Hər hansı ekran əsəri haqqında danışanda ilk növbədə rejissor və aktyorları xatırlayırıq. Amma filmlərin ərsəyə gəlməsində kadr arxasında qalan yaradıcı heyətin də zəhməti böyükdür. Həmsöhbətimiz belə insanlardan biri, 50 ildən artıq Azərbaycan kinosuna xidmət edən sənətkar, Əməkdar mədəniyyət işçisi Pərviz Quliyevdir.
   
   Pərviz Əsəd oğlu Quliyev 1942-ci il yanvarın 19-da Bakıda anadan olmuşdur. Orta məktəbi bitirdikdən sonra saxsı qablar zavodunda əmək fəaliyyətinə başlamış, orda rəssam kimi çalışmışdır. Əzim Əzimzadə adına Rəssamlıq Məktəbində təhsil almışdır. Sonradan foto sənətinə, ekran əsərlərinə sevgisi onu kino sahəsinə gətirib. 1961-ci ildən bu sahədə fotoqraf olaraq çalışır. Bu illərdə o, Azərbaycan kinosunda özünə unudulmaz ad qazanıb.
   Televiziyada, mətbuatda onun müxtəlif filmlərdən çəkdiyi fraqmentlərə tez-tez rast gəlirik. Peşəkar fotoqraf 1977-ci ildə SSRİ Nazirlər Soveti yanında Dövlət Kinematoqrafiya Komitəsinin fəxri fərmanı, 1980-ci ildə “Kinematoqrafiya əlaçısı” nişanı, 1989-cu ildə “Əmək veteranı” medalı ilə təltif olunmuşdur. 2008-ci ildə respublikanın “Əməkdar mədəniyyət işçisi” fəxri adına layiq görülüb. Yanvarın 19-da 70 yaşını qeyd edəcək sənətkarla söhbəti təqdim edirik.
   - Pərviz müəllim, 70 illik yubileyinizi və əmək fəaliyyətinizin 50 illiyini qeyd edərkən dönüb geriyə baxanda nələri xatırlayırsınız? Rəssamlıq sahəsində təhsil alsanız da, sonradan fotoqraf sənətini, kinonu seçdiniz. Niyə məhz kino?
   - Fotoqrafiyaya uşaqlıqdan marağım vardı. Atam mənə “Smena” fotoaparatı almışdı. Onunla şəkillər çəkməyə başladım. Evimizin zirzəmisində balaca bir otağı özüm üçün laboratoriya düzəltmişdim. Sonra tədricən bu sahədə püxtələşdim. Kinoya da uşaqlıqdan böyük həvəsim olub. Məktəbdən qaçıb kinoteatrlara gedərdim. Və yaxud da filmlərin çəkilişlərini izləyərdim. Yadımdadır, 1957-ci ildə görkəmli kinorejissor Əjdər İbrahimov “Bir məhəlləli iki nəfər” filmini çəkirdi. Hər gün dərsdən qaçıb çəkiliş meydançasına gedər, filmin çəkilməsini çox maraqla izləyərdim. Çox vaxt evdə buna görə məni danlayardılar. Amma faydası yox idi. Çünki artıq kinoya vurulmuşdum.
   - Bəs “Azərbaycanfilm” kinostudiyasına necə gəldiniz?
   - Görkəmli kinodramaturq Cəfər Cabbarlının oğlu Aydın Cabbarlı anamın işlədiyi xəstəxanada həkim işləyirdi. Anam kinonu hədsiz sevdiyimi ona söyləmişdi. O da bir gün məni kinostudiyaya gətirdi. On yeddi yaşım var idi. Kinostudiyanın direktoru Məhərrəm Aşumov idi. Məhərrəm müəllim foto sexinin rəisini çağırdı. Mənim laborant kimi onun yanında işləyəcəyimi dedi. Beləcə, 1961-ci ildən “Azərbaycanfilm” kinostudiyasında foto-laborant kimi fəaliyyətə başladım. Altıncı dərəcəli fotoqrafdan birinci dərəcəli rəssam-fotoqrafadək, laborantlıqdan foto sexinin rəisi vəzifəsinə qədər yüksəldim. Buna görə görkəmli sənətkar Adil İsgəndərova borcluyam. Təzə kinostudiyaya köçəndə direktor Adil İsgəndərov dedi ki, bizim milli kadrlarımız olmalıdır. Mənə foto sexinin rəisi vəzifəsində işləməyi təklif etdi. Düzü, əvvəl tərəddüd etdim. Lakin sonradan razılıq verdim. 1969-cu ildən indiyəcən burada çalışıram. Ömrümün əlli ildən çoxunu Azərbaycan kinosuna həsr etmişəm. Düşünürəm ki, sənətimi düzgün seçmişəm. Çünki həyatımı bir gün də olsun kinosuz təsəvvür etmirəm.
   - Debüt işiniz hansı filmdə olub?
   - Kinorejissor Eldar Quliyevin çəkdiyi “Biri vardı, biri yoxdu” filmində. Bu film həm mənim, həm Xalq artisti Sədayə Mustafayevanın və Eldar müəllimin bədii kinoda debüt idi.
   - İndiyə qədər neçə filmin kadrlarını çəkmisiniz?
   - 50-yə yaxın filmdə işləmişəm. Kinorejissorlardan T.Tağızadə, H.Seyidzadə, H.Seyidbəyli, Ə.Atakişiyev kimi korifey sənətkarlarla birlikdə çalışdığıma görə özümü xoşbəxt hesab edirəm. “Arşın mal alan” (1965), “Mən ki gözəl deyildim”, “Şərikli çörək”, “Gün keçdi”, “Yaşamaq gözəldir, qardaşım” və başqa filmlərin çəkilişində olan kadrarxası iş prosesini, aktyorların müxtəlif rakurslu şəkillərini, filmlərin kadrlarını çəkmişəm.
   - Bu sual yəqin oxucular üçün də maraqlıdır, kinoda fotoqrafın rolu nədən ibarətdir? Ümumiyyətlə, filmlərdə fotoqraf olmalıdır ya yox?
 
