Dekabrın 27-də Beynəlxalq Muğam Mərkəzində Mədəniyyət və Turizm Nazirliyi Aparatı işçilərinin və nazirliyin strukturuna daxil olan qurumların rəhbər şəxslərinin iştirakı ilə 2017-ci ilin yekunlarına həsr olunmuş kollegiya iclası keçirildi.
İclası mədəniyyət və turizm naziri Əbülfəs Qarayev açaraq gündəlikdə duran məsələlərlə bağlı məlumat verdi.
Kollegiya iclasında hesabat məruzəsi ilə çıxış edən nazir 2017-ci ildə ölkəmizdə keçirilən beynəlxalq tədbirlər, mədəniyyətin ayrı-ayrı sahələrinin inkişaf etdirilməsi, ölkəmizin turizm imkanlarının təbliği istiqamətində görülən işlər, həyata keçirilən layihələr və əldə olunan nailiyyətlərdən ətraflı söz açdı.
“Azərbaycan nüfuzlu beynəlxalq tədbirlərə ev sahibliyi edən ölkəyə çevrilib”
2017-ci ildə Mədəniyyət və Turizm Nazirliyinin fəaliyyətinin ölkə başçısının tapşırıq və sərəncamlarına uyğun olaraq, eləcə də müvafiq dövlət proqramlarının icrası istiqamətində həyata keçirildiyini deyən Əbülfəs Qarayev vurğuladı ki, bu il Azərbaycan nüfuzlu beynəlxalq tədbirlərə ev sahibliyi edən ölkəyə çevrildiyini bir daha sübut etdi. May ayında Bakıda IV Dünya Mədəniyyətlərarası Dialoq Forumunun yüksək səviyyədə gerçəkləşdiyini xatırladan nazir bildirdi ki, Prezident İlham Əliyev tərəfindən irəli sürülən “Bakı prosesi” və Dünya Mədəniyyətlərarası Dialoq Forumu bu il həmçinin BMT-nin hesabatında və qurumun baş katibinin xüsusi məruzəsində dünyanın mədəniyyətlərarası dialoq mövzusunun əsas tərkib hissəsi kimi qeyd edilib: “Bu, onu göstərir ki, Azərbaycanda multikulturalizm ənənələrinin qorunması və inkişafı Prezident İlham Əliyev tərəfindən siyasi xətt kimi həyata keçirilir. Artıq ölkəmiz bu prosesin mərkəzi kimi qəbul edilir və bu, beynəlxalq ictimaiyyət tərəfindən yüksək qiymətləndirilir. Fəxr edirik ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə həmin siyasətin həyata keçirilməsində Mədəniyyət və Turizm Nazirliyi də yaxından iştirak edir”.
Bəşəriyyətin mədəni xəzinəsindəki irs nümunələrimizin sayı artır
Əbülfəs Qarayev bildirdi ki, xalqımızın yaratdığı mədəniyyət abidələrinin, milli irs nümunələrinin UNESCO-nun müvafiq siyahılarında yer alması olduqca təqdirəlayiq haldır. Bu istiqamətdə görülən işlər mədəni dəyərlərimizin dünya miqyasında tanınması baxımından böyük əhəmiyyət daşıyır. Son illər bəşəriyyətin mədəni irs xəzinəsi Azərbaycanın mədəni irs nümunələri ilə zənginləşməkdədir: “2017-ci il milli mətbəximizin nümunəsi olan dolmanın hazırlanma və paylaşma ənənəsinin, habelə musiqi irsimizin nümunəsi olan kamança alətinin hazırlanması və ifaçılıq sənətinin UNESCO-nun Qeyri-maddi mədəni irs siyahısına daxil edilməsi ilə yadda qaldı. Bu uğurun mədəniyyət tariximizdə xüsusi əhəmiyyəti var. Bundan öncə muğam ifaçılığı və tar sənəti də UNESCO-nun siyahısına daxil edilmişdi, bu o deməkdir ki, Azərbaycan xalqına məxsus olan muğam üçlüyü - yəni xanəndə, tar və kamança ifaçılığı - bütövlükdə bəşəriyyətin mədəniyyət inciləri sırasında yer alıb”.
