Bakının mərkəzindəki Bülbül küçəsində yerləşən möhtəşəm tikilinin qarşısından keçdiyiniz zaman yəqin bir dəfə də olsa dayanıb bu yaraşıqlı binaya tamaşa etmisiniz. 1934-cü ildə inşa edilmiş binanın memarı Mikayıl Hüseynovdur. Söhbət uzun illər “Nizami” kinoteatrı kimi tanıdığımız, bu yaxınlarda isə əsaslı təmir-bərpadan sonra daha gözəl görkəm və yeni status alan “Nizami” Kino Mərkəzindən gedir.
   
   Prezident İlham Əliyevin sərəncamı ilə həyata keçirilən əsaslı təmir-bərpadan sonra müasir dünya standartlarına uyğun yenidən qurulan “Nizami” Kino Mərkəzi dekabrın sonunda qapılarını tamaşaçıların üzünə açdı. Ötən iki-üç həftədə kino mərkəzinin necə fəaliyyət göstərdiyini, hansı yeniliklərin olduğunu öyrənmək üçün bu məkana baş çəkdik. Mərkəzin qarşısında kassaya yaxınlaşanların sayının çox olması sevindirici idi. Afişalarda “Vəkil hanı?” (Azərbaycan filmi, rejissor Ülviyyə Könül), “Monstr Parisdədir”, “Şerlok Holms” və “Qara qızıl” (xarici ekran əsərləri) filmlərinin posterləri mərkəzdə premyera filmlərin nümayişindən xəbər verirdi.
   Mərkəzə daxil olduqda xüsusi forma geyinmiş gülərüzlü xanımlar biletə əsasən hansı zalda filmə baxacağınızı sizə izah edirlər. 6 mərtəbəli möhtəşəm binada 4 kino zalı var: kiçik zal 50, orta zal 80, böyük zal isə 500 nəfərlikdir. Xüsusi sifariş əsasında fəaliyyət göstərən VİP zal isə 24 nəfərlikdir. 4-cü mərtəbədə konfrans zalı var. Bura konfranslar, rəsmi görüşlər üçün nəzərdə tutulub. Bu mərtəbədəki “Press kafe”də isə mətbuat nümayəndələri tədbirlər zamanı qəhvə və çay masası arxasında həmsöhbətləri ilə görüşə, müsahibəsini götürə bilərlər. İkinci mərtəbədə də kafe fəaliyyət göstərir. Kafe elə qurulub ki, proyektor vasitəsilə nümayişlər, hətta mini konsertlər təşkil oluna bilər. Adından da göründüyü kimi, bura artıq kino mərkəzidir və istirahət üçün hər cür imkanlar yaradılıb.
   “Nizami” Kino Mərkəzinin direktor müavini İlham Babayev yanvar ayında premyera filmlərin nümayişinə və mərkəzin geniş tamaşaçı kütləsi arasında tanınmasına diqqət verdiklərini dedi. Onun sözlərinə görə, bu məkan orta və yaşlı nəsil kinosevərlərə yaxşı tanış olsa da, yeniyetmə və gənclər arasında təbliğinə ehtiyac var: “Ümid edirəm ki, yaxın günlərdə mərkəzin saytının açılması, televiziyada süjetlərin yerləşdirilməsi də tamaşaçı axınına təsir edəcək”.
   
   Milli kino həvəskarları üçün sevimli məkan
   
   “Nizami” Kino Mərkəzinin bir üstünlüyü də ondadır ki, bir zalda son illər istehsal olunan Azərbaycan filmləri nümayiş olunacaq. İ.Babayev yeni filmlərimizin əksəriyyətini tamaşaçıların görmədiyini bildirdi: “Hər çəkilən filmin premyerası keçirilir. Geniş tamaşaçı kütləsi isə bu nümayişdən kənarda qalır. Öz filmlərimizə biletin qiyməti də ucuzdur. Çünki xarici filmlər müəyyən şirkət tərəfindən alınır və buna pul ödənilir. Yerli filmlər isə dövlət büdcəsinə çəkilib, buradan gəlir güdülmədiyi üçün minimum qiymət qoyulub. Minimum qiymət istehsal, enerji, avadanlıq xərclərinin ödənilməsi üçün nəzərdə tutularaq təyin edilib. Bizim üçün önəmli olan filmlərimizin təbliğidir. Hər həftə bir yeni Azərbaycan filmi afişaya salınacaq. Azərbaycan filmlərinin bütün seanslarına biletlər 2 manatdır. Xarici filmlərə isə səhər seansları 4 manat, axşam seansları isə premyera filmlərinə 7 manat, köhnə filmə 6 manatdır”.
   
