Azərbaycan Rəssamlar İttifaqının üzvü, bərpaçı-rəssam Bəybala Qarayev Şamaxının mədəni həyatında fəal iştirak edir. O, 1974-cü ildə rayonda rəssamlıq emalatxanası yaradıb. İlk dəfə rəssamlıq və rəqs dərnəkləri açıb. Bərpaçı-rəssam ayrı-ayrı illərdə onlarla beynəlxalq baxış-müsabiqənin qalibi olub, medal, diplom və fəxri fərmanlarla təltif edilib.
Bu məlumatlar Şamaxı rayon Mədəniyyət mərkəzində bərpaçı-rəssam B.Qarayevin anadan olmasının 70, yaradıcılıq fəaliyyətinin 45 illiyi münasibətilə keçirilən tədbirdə səsləndirilib.
İcra Hakimiyyəti başçısının müavini Gülnisə Ələkbərova, İsmayıllı Regional Mədəniyyət və Turizm İdarəsinin rəisi Elnur Hüseynov, idarənin məsləhətçisi Rəfail Tağızadə və başqaları Bəybala Qarayevin həyat və fəaliyyəti barədə ətraflı danışıblar. Bildirilib ki, 1974-cü ildə Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbini bitirdikdən sonra Şamaxı şəhərinin, küçə, meydan, park və bağların bədii tərtibatında öz əməyini əsirgəməyən sənətçi hazırda Şamaxı Tarix-Diyarşünaslıq Muzeyində bərpaçı-rəssam işləyir. Bərpaçı-rəssam 1976-cı ildə Moskva şəhərində keçirilən “Xalq təsərrüfatı nailiyyətləri” sərgisində iştirak edib və diplomla mükafatlandırılıb. “Sovet Azərbaycanı 60 ildə”, “İnsan əməklə ucalır” ümumittifaq sərgilərində iştirak edib, fəxri fərmanla təltif olunub. Alman faşizmi üzərində qələbənin 30 və 40 illik yubileyləri münasibətilə keçirilən bədii özfəaliyyət kollektivlərinə baxış müsabiqələrində ümumittifaq təşkilat komitəsinin fəxri fərmanları ilə təltif edilib. Ümummilli lider Heydər Əliyevin anadan olmasının 90 illiyinə həsr olunan “Xalı və xalçaçılıq” üzrə sənətkarların əl işlərindən ibarət zona sərgisində uğurlu iştirakına görə Mədəniyyətşünaslıq üzrə Elmi-Metodik Mərkəzin fəxri fərmanı ilə təltif olunub.
Tədbirin sonunda bərpaçı-rəssam B.Qarayev çıxış edərək tədbirin təşkilatçılarına və sənət dostlarına minnətdarlığını bildirib.