Vurğulandı ki, Azərbaycan irs nümunələrinə UNESCO səviyyəsində diqqət ayrılması ölkəmizin bu mötəbər beynəlxalq təşkilatla sıx əlaqələrinin bir daha təsdiqidir. Nazir qeyd etdi ki, bu il Şəki xanlarının sarayı və şəhərin qədim hissəsinin UNESCO-nun Dünya irsi siyahısına salınması istiqamətində də ilk addım atılıb və ümidvar olduğunu bildirdi ki, növbəti illərdə bu iş də uğurla yekunlaşacaq.
Əbülfəs Qarayev ölkəmizdə mədəniyyət sahəsinin inkişafı, mədəni irsimizin təbliği ilə bağlı görülən işlər çərçivəsində Heydər Əliyev Fondunun xətti ilə keçirilən tədbirləri xüsusi qeyd etdi, həmçinin Fondun təşkilatçılığı və nazirliyin iştirakı ilə bir sıra beynəlxalq festivalların, layihələrin reallaşdırıldığını diqqətə çatdırdı.
“Regionlarda mədəni xidmətlər yeni səviyyədə qurulmalıdır”
Nazir bildirdi ki, 2017-ci ili maraqlı edən səbəblərdən biri də nazirlikdə struktur dəyişikliklərinin aparılmasıdır. “Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin strukturunun təkmilləşdirilməsi haqqında” Prezident İlham Əliyevin 29 mart 2016-cı il tarixli sərəncamına uyğun olaraq bu ilin yanvarından nazirliyin Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsi ilə yanaşı, 15 regional mədəniyyət və turizm idarəsi yaradılıb. İslahatların aparılmasının əsas məqsədi yerlərdə mövcud problemlərin həlli, mədəniyyət müəssisələrinin fəaliyyətinin optimallaşdırılması, tələblərə uyğun gəlməyən müəssisələrin gələcək fəaliyyəti haqqında qərarların verilməsi idi: “Həyata keçirilmiş struktur islahatları mədəniyyət və turizm sahələrində daha çevik idarəçiliyin təmin olunmasına, eləcə də büdcə xərclərinin daha səmərəli istifadəsinə xidmət edir. Hesab edirəm ki, bu, vaxtında verilmiş bir qərar idi. Hazırda bizim qarşımızda duran əsas vəzifə regionlarda mədəni xidmətlərin yeni səviyyədə qurulmasıdır. Bu islahatlar müasirləşmə və yeni texnologiyaların tətbiqi ilə bağlıdır. Qazanılan uğurlarla yanaşı, qarşımızda böyük tələblər və məqsədlər də var”.
15 film, 40-dək beynəlxalq festival...
Məruzədə milli kinonun inkişafı istiqamətində atılan addımlardan da söz açıldı. Nazir bildirdi ki, bu sahədə beynəlxalq əməkdaşlıq çərçivəsində işlər davam etdirilir: “Ölkəmizdə bu qəbildən tədbirlər reallaşıb, kino günləri keçirilib. İl ərzində 15 filmimiz 20 ölkədə keçirilmiş 39 beynəlxalq festivalda 53 dəfə iştirak edərək 19 mükafat qazanıb. Ölkəmizdə keçirilən Beynəlxalq Turizm Filmləri Festivalı dünyanın bu sahə üzrə nüfuzlu festivallarından birinə çevrilib. Bunu ildən-ilə artan iştirakçı ölkələrin və təqdim olunan filmlərin sayı da bir daha sübut edir”.
Əbülfəs Qarayev film nümayişi işinin müasir tələblər səviyyəsində qurulması istiqamətində görülən işlərdən də danışdı: “Bu istiqamətdə Nizami Kino Mərkəzinin işini xüsusi qeyd etmək istərdim. Son dövrlər burada maraqlı tədbirlərin, festival və təqdimatların keçirilməsi ənənə halını alıb. İndi biz bu mərkəzin təcrübəsindən istifadə edib regionlarda da bu istiqamətdə addımlar atmalıyıq. Bilirsiniz ki, bu il sentyabrın 15-dən başlayaraq ölkəmizdə kino mövsümünün açılışı qeyd olundu. Nümayiş olunan filmlər maraqla qarşılandı. Regionlarda film nümayişi işi daha da genişləndirilməli və müasir tələblər səviyyəsində xidmət göstərilməlidir”.
Nazir vurğuladı ki, gələn il Azərbaycan kinosunun 120 illiyi qeyd olunacaq.