   Ən müasir texniki təchizat
   
   İlham Babayev mərkəzin texniki təchizatından da söhbət açdı: “Respublikada ən böyük 16x8 metr ölçüsündə ekran bizdə qurulub. Texniki göstəricilərinə görə 7 kanallı səs sistemi var. 3D filmlərin nümayişi üçün xüsusi eynəklərimiz də var. Kino mərkəzinin açılış günü məhz 3D film nümayiş olunmuşdur”.
   Mərkəzin foyesində monitorlar quraşdırılıb. Bu monitorlarda gələcək filmlərin anonsları nümayiş olunur. Həmçinin kinofestivallar, təbdirlər, görüşlər zamanı müəyyən videoçarxlar, slaydlar nümayiş olunacaq.
   Mərkəz yeni açıldığından, təbii ki, müəyyən məsələlər hələ qaydasına düşməyib. İlham Babayev zamanla bu məsələlərin də həll olunacağını bildirdi: “Mərkəz Almaniya, İtaliya, Türkiyə istehsallı avadanlıqla təchiz olunub. Müasir kondisioner, qazanxana sistemi quraşdırılıb. Hazırda 40-a yaxın işçi çalışır. Lakin işimiz tam bərpa edildikdən sonra 10 nəfərin də işə cəlb olunmasını nəzərdə tuturuq”.
   
   Uşaq mərkəzi də yaradılacaq
   
   “Nizami” Kino Mərkəzi hər gün səhər saat 10-dan axşam 12-yə qədər fəaliyyətdədir. Günün istənilən saatı baş çəkib zövqünüzə uyğun film seyr edə bilərsiniz. Həmçinin gələcəkdə uşaq mərkəzinin yaradılması da planlaşdırılır. Belə ki, film izləməyə gələn valideyn seans ərzində uşağını həmin mərkəzə qoyub rahat filmini seyr edə biləcək.
   İlham Babayev buranın yaşından asılı olmayaraq hər kəs üçün mədəni istirahət məkanına çevriləcəyini dedi. Bu günlərdə böyük zala daxil olan bir qrup gəncin heyrətlənərək buranı böyük teatr adlandırdığını söylədi: “Lojaların, amfiteatrın olması buranı nadir kinoteatra çevirir. Keçmiş SSRİ məkanında da “Nizami” nadir kinoteatrlardan idi. Görkəmli memar Mikayıl Hüseynovun yaratdığı bu bina memarlıq abidəsi kimi də çox dəyərlidir”.
   Qeyd edək ki, yanvar ayı ərzində həm Yeni il bayramı, həm də həftə sonları kino mərkəzinə gələnlərin sayı artmaqdadır. Həftə sonu içəri keçmədən kassaya daxil olanları görməklə bunu anlamaq olar. İstirahətini Kino Mərkəzində keçirən tamaşaçıların təəssüratlarını da öyrəndik.
   
   Tamaşaçı təəssüratı
   
   İranə Qurbanova (vergilər üzrə mütəxəssis): “İlk olaraq xoşuma gələn rahat, geniş nümayiş zalı oldu. Həqiqətən zövqlü yerdir. Burada film seyr etməyin özgə ləzzəti var. Hər kəsə buraya baş çəkməyi məsləhət görürəm”.
   Samir Məmməd (magistr tələbəsi): “İlk dəfədir ki, burdayam. Təəssüratım çox yaxşıdır. Düzünü deyim, heç təxmin etmirdim, içərisi bu qədər gözəl olsun”.
   Ramil Əfşarov (dizayner): “Sevinirəm ki, afişada heç görmədiyim Azərbaycan filmi var. Düzdür, hələlik seyr etməmişəm həmin filmi. Bu gün “Qara qızıl” filmini izlədim və çox bəyəndim. Gələn həftə Azərbaycan filminə gələcəyəm. Hətta dostlarımı da gətirəcəyəm”.
   Bahar Əlizadə (tələbə): “Bu cür kino mərkəzinin açılmasına biz gənclər ancaq sevinə bilərik. Həm yeni filmlərin, həm də Azərbaycan filmlərinin nümayişi sevindiricidir. Qiymətlər də münasibdir”.
   Səbinə Abbaslı (tələbə): “Hər şey yüksək səviyyədədir, dizayna, zaldakı rahatlığa söz ola bilməz. Gəlin, baxın, zövq alın!”
   
   Reyhan İsayeva







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar