“Okeanın o tayı” da adlandırdığmız möcüzələr ölkəsinin ədəbi-bədii “Kolumb”u...
   
   27 avqust 1871-də İndiana ştatının Terre-Hote şəhərində ailənin 12-ci uşağı “qismində” (! - heç nəyin “ağına-bozuna baxmayan” müsəlman məmləkətlərinə nisbətdə, hər şeyin fərqinə varan Amerikada...) doğulmuş, əli böyük Qələminə yetənədək kasıblıq və xəyalpərəstliyə məruz qalmaqla, yaşam uğrunda mübarizə aparmağa məhkum olaraq jurnalistliyə başlamış Teodor elə ilk əsərlərindən “dünya şöhrəti” şosesinə qədəm qoyub... 
   Öncə, bu böyük sənətkarın dünyaca məşhur əsərlərinin adlarını sadalayaq: “Kerri bacı”, “Cenni Herhardt”, “Arzular trilogiyası”, “Amerika faciəsi”, “Dahi”, “Dayaq” romanları, “Vur, təbil!” pyesi, “Drayzer Rusiyaya baxır”, “Faciəli Amerika” və s. saysız-hesabsız publisistik əsərləri.
   İlk irihəcmli əsəri “Kerri bacı” olsa da, tək elə məsafəcə (əlbəttə, bizdən) yox, sentimental nağıl-noğulçuluqdan da uzaq Amerikanın bu dahisini təqdimata -
   
   “Dahi”sindən başlayaq... 
   
   Bəri başdan vurğulayım ki, sosializmə rəğbət bəsləyən, “Ernita” povestində Amerika ədəbiyyatına ilk kommunist surəti “bəxş” edən ədib, 1915-ci ildə yazdığı bu əsərdə burjua cəmiyyətində sənətkarın mənəvi faciəsini əks etdirib. 
   Və... məlum Sovet çağları maarifində bu əsərin nəinki məzmun-məfkurəsi, hətta adlığı belə aktiv-oyadıcı anlam-qavram işi də görüb; başda (!) Lenin-Marks-Engelslər olmaqla, Nizami-Füzuli-Mirzə Cəlillərin, Şekspir-Balzak-Tolstoyların ədəbi-mənəvi nəhəngliklərini “təyin”ləyən “dahi” terminini açıb-aşqarlaması baxımından. Müasir zəmanəmizlə yer-göy fərqi olan həmin o məktəbdənkənar informasiya qıtlığı dövründə, şagirdlərin çoxusu, dahiliyin nə olduğunu bu müəllifin öz “Dahi”sində yaratdığı rəssam Yucin Vitlanın timsalında anlayıb-unayıb. Çox diribaş məktəblilər isə bu böyük ustadın qələmilə aşkarlanan daha dərin sənətkarlıq elementlərinin, qlobal sosial-siyasi kataklizmlərin fərqinə varırdılar. Məsələn, ədibin həmin rəssamın həyat və fəaliyyətini ikili istiqamətdə - gah onu həyat girdablarına düşürməsi, gah ona çox yüksək təbəqələrin etimadını, milyonların sevgi-rəğbətini, Ancela, Kristina, Stella, Süzanna kimi kübarşaların sevgisini qazandırması, gah da “Stansiyadan keçən qatar” timsallı tabloları ilə böyük sərgi kontingentlərini “şok”a saldırması kimi “kontrast” epizodlarla epikləşdirib-dramatikləşdirib “dahiləşdirməsi”, habelə, ötən yüzilliyin ikinci yarısınadək “beşmərtəbə” ünvanı ilə seçilən paytaxtımızla müqayisədə əsrin əvvəllərinə saysız göydələn, metro və digər ecazkar infrastruktur nümunələrilə qədəm qoymuş Nyu-York Amerikasının bizdəkindən çox-çox fərqli həyat tərzi və s. 
   Keçid edək - bu yazıçının nəhəng sovetlər məkanında da məşhurlaşmasına görə minnətdar olmalı olduğu daha bir “SSRİ”lik əsərinə. Özü də belə bir şərhi-xitabla: Kəşf olunduğu vaxtlardan tarixin ən sürətli inkişafını yaşayan və artıq iki yüz ilə yaxındır dünyanın ən müxtəlif ora-buralarındakı yalan-doğru faciələrə həyanlıq edən bir ölkə və... onun ədəbiyyatında realizmin zirvəsi sayılan -
   
   “Amerika faciəsi”!?. 
   
   1927-ci ildə SSRİ-yə gəlmiş (fürsətkən bizim Bakıya da dəyib, İçərişəhərin qədimilik orijinallığına heyran qalmış), səfər təəssüratını səfərdaşının “Drayzer Rusiyaya baxır” adlandırdığı kitabında əks etdirmiş yazıçı SSRİ ideologiyasına “ləzzət” verən bu romanı iki il öncə qələmə almışdı. 
   Bütün hekayə, povest, pyes, esse və irihəcmli (hamısı da tərcümeyi-hal ladlı) əsərlərində yuxarıların yazıb-möhürlədiyi ictimai qaydaların aşağıdakı adilərə göstərdiyi əzici təsir və əks-təsir ideyalarının kompleksal təzahürü bu yazıçının bu ən məşhur romanının əsas mövzusunu təşkil edir. Çoxlarınızın bildiyi kimi, bu əsər - ecazkar bədii libasa bürünmüş real-həyati bir məhkəmə prosesinin protokoluna əsaslanır. Cəmiyyətdə irəli getməyə can atan gənc cinayət törədir, ölüm cəzasına məhkum edilir və oxucunun bəsirət gözləri qarşısında çox istedadlı, müdrik və həm də ictimai xadim statuslu bir müəllifin - artıq əvvəlki Spenser heyranlığından da xilas olmuş büsbütün “soyuqqanlı” Drayzerin ecazkar bədiiyyat dünyası açılır...
   
