən Azərbaycanın Rusiya Federasiyasındakı səfiri, Xalq artisti Polad Bülbüloğlu ölkəmizdə Bülbülün adının hər zaman yüksək tutulduğunu, onun adı ilə bağlı festival və müsabiqələrin təşkil edildiyini, təkrarsız yaradıcılığının gənc nəslə təbliğ olunduğunu diqqətə çatdırdı. Ulu öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin Bülbülün yubileyləri ilə bağlı imzaladıqları sərəncamlar bütövlükdə Azərbaycan vokal sənətinə verilən dəyər kimi qiymətləndirdi. Buna görə ölkə rəhbərliyinə minnətdarlığını bildirən Polad Bülbüloğlu tədbir iştirakçılarına təşəkkür etdi.
   Tədbirdə əbədiyaşar sənətkarın ifasında “Ölkəm” və “Sevgili canan” romansları səsləndirildi.
   Sonda iştirakçılar “Bülbül - Azərbaycan professional vokal sənətinin banisi” adlı sərgi ilə tanış oldular. 
   
   Savalan Fərəcov