Vətəndən uzaqlarda elm və mədəniyyətin inkişafı naminə yorulmadan fəaliyyət göstərən ziyalılarımızdan biri də pedaqoq, naşir, jurnalist və ictimai xadim Mustafa Lütfi Şirvani olub. O, Rusiyanın Həştərxan vilayətində islam maarifçiliyi və mətbuat sahəsində geniş fəaliyyət göstərib.
Mustafa Sədrəddin oğlu İsmayılov 1876-cı ildə Şamaxı şəhərində dünyaya göz açıb. İlk təhsilini atasından alıb, ərəb və fars dillərini mükəmməl öyrənib. Təhsilini davam etdirmək məqsədilə Türkiyəyə gedir. Bu dövrdə İstanbulda bir əqidə ətrafında birləşən şirvanlılar hörmət və nüfuz sahibi idilər. Belə bir mühitdə püxtələşən Mustafa az vaxt ərzində böyük hörmət qazanır, “Lütfi” təxəllüsü ilə şeirlər yazır.
Araşdırıcı Əli Şamil qeyd edir ki, Mustafa Lütfi iyirmi il İstanbulda qaldıqdan sonra, 1903-cü ildə ticarətçi kimi Həştərxana gedir. Burada da ticarət sahəsində uğur qazanır. Yerli noqaylardan olan tacir Zakir Xocayevlə dostluq əlaqələri qurur və müsəlmanların maariflənməsi yönündə işə başlayır. Şəhərdə fəaliyyət göstərən Müsəlman Xeyriyyə Cəmiyyəti ilə mütəmadi əlaqə saxlayan Mustafa Lütfi burada maarif və mədəniyyətlə bağlı söhbətlər aparır. Həmin vaxtlarda Baxçasarayda “Tərcüman”, Tiflisdə “Şərqi-Rus” qəzetləri çap olunurdu. M.Lütfi də Həştərxanda baş verənlərlə bağlı “Şərqi-Rus” qəzetinə məqalələr yazır.
M.Lütfi 1905-ci ilin sonlarında “Şurayi-İslam” cəmiyyətini yaradır. Cəmiyyətin üzvləri arasında Zakir Xocayev, Həbibulla Əfəndi Ömərov, Qurbanəli İrimbitov, Hadi Hacıoğlu və digər din və maarif xadimləri var idi. Bu cəmiyyət qısa müddətdə şəhərdə böyük nüfuz qazanır. Təşkilatın qərarı ilə 1906-cı ildə Həştərxanda oğlanlar üçün “Darül-ədəb”, qızlar üçün “Nümuneyi-tərəqqi” adlı yeni üsullu təhsil ocaqları açılır. Həmin ilin iyun ayında isə “Bürhani-tərəqqi” adlı qəzet işıq üzü görür. Qəzetə Nəcib Asri, Cahanşah Cabbarov, Yarulla Muradi kimi qələm sahibləri məqalə və şeirlər göndərir. M.Lütfi işinin çoxluğuna görə qəzetin redaktorluğunu Nəcib Asriyə həvalə edir. Eyni zamanda Azərbaycanın istedadlı gənc romantik şairi Məhəmməd Hadini Həştərxana dəvət edir. Hadi 1906-cı ilin may-sentyabr aylarında Həştərxanda yaşayıb fəaliyyət göstərir. Lakin Əli bəy Hüseynzadənin dəvəti ilə Bakıya qayıdır.
M.Lütfinin fəallığından şübhələnən Həştərxan məmurları onun müsəlmanları maarifləndirmək, onların birliyinə nail olmaq, nəqşibəndiliyi yaymaq yönündə ciddi addımlar atmasından rahatsız olurlar. Ona müxalif qüvvə kimi yerli müsəlmanlardan Abdraxman Umarovun rəhbərliyi altında “Cəmiyəti-İslamiyyə” adlı qurum yaradırlar. Bu cəmiyyət “İdil” adlı qəzetin nəşrinə icazə alır. 7 sentyabr 1907-ci ildə qəzetin ilk nömrəsi işıq üzü görür. “Bürhani-tərəqqi”nin müxbiri Zahidullah Şerifullin nəşrin baş redaktoru olur. İlk baxışda eyni məqsədə xidmət edən cəmiyyətlər və qəzetlər arasında açıq mübarizə başlayır.
M.Lütfi və onun sədr olduğu cəmiyyət I Dövlət Dumasına seçkilərdə zəif nəticə göstərsə də, ikinci Dumaya seçkilərdə fəallıq nümayiş etdirir. Eyni zamanda Rusiya müsəlmanlarının II və III qurultaylarında fəal iştirak edirlər. Üçüncü qurultayda o, İsmayıl bəy Qaspıralı, Əlimərdan bəy Topçubaşov, Yusif Akçura, Abdurrəşid İbrahimov və başqaları ilə bərabər “İttifaqi-Müsəlman” təşkilatının idarə heyətinə seçilir. Qurultayın qərarı ilə M.Lütfi təşkilatın Həştərxan nümayəndəsi təyin edilir. O da “Şurayi-İslam”ı “İttifaqi-Müsəlman” təşkilatının bir şöbəsinə çevirir.
Çar hökuməti nəqşibəndi təriqətinə məxsus birinin Həştərxanda qısa müddətdə belə nüfuz qazanmasından ehtiyatlanır. Ona görə də “Şurayi-İslam”la “Cəmiyyəti- İslam”, “Bürhani-tərəqqi” və “İdil” qəzetləri arasındakı ziddiyyətləri dərinləşdirir. Ziddiyyətlər o həddə çatır ki, “İttifaqi-Müslimin” təşkilatının sədri Əlimərdan bəy Topçubaşov Həştərxana gedir. Qurumlar arasında olan ixtilafın aradan qaldırılması üçün böyük səy göstərsə də, heç nə əldə olunmur. M.Lütfi bir neçə dəfə məhkəməyə düşür, lakin cərimə ödəməklə həbsdən azad olunur. 1912-ci ildə onun yaratdığı məktəblər bağlanır, qəzetinin fəaliyyəti dayandırılır. Ticarəti iflasa uğradığından Həştərxanı tərk edir.
Mənbələrdə Mustafa Lütfi Şirvaninin sonrakı taleyi haqqında səhih məlumat yoxdur. Onun adı həm çar hökuməti dövründə, həm də sovet zamanında ancaq tənqid olunmaq üçün çəkilib...
Savalan Fərəcov