   “Cenni Herhardt”... 
   
   Bu ədəbi-bədii pomanı dünya əcnəbi-əcəmiyyatının XX əsr ictimai-siyasi Amerikasına “gid”siz-müşayiətçisiz bir mükəmməl səyahəti, ədibin öz “həmyerliləri” üçünsə, ikinci “Amerika kəşfi” hesab etmək olar. Çünki əsərin baş qəhrəmanı Cenninin həyatı fonunda cəmiyyətin əksər problemləri qeyri-adi bir ustalıqla verilib. Ayrı-ayrı dövrlərin ədəbi tənqidlərinin bu əsər haqda söylədiyi maraqlı fikirlərdən biri də bu: çox istedad və ustalıqla yaradılmış adi bir qulluqçu ilə bir milyonçunun sevgisi Amerikanın bütün ictimai-siyasi, ailə-məişət, təmiz-çirkin məhəbbət dünyasının kardioqramı kimi əks edilir. Bir də ona görə ki, yazıçı bu əsərində ictimai rəylərə daha çox nüfuz edir, o dövr tənqidinə məruz qalan başıbəlalı “Kerri bacı”sından ibrət götürübən yazdığı bu romanda cəmiyyət qınaqlarını daha çox önə çəkir və Amerikanın əsl ictimai simasını elə bu ümumxalq qamçısı ilə qırmanclayır. Ədib kapitalist rejimini SSRİvari yox, “ətini yeyib, sümüyünü atmayan” üslubda atəşə tuturdu; bu rejim yaradıcı insanları hansı duruma salır, təbəqələşmə nələr törədir və s. Sözümüzü bu yöndə davam etdiribən qısaca olaraq demiş olsaq - “Arzular trilogiyası”na daxil olan “Maliyyəçi”, “Titan” və “Dözümlü adam” romanlarında tanış olduğumuz inhisarçı Amerika kapitalizmi kimi... 
   Bu yazıçının ilk və çox məşhur romanlarından növbətisi (əslində, ilki) haqda onun şəxsi həyat-yaşam romanı ilə birgəlikdə bəhs edək.
   15 yaşından Çikaqoda işəmuzd çalışan, 18-ində İndiana Universitetinə qəbul olunan, 1892-95-ci illərdə müxtəlif şəhər (Çikaqo, Pitsburq, Nyu-York) qəzetlərində “dolanışıqsız” fəaliyyət göstərən, vurğunu olduğu H.Spenserin “insanlar yalnız və yalnız təbiətin köməksiz qurbanlarıdır” kimi qənaətlərilə tanışlıqdan həyati-maddi ümidsizliklərinə irrasional “fəlsəfiliklər” də əlavə edilən, “Balzak fəthi”ndən sonra isə, əsl həyati-fəlsəfi dünyabaxışına yiyələnən və bütün bunların realizə “bazar”ına - ədəbi-bədii aləm fəaliyyətinə başlayan Drayzer 1900-cu ildə ilk irihəcmli əsərini yazır: -
    
   “Kerri bacı”
   
   Ziqmund Freydin psixoanalitikası (xüsusən, “o-eqo-supereqo” üçbucağı) bucağından yanaşsaq, Drayzerin bu romanı Amerika ədəbi realizminin tozsuz-ləkəsiz güzgüsü və qadın psixologiyasının (ümumdünyəvi miqyasda və əlbəttə, bir az da məkr qatqarıyla) kişi psixologiyası üzərində qalibiyyət aktı kimi də götürmək olar. Bu əsərin baş qəhrəmanı haqda deyilmişlərin ən qısacığını xatırladım: “O, nə - etdiyi axmaq hərəkətlər qədər axmaq, nə də söylədiyi ağıllı sözlər səviyyəsində ağıllı idi”. Və bu fikrə qüvvət olaraq əlavə edim ki, Drayzer, bu çox psixozəngin Kerrisi ilə, bir çox sosial-psixoloji günah və xataların taqsırının insanlardan çox, qeyri-rasional qayda və qanunlarda olduğunu çox ustalıqla verə bilib. Amma...
   Bəli, baş qəhrəmanı öncə evli adamın məşuqəsi, sonra məşhur aktrisa olan Kerri yazıçıya şöhrətdən çox, nifrət, rüsvayçılıq, həqarət gətirir. Ədəbi tənqid Drayzeri qəddarlıq, əxlaqsızlıq və digər “lıq”lıqlarda günahlandırıb, ona “gəncləri pis yola çəkən” (Amerikada ha!) damğası vurur, 1250 nüsxədə çap edilmiş bu kitabdan oxuculara yalnız 450-si yetişir (qalan nüsxələr “dondurulur”) və bütün bu “vur-çatlasın”lardan yalnız 68 dollar 40 sentlik qonorar xeyiri götürən 30 yaşlı yazıçı düz 10 il sükuta qərq olur...
   Yeddi ildən sonra “Kerri bacı” İngiltərədə növbəti dəfə nəşr edildi və... bestsellerə çevrildi! Tənqidçilərin ən yüksək rəyini qazandı, bütün Avropa dillərində çap olundu və yalnız bundan sonra ABŞ-da nəşr edildi. Və ogündən-bugünə XX əsr Amerika ədəbiyyatının “vizit kartı” adlandırılmaqda...
   Bu böyük Amerika və... Dünya yazıçısı 1945-ci il dekabrın 28-də Hollivudda (Kaliforniya ştatı) vəfat edib...
    
   Tahir Abbaslı