Azərbaycan
    
   31 dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Günüdür. 1989-cu il dekabrın 31-də Naxçıvan Muxtar Respublikasında minlərlə insan İran sərhədini keçərək Cənubi Azərbaycandakı soydaşlarımıza qovuşublar. 1991-ci il dekabrın 16-da Naxçıvan MR Ali Məclisinin Heydər Əliyevin sədrliyi ilə keçən iclasında bu tarixin azərbaycanlıların həmrəylik bayramı kimi qeyd olunması barədə qərar qəbul edilib. Azərbaycan Ali Sovetinin 25 dekabr 1991-ci il tarixli qərarı ilə 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Günü elan olunub.
   31 dekabr 1903 - Azərbaycan kinosunun ilk rejissorlarından olan Mikayıl Yusif oğlu Mikayılov (1903-1986) anadan olub. "Lətif" (1930), "İsmət" (1934) və s. bədii filmlərə quruluş verib, sənədli filmlər çəkib.
   31 dekabr 1907 - Yazıçı Eynulla Xankişi oğlu Ağayev (1907 - 5.11.1978) Bakının Ramana kəndində doğulub. Əsərləri: “Şişpapaq”, “Dağlarda şimşək çaxır”, “Baba nağılı”, “Teleqram” və s.
   31 dekabr 1910 - Yazıçı-dramaturq Əbil Yusif (Əbil Məmməd oğlu Yusifov”; 1910 - 29.3.1984) Ordubadda anadan olub. Əsərləri; “Babək”, “Odlar içində”, “Səngərdən gələn səslər” və s.
   31 dekabr 1920 - Şair Zeynal Cabbarzadə (Zeynal Əliabbas oğlu Cabbarov, 1920 - 20.1.1977) Bakıda doğulub. Uşaq və gənclər üçün kitabların müəllifidir: “Çinar”, “Arzular”, “Dostum, gəl sözə bax”, “Uca dağ başında”, “Bizim dünya” və s.
   31 dekabr 1927 - Opera müğənnisi, aktyor, Əməkdar artist Firudin Mehdi oğlu Mehdiyev (1927 - 1.2.2006) anadan olub. 1957-ci ildən Opera və Balet Teatrında çalışıb. “Böyük dayaq” (Salman) filmində çəkilib.
   31 dekabr 1927 - Əməkdar rəssam Rasim Hənifə oğlu Babayev (1927 - 24.4.2007) anadan olub.
   31 dekabr 1932 - Şair Bəhmən Vətənoğlu (Bəhmən Kalış oğlu Abbasov; 1932-2004) Kəlbəcər rayonunun Seyidlər kəndində doğulub. 
   31 dekabr 1934 - Yazıçı-dramaturq, şair, ssenarist, rejissor Cəfər Qafar oğlu Cabbarlı (20.3.1899, Xızı - 1934) vəfat edib. Pyesləri: "Solğun çiçəklər", “Aydın", "Oqtay Eloğlu", "Od gəlini", "Sevil", "Almaz", "1905-ci ildə", "Yaşar" və s. Şeir və hekayələrin, milli kinomuzda ilk kinossenarilərin (“Sevil”, “Almaz” filmləri) müəllifidir.
   31 dekabr 1935 - Ədəbiyyatşünas, mətnşünas alim Ofeliya Əşrəf qızı Bayramlı (1935 - 30.6.2006) anadan olub. 
   
   1 yanvar 1880 - Şərqşünas, tərcüməçi, maarif xadimi Muxtar İsmayıl oğlu Əfəndizadə (1880 - 17.10.1975) anadan olub.
   1 yanvar 1883 - Yazıçı, pedaqoq Abdulla bəy Divanbəyoğlu (Sübhanverdixanov; 1883-1936) Qazaxın Hüseynbəyli kəndində doğulub. Azərbaycan Dövlət Arxivinin müdiri (1923-1927) olub.
   1 yanvar 1924 - Folklorşünas, filologiya elmləri doktoru Vaqif Vəliyev (1924-1998) Qazax rayonunun Pirili kəndində anadan olub.
   1 yanvar 1925 - Yazıçı Emin Qasıməli oğlu Mahmudov (1925-2009) anadan olub. Uşaq və gənclər üçün fantastika mövzusunda əsərlərin müəllifidir: “Kainat gəmisi”, “Zülmət dənizi”, “Atlant qızı” və s. 
   1 yanvar 1926 - Filosof, akademik Aslan Məmməd oğlu Aslanov (1926 - 23.8.1995) Ağstafa şəhərində anadan olub.
   1 yanvar 1929 - Azərbaycanda ərəb əlifbasından latın qrafikalı əlifbaya keçid başlanıb.
   1 yanvar 1930 - Yazıçı, Əməkdar mədəniyyət işçisi Tahir İsmayıl oğlu Hüseynov (1930-1993) Borçalı mahalının Qaçağan kəndində doğulub. Kitabları: “İnsan düşünür", "Yanıq Abdullanın yuxuları" və s. 
   1 yanvar 1937 - Xalq artisti Eldəniz Zeynalov (1937 - 5.11.2001) anadan olub. “Əhməd haradadır?”, “Bir cənub şəhərində”, “Ömrün səhifələri”, “Yol əhvalatı”, “Babamızın babasının babası” və s. filmlərdə, teatr və televiziya tamaşalarında yaddaqalan obrazlar yaradıb.
   1 yanvar 1940 - Azərbaycan SSR-də latın qrafikalı əlifbadan kiril (rus) qrafikalı əlifbaya keçid gerçəkləşib. 
   1 yanvar 1947 - Xalq artisti Mikayıl Mirzə (Mikayıl Şahvələd oğlu Mirzəyev, 1947 - 3.6.2006) Ağsu rayonunun Talış kəndində doğulub. Televiziya tamaşalarında ("Günahsız Abdulla", "Topal Teymur"), “Qatır Məmməd”, “Üzeyir ömrü” və s. filmlərdə yaddaqalan obrazlar yaradıb. 
   
   2 yanvar 1945 - Görkəmli aktyor Səməndər Rzayev (1945 - 27.3.1986) Ağsuda anadan olub. “Nəsimi”, “Babək”, “Babamızın babasının babası”, “Evlənmək istəyirəm”, “Bağ mövsümü”, “Bəyin oğurlanması” və s. filmlərdə çəkilib. Televiziya tamaşalarında maraqlı obrazlar qalereyası yaradıb.
   
   3 yanvar 1917 - Üzeyir Hacıbəylinin eyniadlı operettası əsasında ekranlaşdırılan “Arşın mal alan” filmi Bakıdakı "Forum" kinoteatrında ilk dəfə nümayiş olunub. Filmin keyfiyyəti çox aşağı olduğu üçün Üzeyir bəyin təkidi ilə ekrandan çıxarılıb. Filmin rejissoru Boris Svetlov, operator Qriqori Lemberq idi. Əsas rolları Hüseynqulu Sarabski (Əsgər), Mirzağa Əliyev (Süleyman), Ələkbər Hüseynzadə (Soltan bəy), Əhməd Ağdamski (Gülçöhrə) oynamışdı.
   3 yanvar 1907 - Məşhur pianoçu, Xalq artisti, professor Kövkəb Kamil qızı Səfərəliyeva (1907 - 27.6.1985) anadan olub. Dövlət Konservatoriyasında (Bakı Musiqi Akademiyası) dərs deyib, konservatoriyanın nəzdində orta ixtisas musiqi məktəbinin (hazırda Bülbül adına məktəb) direktoru olub.
   
   4 yanvar 1946 - Satirik şair, “Molla Nəsrəddin” ədəbi məktəbinin nümayəndəsi Əli Nəzmi (Əli Məhəmməd oğlu Məmmədzadə; 1878-1946) vəfat edib. Kitabları: “Sijimqulunamə”, “Satira mərmiləri”. "Keçmiş günlər" adlı mənzum xatirəsi dövrün ədəbiyyat və mətbuat tarixini öyrənmək üçün maraqlı mənbədir. 
   4 yanvar 1946 - Xalq artisti Rafael Məlik oğlu Dadaşov anadan olub. “Bəxt üzüyü”, “Mənim ağ şəhərim” filmlərində, televiziya və teatr səhnəsində yaddaqalan rollar oynayıb.
   4 yanvar 1932 - Görkəmli yazıçı, dramaturq, publisist, naşir Cəlil Hüseynqulu oğlu Məmmədquluzadə (22.2.1869 - 1932) vəfat edib. Realist hekayələri ("Poçt qutusu", “Usta Zeynal”, “Qurbanəli bəy”), povestləri ("Danabaş kəndinin əhvalatları”), dram əsərləri (“Dəli yığıncağı”, “Anamın kitabı”), "Ölülər" tragikomediyası ilə Azərbaycan ədəbiyyatına böyük töhfələr verib. 1906-1932-ci illərdə (fasilələrlə) nəşr etdirdiyi "Molla Nəsrəddin" jurnalı Azərbaycanda satirik jurnalistikanın əsasını qoyub.
   4 yanvar 1950 - Rusiyanın Əməkdar artisti İnarə Quliyeva Moskvada doğulub. “Azərbaycanfilm”də “Alma almaya bənzər” (Aliyə), “Dədə Qorqud (Selcan), “Qayınana” (Afət) filmlərində çəkilib.
   4 yanvar 2000 - Xalq artisti Sofiya Bəşir qızı Bəsirzadə (Vəzirova; 28.2.1918 - 2000) vəfat edib. Kazan quberniyasının köhnə Çukan kəndində doğulub. İki yaşı olanda ailəsi Bakıya köçüb. 1938-ci ildən Akademik Dram Teatrında çıxış edib. “Şərikli çörək”, “Romeo mənim qonşumdur”, “Yol əhvalatı”, “Gümüşgöl əfsanəsi” və s. filmlərdə çəkilib. 
   4 yanvar 2003 - «Azərbaycan Respublikasının dövlət dili haqqında» qanun mətbuatda dərc olunaraq qüvvəyə minib. 
   
   Dünya
    
   31 dekabr 1869 - Fransız rəssamı və heykəltəraşı Anri Matiss (Henri Matisse; 1869-1954) anadan olub. Forma və rənglərlə böyük effektiv emosiya yaradan əsərləri ilə məşhurdur.
   31 dekabr 1937 - İngilis aktyoru Entoni Hopkins (Philip Anthony Hopkins) anadan olub. Filmləri: “Quzuların susması” (Lekter roluna görə “Oskar” mükafatı, 1992), “Hannibal”, “Qırmızı əjdaha” və s.
   
   1 yanvar 1823 - Macar şairi, Macarıstanda 1848-1849-cu illər inqilabının rəhbərlərindən biri Şandor Petefi (1823-1849) anadan olub. Poemaları: “Kənd çəkici”, “Pəhləvan Yanoş”, “Pişta Saloy”. 
   1 yanvar 1854 - İngilis tarixçisi, kulturoloq, antropoloq, folklorşünas Ceyms Corc Freyzer (James George Frazer; 1854-1941) anadan olub. Müxtəlif xalqların folkloru, dini ayinləri və adət-ənənələri, mifologiya və s. mövzuda tədqiqatların yer aldığı “Qızıl ağac” adlı 12 cildlik əsərin müəllifidir.
   1 yanvar 1919 - Amerika yazıçısı Cerom Devid Selincer (Jerome David Salinger; 1919-2010) anadan olub. “Çovdarlıqda uçurumdan qoruyan” romanı (1951) ilə şöhrət qazanıb. Hekayə və novellaları: “Banan-balıq yaxşı ovlanır”, “Tanış qız”, “Gülən adam”, “Teddi” və s. Yazıçı 60-cı illərdə ətraf aləmdən uzaqlaşaraq ömrünün sonunadək qapalı həyat sürüb.
   1 yanvar 1919 - Rus yazıçısı Daniil Qranin (German; 1919 - 4.7.2017) anadan olub. Elmi-texniki axtarışlar mövzusunda əsərlərin (“Axtaranlar”, “Tufana doğru gedirəm”, “Toydan sonra” romanları), “Blokada kitabı”, “Şəkil”, “Rusiyaya qaçış” və s. kitabların müəllifidir. Bir çox əsərləri ekranlaşdırılıb. 
   1 yanvar 1938 - Türk aktyoru Halit Akçatepe (1938-2017) anadan olub. “Hababam sınıfı” filmlərində Güdük Nəcmi obrazı ilə məşhurlaşıb. 100-dən artıq filmdə və serialda müxtəlif obrazlar yaradıb.
   
