Daşkənddəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzində (AMM) 2017-ci ilin yekunlarına həsr olunmuş tədbir keçirilib. Tədbirdə özbək ədiblərinə AMEA Nizami adına Ədəbiyyat İnstitutunun mükafatları təqdim olunub.
AMM-in direktoru Samir Abbasov ötən müddət ərzində Mədəniyyət Mərkəzinin keçirdiyi layihələr barədə məlumat verib, Daşkənd və Səmərqənd şəhərlərində “Azərbaycan mədəniyyəti həftəsi”nin keçirildiyini, Özbəkistan Elmlər Akademiyasının Tarix Muzeyində “Azərbaycan - Qafqazın dürdanəsi” adlı pavilyonun açıldığını, iki ölkə arasında dostluğun təbliği istiqamətində çoxsaylı tədbirlərin və nəşrlərin reallaşdırıldığını söyləyib.
Sonra o, Azərbaycanla Özbəkistan arasında elmi-ədəbi əlaqələrin inkişafında və təbliğində xüsusi xidmətləri olan bir sıra tanınmış şair, yazıçı və tərcüməçiyə fəxri fərmanlar təqdim edib. Onların arasında şair və tərcüməçi Osman Kuçkar (ölümündən sonra), Özbəkistanın “Kitob dunyosi” qəzetinin baş redaktoru Xasiyət Rüstəm, ədəbiyyatşünas və tərcüməçilər Babaxan Şərif, Şəhla Qasımova, Rüstəm Cabbarov, dahi Azərbaycan şairi Nizami Gəncəvinin “Xəmsə”sini ilk dəfə olaraq özbək dilinə tərcümə edən şair və tərcüməçi Olimcon Buriyev, tədqiqatçı Sırdərya Utanova və başqaları var.
Mərasim konsert proqramı ilə davam edib, özbək müğənniləri Azərbaycan və özbək mahnılarını ifa ediblər.