Elektron vizanın qarşılıqlı tətbiqi iki ölkə arasında turizm sahəsində əməkdaşlığa töhfə verəcək
Azərbaycanın Səudiyyə Ərəbistanındakı səfiri Rasim Rzayev Bəhreyndə işgüzar səfərdə olub, dövlət rəsmiləri ilə görüşlər keçirib.
Bəhreynin ticarət, sənaye və turizm naziri Zayid bin Raşid Əl-Zəyyəni ilə görüşdə ölkələrimizin ticarət və turizm sahələrində əməkdaşlığının inkişafına, habelə Bakı və Manama şəhərləri arasında birbaşa uçuşların təşkilinə dair fikir mübadiləsi aparılıb. Körfəz ölkələrinin vətəndaşlarının füsunkar təbiətə, mülayim iqlimə, zəngin mədəniyyətə və ləziz mətbəxə malik olan Azərbaycana böyük maraq göstərdiyi və son illərdə Azərbaycanın dünyanın turizm xəritəsində dinamik inkişaf edən istiqamətlərdən birinə çevrildiyi diqqətə çatdırılıb. Prezident İlham Əliyevin sərəncamı ilə 2016-cı ilin fevralından etibarən Körfəz Əməkdaşlıq Şurasına üzv dövlətlərin vətəndaşları üçün Azərbaycana giriş vizasının rəsmiləşdirilməsi prosesinin asanlaşdırıldığı vurğulanıb. Eyni zamanda Azərbaycan vətəndaşları üçün Bəhreynə elektron vizanın rəsmiləşdirilməsinin ölkələrimiz arasında turizm sahəsində əməkdaşlığa töhfəsini verəcəyi qeyd olunub.