  - Kino çəkilişləri fotoda başlanır. Çəkilişlərə dəvət alan aktyorları pavilyonda foto sınaq üçün çəkirik. Aktyoru elə çəkməliyik ki, onun xarakterik siması rolu ilə uyğun gəlsin. Ondan sonra fotolara baxış, filmə aktyor seçimi başlanır. Eyni zamanda çəkilən şəkillər müxtəlif qəzet və jurnallarda, televiziya verilişlərində mütəmadi olaraq istifadə olunur.
   - Fotoqraf həm də bir növ filmin reklam işləri ilə məşğul olur, elə deyilmi?
   - Filmin çəkilişləri zamanı operator nə çəkir, fotoqraf da o kadrları çəkir. Sonra şəkilləri afişalarda, reklamlarda, mətbuatda dərc edirik. Bundan əlavə, filmlərin sənədləri (sinopsis, montaj vərəqi, rejissor ssenarisi, lentlərin pozitivi, neqativi və s.) içərisində şəkillərin də neqativi olmalıdır. Əvvəllər kinostudiyada il ərzində 7-8 bədii film çəkilirdi. Çəkib qurtarandan sonra filmləri Moskvaya, SSRİ Dövlət Kino Komitəsinə təhvil verirdik. Bu zaman filmlərdən çəkilən şəkillər də digər materiallarla birlikdə təhvil verilirdi. Bu günəcən “Azərbaycanfilm”də nə qədər film çəkilib, hamısının neqativi sexdə qorunur.
   - Əzim Əzimzadə adına Rəssamlıq Məktəbində təhsiliniz yarımçıq qalıb. Nə üçün?
   - Düzdür, məktəbi bitirə bilmədim. Səbəb isə kinoya hədsiz marağım, bu sahədə çalışmağım oldu. Çünki başım filmlərin çəkilişlərinə elə qarışmışdı ki, təhsilə vaxtım yox idi. Daim ekspedisiyalarda, ezamiyyətlərdə olurdum.
   - Foto çəkilişlərində müxtəlif psixologiyalı insanlarla işləyirsiniz. Uşaqlarla işləmək necədir?
   - Uşaqlarla işləməyi sevirəm. Onlarla işləmək mənim üçün o qədər də çətin olmayıb. Ona görə ki, bir il uşaq fotoatelyesində fotoqraf işləmişəm. Uşaqlarla dil tapmağı bacarıram. “Şərikli çörək”, “Asif, Vasif, Ağasif” və s. uşaq filmlərinin fotolarını çəkmişəm.
   - Bu filmlərin qəhrəmanları neçə uşaq içindən seçilib?
   - “Asif, Vasif, Ağasif” filminin sınaq çəkilişlərinə 500-dən artıq, “Şərikli çörək” filminə isə 1000-dən çox uşaq gəlmişdi. Bildiyimiz kimi, birinci filmdə üç uşaq seçilib filmə çəkildi. “Şərikli çörək” filmində də kinorejissor Şamil Mahmudbəyovun uşaqlar arasında apardığı düzgün seçimə, onların maraqlı ifasına görə film 1970-ci ildə Azərbaycanın Dövlət Mükafatına layiq görüldü.
   - Fotosınaqsız filmlərə çəkilmək olar?
   - Olar, niyə olmur. Bizim tanınmış aktyorlarımıza fotosınaq lazım deyil. Onlar sınaqsız da çəkilə bilərlər.
   - Fotoqrafların və rəssamların yaradıcılıq potensialını sərgiləri təsdiqləyir. Sizin necə, sərginiz keçirilibmi?
   - Bir dəfə sərgim “Araz” kinoteatrında keçirilmişdi. 2011-ci il dekabrın 2-də isə Muzey Mərkəzində Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi, Dövlət Film Fondunun təşkilatçılığı ilə “Azərbaycan kino salnaməsi” adlı fotosərgim keçirildi. Sərgidə şəxsi kolleksiyamdan fotolar nümayiş olundu. Bu 50 ildə Azərbaycanın görkəmli kinorejissorları ilə işləmişəm. Foto sexində fotoarxiv yaratmışam. Sərgilənən şəkillər orijinallığına görə diqqət çəkirdi. Çünki kadrarxası məqamlar, kinorejissorların iş prosesi zamanı olan şəkillər sərgi iştirakçılarında xüsusi maraq doğurmuşdu. Bu sərgiyə görə təşkilatçılara dərin təşəkkürümü bildirirəm.
   - Fotoqraf kimi kinoda tanınmış bir simasınız. Kinodan başqa, hansı mövzuda fotoşəkilləriniz var?
   - Müxtəlif peyzaj, natürmort şəkillər çəkmişəm. Keçmiş SSRİ məkanında keçirilən “Azərbaycanın mədəniyyəti günləri”ndə dəfələrlə respublikamızı tərənnüm edən fotostendlərin tərtibatçısı olmuşam. “Azərbaycanfilm”in, Dövlət Film Fondunun, Naxçıvan Muxtar Respublikası Film Fondunun foyesini tərtib etmişəm. Dövlət Film Fondunda keçirilən bütün yubiley tədbirlərində fotostendlərin hazırlanmasında mənim çəkdiyim şəkillərdən istifadə edilir. Kinoya həsr olunmuş kitab və jurnallarda, kataloqlarda, “Kino Ensiklopediya”sında mənim çəkdiyim şəkillərdən geniş istifadə olunub. Hazırda da filmlərlə bağlı şəkillər üçün müraciət edənlərə bacardığım qədər kömək edirəm.
   - Pərviz müəllim, bu qədər sevdiyiniz sənətinizi ailədə kimsə davam etdirirmi?
   - İki oğlum, dörd nəvəm var. Bizim ailə mədəniyyət, incəsənət sahəsində çalışır. Oğlanlarımın biri musiqiçi, digəri isə rəssamdır. Həyat yoldaşım Firəngiz xanım uzun illərdir ki, mədəniyyət sahəsində fəaliyyət göstərir. Böyük qardaşım Həsən Quliyev də uzun illər Azərbaycan televiziyasında baş operator vəzifəsində çalışmışdır.
   - Peşənizin sirlərini öyrətdiyiniz tələbələriniz varmı?
   - Tələbələrim çox olub. Kinoda işləyən fotoqrafların çoxunu mən yetişdirmişəm. Onların hamısını özümə tələbə bilirəm.
   - Hazırda hansı film üzərində işləyirsiniz?
   - Kinorejissor Ramiz Həsənoğlu görkəmli yazıçı Anarın ssenarisi əsasında böyük yazıçı-dramaturq Mirzə Fətəli Axundzadənin həyat və yaradıcılığından bəhs edən “Sübhün səfiri” filmini çəkir. Filmin operatoru Kənan Məmmədovdur. Peşəkar yaradıcı kollektiv var. Bu film üzərində işləyirik. Arzular, planlar çoxdur. İnşallah, Allah mənə nə qədər ömür versə, o qədər də bu sahədə işləyəcəyəm.
   
   Sənətkar sənətini aliləşdirəndə, sənət sahibini ucaldanda qiymətlidir. Pərviz Quliyevi əlamətdar yubileyləri münasibətilə təbrik edir, yeni-yeni yaradıcılıq uğurları arzulayırıq.
   
   Şəhla Bürcəliyeva,
   kinoşünas







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar