Ən dramatik dövrlərimizdən birinin (və hələ ki sonralarımızın) baş dramaturqu - Cəfər Cabbarlı...
   
   Otuz beş illik ömür dövründə neçə-neçə “dövr” özəlləmiş dahi ədib!
   Bu millətə təmənnasız-mükafatsız xidmətlərilə bu xalqın “harda aş - orda baş!” məsəlini “harada milli-mədəni kəm-kəsir - orada müntəzir!” “redaktə”sinə məruz qoymuş fenomenal Qələm əhli!..   
   “Nə bağırırsan, xalq?!” deməyə mənəvi haqqı çatan dramaturq, aman-imansız bir zamanda hürri-Cümhuriyyət dövrümüzə işarətlə “Azad bir quşdum, yuvamdan uçdum, Bir bağa (sirdaşlarının dediyinə görə, orijinalda “daş-dağa”) düşdüm, bu gənc yaşımda” söyləyən şair, çağınaqədərki əksər qələm əhlinin nəqli-idillik üslublarından yorğun düşmüş oxucuları əqli çevikliklərilə dirçəldən nasir, müəlliflərlə müştərək səviyyəli tərcüməçi, kəskinqələm teatr-kinoşünas, kinossenarist, jurnalist, neo-mizan rejissor...
   Bu... çox qısaömürlü ədib haqda xeyli uzun bir cümlə: XIX yüzilliyin son baharının başlanğıcında Xızıda doğulub, 1903-də ailəsilə Bakıya köçübən “Dağlı məhəlləsi”ndə yaşamağa, 1 il sonra atasının vəfatı - deməli, dolanışıq çətinlikləri səbəbilə anasının bişirdiyi təndir çörəklərini satmağa, 12 yaşından yazıb-yaratmağa, 16-sından səhnələr, ekranlar, direktiv kürsülər, ölkəsinin proletarından-elitarınadək - küll-qəlblər fəthinə başlayan və nəhayət, qədərsiz milli-mədəni yükə tab gətirməyən ürəyinin iflicindən 1934-cü ilin son gecəsində dünyasını dəyişən bu fenomen bəndə bəşər sənətkarları sırasında həmişəyaşar, Azərbaycan, Türk-Turan dünyası üçün hər zaman diri...
   
   Əcəba!..
   
   Bakı Politexnik Məktəbinin Elektromexanika şöbəsi, Azərbaycan Dövlət Universitetinin (yarımçıq buraxdığı) Tibb fakültəsi kimi “anti”-ədəbi təmayüllərdə təhsil alan bu yaşca nakam dahi böyük ədəbiyyat zirvəsinə, bənzərsiz sənət-incəsənət kamına necə yetib?!.
   Bu kimi “sarı sim” mətləblərindən öncə, bir-iki pərdə “qara sim” məsələləri. O, sovetlərin ədəbi-bədii dəftərinə on dörd il imza atmağa məcbur olsa da, əvvəlki ikiillik milli hakimiyyətə sədaqət, məhəbbət və xidmətlərinə rəğmən, daim göz və... hərdən də eyhami söz altında oldu...
   O, yetmiş il “formaca milli, məzmunca sosialist” adlandırılan ədəbiyyatımızın “ələmdən-nəşəyə”li 50 ili boyunca “Azərbaycan sovet dramaturgiyasının banisi” kimi təqdim edilsə də, ayıq fəhlə-kəndli qövmümüzdən tutmuş bütün milli aydınlarımızadək - hamı bu “Aydın” (əsər və düşüncəli) ədibi təpədən-dırnağa “Oqtay Eloğlu” kimi xatırlayıb urvatladı...
   Onun qələmini “Almaz”lığa çəkib, “Dönüş”lüyə döndərib, “1905-ci ildə”yə batırsalar da, bir an belə fasiləsiz fəaliyyətləri, ədəbi-bədii məhsulları, böyük mədəniyyət çabaları ilə daim millətinin canlı-cansız “solğun çiçəklər”inə yanımlı oldu, Səriyyələrinə vəfalı qaldı...
   İndilər (yəni, ağızların Allah yoluna qoyulduğu dəmlər...) o pyeslər bəzi həlləm-qələmçilər tərəfindən “sovetizmə yarı yarınma” qrifi ilə “dəyər”ləndirilsə də, o əsərlər bu xalqın təkrarsız dialoqlar, heyrətamiz leksikon, ibrətamiz əxlaq, ədəbi-xarakterial dür-düşüncələr səltənəti olaraq əbədi qalacaq!.. 
   Bu məqamda (böyük ədibin “sosialist şerifi” tipində yaratdığı Şərifin “Söz verilir Almasa, hansı ki, danışacaq bəzi-bəzi məsələlər haqda” sözünə “qüvvət”) keçək bu ədəbi nəhrin özünə.
   