Qoruqlarda turistlər üçün maraqlı proqramlar hazırlanmalıdır
Tarix və mədəniyyət qoruqlarının fəaliyyəti haqqında danışan Əbülfəs Qarayev qeyd etdi ki, əgər 2016-cı ildə qoruqları 356 min nəfər ziyarət etmişdisə, bu ilin 11 ayında ziyarətçilərin sayı 384 min nəfər olub: “Hesab edirəm ki, bu rəqəmlər kifayət qədər böyük olsa da, ölkəmizə gələn turistlərin sayı baxımından bizim üçün qənaətbəxş hesab oluna bilməz. Yerli vətəndaşların və xarici turistlərin tarix və mədəniyyət qoruqlarına səfərlərinin artırılması üçün maraqlı proqramlar hazırlanıb həyata keçirilməlidir. Qobustan qoruğunda 3D texnologiyasının tətbiq olunması müsbət təcrübədir. Nazirlik Yaponiyanın Tokio Universiteti və Azərbaycan Milli Elmlər Akademiyası ilə birlikdə Avey Dövlət Tarix-Mədəniyyət Qoruğunda 5 illik tədbirlər planı hazırlayaraq həyata keçirəcək. Bu da bizə ərazidə tədqiqatların aparılmasına imkan verəcək. Həmçinin Qəbələdə SEBA - Azərbaycan-Koreya Mədəniyyət Mübadiləsi Assosiasiyasının köməyi ilə arxeoloji kompleks formalaşıb. Burada arxeoloji qazıntılar aparılaraq aşkar olunan tarixi mədəniyyət nümunələrinin qorunması üçün infrastruktur yaradılıb”.
Turizm sənayesində yeniliklər ili
Turizm sahəsində görülən işlərdən söz açan nazir Turizm Şurasının fəaliyyətə başlamasından bir il ötdüyünü diqqətə çatdırdı: “2016-cı il dekabrın 27-də Prezident İlham Əliyevin fərmanı ilə Azərbaycan Respublikası Turizm Şurasının tərkibi təsdiq olundu. Birillik fəaliyyəti dövründə Turizm Şurasının altı geniş tərkibli iclası keçirilib. İclaslarda 100-dən çox qərar qəbul olunub. Bu qərarlar turizm infrastrukturunun inkişafına, eyni zamanda Strateji Yol Xəritəsinin icrasına müsbət təsir göstərir. Bununla yanaşı, 2017-ci ildə ilk dəfə keçirilən Bakı Şopinq Festivalı turizm sahəsində önəmli yenilik oldu”.
Bildirildi ki, yaz və payız mövsümündə təşkil olunan bu festivallar növbəti ildə də keçiriləcək. Eyni zamanda bu tip festivallar arasında ilk dəfə olaraq ƏDV-nin qaytarılması Azərbaycan vətəndaşlarına da şamil olundu. Bakı Şopinq Festivalı ölkəmizdə nağdsız alış-veriş sahəsində ciddi irəliləyişə təkan verdi, nağdsız ödəmələrin sayı 840 faiz artdı.
Qeyd olundu ki, bu gün ölkəmizdə həm yay turizmi, həm qış turizmi, eləcə də sağlamlıq, mədəni turizm inkişaf dövrünü yaşayır. Yeni turizm zonalarının yaradılması istiqamətində həyata keçirilən tədbirlər də davam etdirilir.
Xarici turistlərin Azərbaycana rahat səfər etmələri üçün bir sıra MDB ölkələrinin vətəndaşları vizasız, bir sıra ölkələrin vətəndaşları isə sadələşdirilmiş vizalardan istifadə edirlər. 2012-ci ildə elektron viza sisteminin yaradılması, bu ilin yanvar ayının 10-dan isə “ASAN viza” sisteminin tətbiqi ölkəmizə elektron viza alınmasını ən gec 3 gün ərzində mümkün edir. Görülən işlərin nəticəsidir ki, 2017-ci ildə ölkəmizə gələn xarici turistlərin sayında da ciddi artım qeydə alınıb. Bu ilin on bir ayı ərzində ölkəmizə gələn xarici vətəndaşların sayı 20 faiz artaraq, 2 milyon 477 min 908 nəfər olub. Ölkəmizdən xaricə gedənlərlə ölkəmizə gələnlər arasında bu il ilk dəfə müsbət saldo qeydə alınıb.
Kitabxana və nəşriyyat işi inkişaf edir
Hər il nazirliyin dəstəyi ilə müxtəlif kitabların nəşr olunduğunu deyən Əbülfəs Qarayev qeyd etdi ki, kitaba marağın artırılması istiqamətində müxtəlif tədbirlər keçirilir. Nazirliyin dəstəyi ilə keçirilən Buktreyler festivalını həm kitab və mütaliənin təbliği, həm də kino adına əlamətdar hadisə hesab etmək olar. Yeni nəşr olunan kitabların elektron variantının yayılması da təmin olunmalıdır.
Bu ilin sentyabrında V Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkasının keçirildiyini, ölkəmizin müxtəlif kitab sərgilərində uğurla təmsil olunduğunu diqqətə çatdıran nazir bildirdi ki, bu tədbirlər kitab nəşri və kitabxana işinin daim dövlətin diqqət mərkəzində olduğunu göstərir: “Kitab işinə verdiyimiz xüsusi önəmi dünyanın müxtəlif ölkələrində təşkil olunan kitab sərgilərində iştirakımızla bir daha təsdiq edirik”.
Məruzədə Azərbaycanda kitabxana sahəsində müasir informasiya texnologiyalarının tətbiqi ilə bağlı görülən işlərin daha da sürətləndirilməsinin vacibliyi vurğulandı: “Azərbaycanda kitabxana şəbəkəsinin genişləndirilməsi və inkişafı ilə bağlı müvafiq dövlət proqramı və layihələr həyata keçirilir. Biz Mərkəzləşdirilmiş Elektron Kitabxana-İnformasiya Sisteminin (ALİSA) yaradılmasını həyata keçirmişik. Bu sistem vasitəsilə ölkə kitabxanaları vahid şəbəkədə birləşdirilib. Bu da yeni dövrdə kitabxana-informasiya sisteminin qarşısında duran vəzifələrin öhdəsindən gəlməyə yönəlmiş bir addımdır. İndi biz yeni texnologiyalardan yararlanaraq xidmət səviyyəsinin yüksəldilməsi, kitabxana xidmətinin çeşidinin daha da artırılması istiqamətində çalışmalıyıq”.
2018-ci ildə müəllimlərin attestasiyası keçiriləcək
Nazirliyin sisteminə aid olan təhsil müəssisələrinin fəaliyyətindən danışan Əbülfəs Qarayev Azərbaycan Turizm və Menecment Universiteti (ATMU) və Bakı Xoreoqrafiya Akademiyasının (BXA) fəaliyyətini yüksək qiymətləndirdi.
Qeyd etdi ki, turizm sahəsində görülən işlərin uğurla davam etdirilməsi, turizm müəssisələrində xidmət səviyyəsinin artırılması üçün yüksəkixtisaslı kadrlara tələbatın ödənilməsi baxımından ATMU-nun üzərinə böyük məsuliyyət düşür. Buna görə də Azərbaycan Turizm və Menecment Universiteti, Mingəçevir Turizm Kolleci, eləcə də Bakı Turizm Peşə Məktəbi kadr hazırlığında özünü doğrultmaqdadır.
Nazir diqqətə çatdırdı ki, bu il də ölkəmizdə mədəniyyət ocaqları, musiqi məktəbləri təmir-bərpa olunaraq yenidən qurulub. Bu da öz növbəsində həm əhaliyə göstərilən xidmətlərin səviyyəsinin artırılması, uşaqların daha yaxşı şəraitli məktəblərdə təhsil almaları, eləcə də müəllimlər üçün rahat iş yerləri deməkdir. Qeyd olundu ki, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın iştirakı ilə Maştağa Mədəniyyət mərkəzinin və Leopold və Mstislav Rostropoviçlər adına 21 nömrəli onbirillik Musiqi məktəbinin yeni binalarının açılış mərasimi bu sahəyə diqqətin bariz nümunəsidir.
Əbülfəs Qarayev 2018-ci ildə Mədəniyyət və Turizm Nazirliyi sistemində fəaliyyət göstərən musiqi və incəsənət məktəblərində müəllimlərin attestasiyasının keçiriləcəyini də vurğuladı.
Milli teatrımızın 145 illiyi ərəfəsində
Nazir çıxışında teatr sahəsinin inkişafını səciyyələndirən amillərdən də danışdı. Vurğulandı ki, ölkə başçısının bu sahə ilə bağlı imzaladığı sərəncamlar, həyata keçirilən müvafiq dövlət proqramı artıq öz bəhrəsini verir. Teatr binalarında əsaslı təmir və yenidənqurma işləri paytaxtla yanaşı, regionlarda da davam etdirilir.
Teatrların maddi-texniki bazasının yaxşılaşdırılması, bu sahənin təmsilçilərinin fəxri adlar, mükafatlarla təltif olunması sənətə və sənətkara yüksək diqqətin nümunəsidir. Beynəlxalq tədbirlərdə iştirak, qarşılıqlı səfərlər, birgə layihələr bu sahədə əməkdaşlığa mühüm zəmin yaradır. Qarşıdakı illərdə Şuşa və İrəvan teatrlarının binalarının təmir olunması istiqamətində də işlər həyata keçiriləcək. Bu gün Azərbaycan teatrı yeni bir mərhələni yaşayır. İl ərzində dövlət sifarişi əsasında çoxlu sayda tamaşalar təqdim olunub, yeni layihələr reallaşıb.
Nazir “Azərbaycan teatrı 2009-2019-cu illərdə” Dövlət Proqramına uyğun olaraq üçcildlik “Azərbaycan Teatr Ensiklopediyası”nın nəşrini bu sahədə əlamətdar hadisə kimi səciyyələndirdi. Vurğulandı ki, 2018-ci ildə milli teatrımızın 145 illiyi geniş qeyd olunacaq.
Musiqimizin sədası dünyaya yayılır
Bu il də ölkəmizdə və xaricdə muğamlarımız, aşıq sənətimiz, milli bəstəkarlıq məktəbi təmsilçilərinin yaratdığı nümunələrdən ibarət müxtəlif konsert proqramları keçirildi. Əbülfəs Qarayev bu tədbirlər sırasında Heydər Əliyev Fondunun təşəbbüsü və təşkilatçılığı, nazirliyin icrası ilə Azərbaycan mədəniyyətinin təbliğinə həsr olunmuş layihələrin, silsilə tədbirlərin keçirilməsini xüsusi qeyd etdi. Ötən illərdə olduğu kimi, bu il də ölkəmizdə bir sıra musiqi festivallarının keçirildiyini dedi: “Bu il həmçinin bizim üçün Azərbaycan Dövlət Rəqs Ansamblının Rusiyada böyük bir festivalın açılışında iştirakı ilə əlamətdar oldu. Düşünürəm ki, bu çox uğurlu bir çıxış idi. Eyni zamanda Azərbaycan Dövlət Simfonik Orkestri Rusiyanın eyniadlı orkestri ilə bərabər ilk dəfə olaraq bir konsert proqramı ilə çıxış etdi. Bu da o deməkdir ki, Azərbaycan musiqisi inkişaf edir və dünyada təbliğ olunur”.
Nazir diqqətə çatdırdı ki, bu il Nazirlər Kabinetinin qərarı ilə Azərbaycan Dövlət Filarmoniyasına akademik status verilib və orada çalışanların əmək haqları artırılıb.
Muzeylər yeni tələblər qarşısında
Ölkəmizdə muzey işi, bu sahədə qarşıda duran vəzifələr, yeniliklərin tətbiqi barədə danışan nazir Azərbaycan Xalça Muzeyi və Milli İncəsənət Muzeyinin bu gün mədəniyyətimizi müasir səviyyədə təbliğ etdiyini vurğuladı: “Ölkə başçısı İlham Əliyev muzey sahəsinə də yüksək diqqət və qayğı göstərir. Bu gün möhtərəm Prezidentimiz hansı regiona səfər edirsə, görürük ki, orada ya bayraq muzeyi, ya da tarix-diyarşünaslıq muzeylərinin açılışını edir. Ona görə də muzeylərimiz işini günün müasir tələbləri səviyyəsinə qaldırmalı, təcrübə mübadiləsi üçün beynəlxalq əməkdaşlıq əlaqələri gücləndirilməlidir. Bakıda yerləşən bütün muzeylərin fəaliyyətini gücləndirmək istiqamətində müəyyən addımlar atılır. Regionlarımızda olan tarix-diyarşünaslıq muzeyləri, rəsm qalereyaları da təmir edilir, yeni ekspozisiyalar yaradılır. Muzeylərin rəhbərləri və əməkdaşları öz üzərlərində daha çox çalışmalı, yeni tələbləri hiss edərək işlərini ona uyğun qurmalıdırlar. Xüsusilə muzeylərdə bələdçilərin bilik səviyyəsinin artırılmasının vacibliyini qeyd etmək istəyirəm. Bəzi muzeylərdə bələdçilərin bilik səviyyəsi aşağıdır. Ona görə də 2018-ci ildə muzeylərdə də işçilərin attestasiyasının keçirilməsi nəzərdə tutulur”.
