Dekabrın 26-da Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə elan etdiyi fərdi jurnalist yazıları müsabiqəsində birinci yerə layiq görülən media nümayəndələrinin mükafatlandırılması mərasimi keçirilib.
   Fondun icraçı direktoru Vüqar Səfərli tədbirdə çıxış edərək bildirib ki, il ərzində ənənəvi olaraq üç dəfə - Novruz bayramı, Milli mətbuat günü və Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə - belə müsabiqələr keçirilir. Axırıncı müsabiqəyə 66 KİV-dən 19 istiqamət üzrə 153 yazı təqdim edilib. Hər istiqamət üzrə 6 (1 birinci, 2 ikinci və 3 üçüncü yer) mükafat nəzərdə tutulub.
   Mərasimdə çıxış edən Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov ölkəmizdə medianın inkişafı istiqamətində görülən işlərdən danışıb. 2017-ci ilin "İslam həmrəyliyi ili" elan olunduğunu diqqətə çatdıran Əli Həsənov deyib ki, başa çatmaqda olan ildə İslam ölkələri arasında həmrəyliyi gücləndirmək üçün Azərbaycan tərəfindən xaricdə və ölkə daxilində mühüm tədbirlər keçirilib. 
   Yola saldığımız ilin jurnalistika üçün uğurlu olduğunu vurğulayan Əli Həsənov deyib: "2017-ci ildə 255 jurnalist ailəsi yeni mənzillə təmin olundu. Prezident İlham Əliyevin vurğuladığı kimi, jurnalistlərə qayğı davam etdiriləcək". Əli Həsənov qeyd edib ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, azərbaycanlılara qarşı törədilən Xocalı və digər soyqırımları barədə məlumatların dünya ictimaiyyətinə çatdırılması 2018-ci ildə də KİV-in diqqət mərkəzində olmalıdır.
   Mətbuat Şurasının sədri, Milli Məclisin deputatı Əflatun Amaşov çıxış edərək 2017-ci ildə Azərbaycan mediasının daha da püxtələşdiyini, peşəkarlığının artdığını söyləyib. 
   Türkiyənin ölkəmizdəki səfiri Erkan Özoral 2017-ci ilin Azərbaycanın İslam həmrəyliyinə töhfəsi baxımından mühüm il olduğunu söyləyib. Səfir Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə Azərbaycan jurnalistlərinə təbriklərini çatdırıb.