   Deyək ki;
   
   Xalqın mədəni-mənəvi sərvətlərə yiyələnibən yaşaması, özünütəsdiqi üçün milli mədəni intibahdan başqa yol olmadığını hələ yeniyetmə ikən dərk edən və öz qələmilə yaratdığı Oqtay Eloğlu donunda böyük Azərbaycan ehtivalı Səhnəyə çıxıb, cari səhnə içərisindəki “səhnə”də oynamaq istəməyən Mariya Timofeyevnanın üstünə “Marya Tumannifeyna!” jarqonuyla çığıran tamaşaçıların “şəxs”ində: “Səfil xalq, nə bağırırsan?! Səndə sənətkar bir qadın yox! Varsansa yarat, yaratmırsansa, sus, uzan, öl!..” - deyə, milləti yeni dövrə uyğun sənətkarlar, şəxsiyyətlər, məcmu-nəticə etibarilə ictimai-siyasi xadimlər yetirməyə səsləyən bu od-alov millət oğlu haqda, elə özü qəbilli milli şəxsiyyətlərdən biri - M.Ə.Rəsulzadə: 
   “Od gəlini”ni Cəfər “Çeka” həbsindən çıxdıqdan sonra yazmışdır. O, vaxtilə məmləkətdə və xaricdə səs salmış bir hadisəyə görə həbs edilmişdi. Bu əsərdə mənzərənin rəmziliyi göz qabağındadır; tamaşaçı üçün “ərəb”, “islam” sözləri yerinə “rus”, “kommunizm” sözlərini qoymaq mənanı aktuallaşdırmaq üçün kifayətdir...”
   Mədəniyyətimizin hər sahəsində mücahidlik edən, Azərbaycan qadınının fəal ictimai-siyasi və iqtisadi həyata cəlbi üçün kinematoqrafiya imkanlarından da istifadə etmək fikrinə düşən bu azman öz arzusunu “Hacı Qara”nın motivləri əsasında çəkilən “Sona” filminin ardınca ekranlaşdırdığı “Sevil”də qismən həyata keçirmiş olur. “Əsas söz sahibləri”nin - “baş rola rus və ya erməni qızı tapmaq” istəyənlərin məqsədlərinə rəğmən o, az qala bütün Bakını küçəbəküçə, evləri, ali məktəbləri qapıbaqapı gəzir və nəhayət, Neft-kimya İnstitutunun tələbəsi İzzət Orucovanı tapır... 
   Böyük istedad və başarıları ilə qazandığı şöhrət “müqabilində” başlanan növbənöv məhəlli gözügötürməzlik və siyasi badalaqlardan sonra teatrdan uzaqlaşıb kino aləminə düşən bu səhnə-teatr vunderkindi Sovet Yazıçıları İttifaqının təşkilat komitəsinə məktubunda yazırdı: “...Əgər bu doğru isə, mən dərhal teatrı tərk etməyə hazıram. Mən başqa müəssislərə - 14 ildən bəri kimsənin heç bir şey yazmadığı və mənim bu il iki libretto yazmalı olduğum operaya; heç vaxt işləmədiyim və buna baxmayaraq repertuarını mənim pyeslərim təşkil edən rus işçi teatrına; 14 ildən bəri özümü borclu saydığım Azərkinoya, habelə pyeslərimin əksəriyyətinin oynanıldığı özbək, türkmən, tacik, tatar teatrlarına, fəhlə klublarına... tamamilə yazmaya bilərəm, təki o yoldaşlar yazsınlar”.
   Və bu əbədi ədibin xanımı - bədii “Səriyyə”sindən də vəfalı Sona xanım Cabbarlının xatirələrindən:
   “...Ümumiyyətlə, bu illərdə Cəfər səhhətinin pozulduğuna baxmayaraq, çox gərgin işləyirdi. Ömründə bircə dəfə də kurorta, ya sanatoriyaya getməmişdi. Hətta bağa, yaylağa da gəlməyə vaxt tapmır, gələndə də ancaq işləmək üçün, yazmaq üçün gəlirdi”.
   Bu xatirədəki “kurort, bağ” ifadələri mənə həm də böyük Ata və Ər Cəfərin bir bənd “ekspromt” şeirini xatırlatdı: 
   