Görkəmli şəxsiyyətlərin yubileyləri keçirilib
Əbülfəs Qarayev vurğuladı ki, ötən illərdə olduğu kimi, 2017-ci ildə də dövlət başçısı bir sıra mədəniyyət, incəsənət xadimlərinin, yazıçı və şairlərin, tarixi şəxsiyyətlərin yubileyləri haqqında müvafiq sərəncamlar imzalayıb. Həmin sərəncamların icrası ilə bağlı nazirlik tərəfindən digər aidiyyəti qurumlarla birgə silsilə tədbirlər planı hazırlanaraq həyata keçirilib. Bakıda böyük Azərbaycan bəstəkarı və dirijoru Niyazinin heykəlinin açılışı gerçəkləşdi. Eyni zamanda bir sıra xarici ölkələrdə də Azərbaycanın görkəmli mədəniyyət adamlarının abidəsi ucaldıldı. Böyük şair Molla Pənah Vaqifin 300 illiyi UNESCO-nun yubileylər siyahısına salınıb, həmçinin TÜRKSOY səviyyəsində geniş qeyd olunub.
Nazir ölkəmizin BMT-yə üzv qəbul edilməsinin 25-ci ildönümü münasibətilə BMT-nin Cenevrə bölməsində, Millətlər Sarayının qarşısında yerləşən Ariana parkında Azərbaycan dövlətinin hədiyyəsi olan “Düşüncələr və arzular” adlı heykəltəraşlıq abidəsinin açılışını da ilin əlamətdar hadisələri sırasında qeyd etdi. Bildirildi ki, növbəti ildə general Cəmşid Naxçıvanskinin abidəsinin qoyulması nəzərdə tutulur.
Mədəniyyət və turizmlə bağlı tədbirlər media orqanlarında
Əbülfəs Qarayev vurğuladı ki, ölkəmizdə mədəniyyət və turizmlə bağlı keçirilən tədbirlər, layihələr müxtəlif media orqanlarında geniş işıqlandırılıb. İl ərzində qəzetlərdə mədəniyyətlə bağlı 26 min 300, turizmlə bağlı 13 mindən çox yazı, televiziya kanallarında mədəniyyət sahəsində 17 min 700, turizm sahəsində 6 mindən çox süjet, saytlarda isə mədəniyyət üzrə 99 min 940, turizm üzrə 54 mindən çox informasiya verilib.
Nazir sonda bir daha diqqətə çatdırdı ki, 2018-ci ildə əsas hədəf bütün sahələrdə müasir texnologiyalardan istifadə imkanlarının genişləndirilməsi və göstərilən xidmətləri günün tələbləri səviyyəsinə çatdırmaqdan ibarət olacaq: “Gələn il qarşımızda bir neçə başlıca vəzifə dayanır. Yeni texnologiyaların geniş tətbiqi, sosial məsuliyyətin artırılması və nazirliyin 5 illik strategiyasının hazırlanması. Bunlar olduqca vacib məsələdir. Biz indidən bilməliyik ki, 5 il sonra nəyə nail olmaq istəyirik və bu istiqamətdə hansı problemləri həll etməliyik, hansı tədbirləri görməliyik”.
Kollegiya iclasında 2017-ci ilin yekunlarına dair hesabat qəbul edildi. Həmçinin Mədəniyyət və Turizm Nazirliyinin 2018-ci ilin birinci yarısı üçün iş planı təsdiq edildi.
Əbülfəs Qarayev növbəti ildə nəzərdə tutulan işlərin həyata keçirilməsində hər kəsə uğurlar arzuladı.
Fariz Hüseynov