   2 yanvar 1920 - Amerika fantast-yazıçısı Ayzek Azimov (Isaac Asimov; 1920-6.4.1992) Rusiyanın Qomel quberniyasında (indiki Smolensk vilayəti) yəhudi ailəsində anadan olub. 1923-cü ildə ailəsi Amerikaya köçüb. İxtisasca biokimyaçı, Boston Universitetinin professoru olub. 500-ə yaxın bədii və elmi-populyar əsərin müəllifidir. 
   2 yanvar 1912 - İtalyan rəssamı Renato Quttuzo (Renato Guttuso; 1912-1987) anadan olub. Əsərləri: “Çarmıx”, “Etnanın püskürməsi”, “Allah bizimlədir” və s.
   2 yanvar 1927 - Məşhur rus baletmeysteri, SSRİ Xalq artisti Yuri Qriqoroviç anadan olub. 1964-1995-ci illərdə Moskvadakı Böyük Teatrın baletinə rəhbərlik edib.
   2 yanvar 1943 - Türk musiqiçisi, bəstəkar Barış Manço (1943 - 1.2.1999) anadan olub. Türkiyədə rok musiqisinin öncüllərindən biridir. Bəstələdiyi 200-dən çox mahnı ona 12 qızıl və 1 platin albom (1 milyon satış) qazandırıb. Hazırladığı televiziya proqramları ilə bir çox ölkələrdə səfərdə olub.
   
   3 yanvar 1892 - İngilis yazıçısı, dilçi, ədəbiyyatşünas Con Ronald Tolkin (John Ronald Reuel Tolkien; 1892-1973) anadan olub. Fentezi janrında ədəbiyyatın banilərindən biridir. “Üzüklərin hökmdarı” trilogiyasının müəllifdir. Digər əsərləri: “Silmarillion”, “Aotru və İtrun haqqında ballada”, “Hobbit və ya oraya və geriyə” və s. 
   3 yanvar 1929 - İtalyan kinorejissoru Serco Leone (Sergio Leone; 1929-1989) anadan olub. Spaqetti-vestern janrının yaradıcısı sayılır. Filmləri: “Bir dəfə vəhşi Qərbdə”, “Bir dəfə Amerikada”, “Bir çəngə dollar üçün”, “Bir neçə dollar çox”, “Yaxşı, pis, bədnam”. 
   
   4 yanvar 1785 - Alman folklorçusu, filoloq Yakob Qrim (Jacob Ludwig Karl Grimm; 1785-1863) anadan olub. Qardaşı Vilhelm Qrimlə alman nağıllarını toplayaraq nəşr etdirib. Folklorşünaslıqda mifologiya məktəbinin banilərindən biridir.
   4 yanvar 1934 - Tanınmış gürcü heykəltəraşı Zurab Konstantinoviç Sereteli anadan olub. Rusiyada yaşayır, Rusiya Rəssamlıq Akademiyasının prezidenti, SSRİ-nin Xalq rəssamıdır.
   4 yanvar 1960 - Fransız yazıçısı, filosof, ədəbiyyat üzrə Nobel mükafatı (1957) laureatı Alber Kamyu (Albert Camus, 7.11.1913 - 1960) avtomobil qəzasında həlak olub. Ekzistensializm fəlsəfəsinin tanınmış nümayəndəsidir. Əsərləri: “Vəba”, “Özgə”, “Sizif haqqında mif”, “Qiyamçı adam”, “Şeytanlar” və s.
   
   Hazırladı: Vüqar Orxan