   Ay Sonası, çaay gətir mənimçün,
   Qələndərəm - paay gətir mənimçün,
   Kənd yeridir, qəndi çox işlətmərəm,
   İstəyirsən, saay gətir mənimçün...
    
   Bu canlı atom-dram Adam haqqında saysız dissertasiya, monoqrafiya, albom, bukletlərlə bahəm, maraqlı xatirələr də var ki, onlardan biri də qardaşının böyük nəvəsi Əjdər Cabbarlıya məxsus: “Böyüklərimdən eşitmişəm ki, hər zaman hamının sevimlisi və diqqət mərkəzində olmuş Cəfərimizin özünəməxsus qabiliyyəti, dünyagörüşü, baxışları varmış. Dəmiryol vağzalı qarşısındakı heykəlinin nəhəng qranit daşının Ukraynadan xüsusi vaqonla gətirilməsini təmin etmiş ulu öndərimiz Heydər Əliyev də onun yaradıcılığını yüksək qiymətləndirirdi. Mən bir yubiley mərasimində də bunun şahidi oldum. Belə ki, o, adəti üzrə, yubiley tədbirindən sonra səhnə arxasına keçib, Cəfər əminin qohumları ilə bir xeyli söhbət etdi və bizimlə xatirə şəkli çəkdirdi. Söhbət əsnasında mən ona dedim “biz çox xoşbəxt adamlarıq ki, Sizinlə şəkil çəkdiririk”. O isə: “Sən düz danışmırsan, xoşbəxt adam mənəm ki, Cəfər Cabbarlı kimi bir şəxsiyyətin qohumları ilə şəkil çəkdirirəm. Mən bu böyük yazıçı-dramaturqu ən çox sevən adamlardan biriyəm”, - dedi.
   Heyf, Cəfər əmi çox az yaşadı... Eşitdiyimə görə, onun Ümumittifaq Yazıçılar konfransındakı (Moskva) çıxışında müstəmləkəçiliklə bağlı məqamlara da toxunması yuxarı dairələrin qəzəbinə səbəb olub; Sona xanım danışırdı ki, Moskvadan qayıdandan bir ay sonra Cəfər vəfat etdi...”
   
   Lakin...
    
   Nə etməli və özü demişkən;
   
   Ölmək! O geniş körpüdən hər kəs keçəcəkdir,
   Bir badə ki, ondan bütün aləm içəcəkdir!
   Hər süslü çiçək sonda saralmış quru yarpaq,
   İnsan... O nədir? Əvvəli torpaq, sonu torpaq!..
   
   Gedənlərin hamısına Allahdan “rəhmət”, sağkən etdikləri xeyirxahlıq və xidmətləri müqabilində isə “qəni-qəni rəhmət” deyilir. Diləyək ki, ulu Tanrı o qədər az yaşda bu qədər ümummilli-mədəni xidmətlər etmiş bu böyük Turançıya Azərbaycan oxucu-tamaşaçılarının Sevgiləri qədərincə rəhmət eləsin... 
   
   Tahir Abbaslı