2017-ci il Azərbaycanın bir sıra görkəmli şəxsiyyətləri, ölkəmizin tarixi ilə bağlı əlamətdar yubileylərlə də yadda qaldı. Bu yubileylərin bir neçəsi UNESCO, TÜRKSOY kimi təşkilatlar səviyyəsində qeyd edilərək daha böyük miqyas qazandı.
   UNESCO-nun 2016-2017-ci illər üzrə yubileylər proqramında böyük Azərbaycan şair və mütəfəkkiri İmadəddin Nəsiminin (1369-1417) vəfatının 600-cü ildönümü (Qazaxıstan və Türkiyənin dəstəyi ilə), almanların Cənubi Qafqaza gəlişinin 200 illiyi (Azərbaycan, Gürcüstan və Almaniyanın birgə təşəbbüsü ilə) və görkəmli şair Molla Pənah Vaqifin (1717-1797) 300 illik yubileyi (Türkiyə və Qazaxıstanın dəstəyi ilə) yer almışdı. 
   
   Altı əsrlik bəşəri ideallar
   
   UNESCO-nun Parisdəki mənzil-qərargahında mayın 18-də Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin və ölkəmizin UNESCO yanında daimi nümayəndəliyinin təşkilatçılığı ilə Nəsiminin vəfatının 600-cü ildönümü ilə əlaqədar mərasim keçirilib. 
   Azərbaycan Respublikası Baş nazirinin müavini Elçin Əfəndiyev mərasimdə çıxış edərək Nəsiminin dünya ədəbiyyatı və fəlsəfi fikrində oynadığı roldan bəhs edib. Deyib ki, Nəsimi istedadının miqyası o qədər geniş idi ki, o öz yaradıcılığı ilə yalnız Azərbaycan xalqına məxsus deyil. Çünki o, bütün bəşəriyyəti əsərlərində ifadə edib.
   Azərbaycanın UNESCO yanında daimi nümayəndəliyinin rəhbəri, səfir Anar Kərimov, təşkilatın baş direktorunun ictimai informasiya və xarici əlaqələr üzrə müavini Erik Falt, Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlunun çıxışları dinlənilib. P.Bülbüloğlu bildirib ki, bu gün bəşəriyyət 600 il bundan əvvəl Nəsiminin təbliğ etdiyi və uğrunda ölümdən belə çəkinmədiyi bəşəri dəyərlər ətrafında birləşməlidir. 
   Tədbirin bədii hissəsində Azərbaycan Bəstəkarlar İttifaqının sədri, Xalq artisti Firəngiz Əlizadənin Nəsiminin xatirəsinə bəstələdiyi balet konserti nümayiş olunub. Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solistlərinin rol aldığı xoreoqrafik səhnələr milli-folklor və klassik musiqinin sintezi ilə təqdim edilib. Sonra tədbir iştirakçıları Nəsimiyə həsr olunmuş sərgi ilə tanış olublar.
   
   Azərbaycan - tolerantlıq örnəyi
   
   Noyabrın 21-də UNESCO-nun baş qərargahında almanların Cənubi Qafqaza gəlişinin 200 illiyi münasibətilə sərgi açılıb. Sərgi Azərbaycan Mədəniyyət və Turizm Nazirliyi və ölkəmizin UNESCO yanında daimi nümayəndəliyinin birgə təşkilatçılığı ilə gerçəkləşib. 
   Azərbaycanın UNESCO yanında daimi nümayəndəliyinin rəhbəri, səfir Anar Kərimov sərginin müxtəlif mədəniyyət və dinlər arasında sülh, dialoq və qarşılıqlı hörmətin əhəmiyyətinə dair vacib mesaj olduğunu bildirib. O, almanların memarlıq, sənaye, kənd təsərrüfatı və şəhərsalma sahəsinə verdikləri töhfələrə toxunub. 
   Təşkilatın baş direktorunun xarici əlaqələr və ictimai informasiya üzrə köməkçisi Erik Falt ölkəmizin mədəniyyətlər və dinlərarası dialoqa töhfəsindən danışıb. Qeyd edib ki, sərgi Azərbaycanın multikultural olduğunu bir daha təsdiqləyir. Müxtəlif xalqların harmoniyada yaşadığından xəbər verir ki, bu da UNESCO-nun bəşəriyyətə verdiyi mesajla üst-üstə düşür.
   Mədəniyyət və turizm nazirinin müavini Sevda Məmmədəliyeva almanların ölkəmizə gəlişinin tarixindən, alman mədəni irsinin qorunub saxlanmasından söz açıb. Bildirib ki, Azərbaycan Prezidenti Cənubi Qafqaz regionunda alman məskənlərinin salınmasının 200 illiyi haqqında sərəncam imzalayıb. Yubiley münasibətilə Berlin Humboldt Universitetində, Bakıda və Şamaxıda sərgilər təşkil olunub. 
   Noyabrın 23-də isə UNESCO-nun baş qərargahında Gürcüstan və Almaniya nümayəndələrinin də iştirakı ilə almanların Cənubi Qafqaza gəlişinin 200 illiyi münasibətilə böyük konsert proqramı keçirilib. Konsert Mədəniyyət və Turizm Nazirliyi və ölkəmizin UNESCO yanında daimi nümayəndəliyinin təşkilatçılığı ilə gerçəkləşib. 
   Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev çıxış edərək tədbirə verdikləri dəstəyə görə UNESCO rəhbərliyinə və katibliyinə təşəkkürünü bildirib. Nazir tədbirin Azərbaycanda hökm sürən multikulturalizmin və dini tolerantlığın bir nümunəsi olduğunu qeyd edib. 
   Digər çıxış edənlər də ölkəmizdəki tolerant mühitdən, Azərbaycanın mədəniyyətlərarası dialoqa töhfəsindən danışıblar.
   Konsert proqramından sonra tədbir iştirakçıları almanların Cənubi Qafqaza gəlişinin 200 illiyi münasibətilə təşkil edilmiş sərgiyə baxıblar.
   * * *
   Böyük Azərbaycan şairi Molla Pənah Vaqifin 300 illiyi UNESCO-nun yubileylər proqramına salınmaqla yanaşı, TÜRKSOY təşkilatı tərəfindən də “Molla Pənah Vaqif xatirə ili” kimi qeyd edildi. Bu kontekstdə Türkiyə və Azərbaycanda müxtəlif tədbirlər keçirildi, şairə həsr olunan nəşrlər işıq üzü gördü.
   Bu il həmçinin dövlət başçısının sərəncamı ilə görkəmli bəstəkarlar - xalq artistləri Tofiq Quliyev və Cövdət Hacıyevin 100, Emin Sabitoğlunun 80, dünya şöhrətli müğənnilər - SSRİ xalq artistləri Şövkət Məmmədovanın 120, Müslüm Maqomayevin 75, Mstislav Rostropoviçin 90 illik yubileyləri çeşidli tədbirlərlə qeyd olundu. 
   Bundan əlavə, mütəfəkkir şair, dramaturq Hüseyn Cavidin 135, görkəmli aktyor Ağasadıq Gəraybəylinin 120, tanınmış aktrisa Məhluqə Sadıqovanın 100 illik yubileyləri ilə bağlı müxtəlif mədəniyyət və təhsil ocaqlarında tədbirlər təşkil edildi.