Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı balacalar üçün Yeni il şənliklərindən sonra böyük seyrçilərin «könlünü alacaq». Yanvarın 9-dan 16-dək teatrın “kiçik səhnə”si monotamaşaların ixtiyarında olacaq. Teatrın repertuarında kifayət qədər monotamaşa var, üstəlik, onların bəzisi müxtəlif ölkələrdə keçirilən festivallarda uğurla nümayiş olunub.
Yanvarın 9-da Əməkdar artist Lətifə Əliyevanın iştirakı ilə Z.Ziyadoğlunun «Vurğuna vurğun gəlin», ertəsi gün aktrisa Mehriban Abdullayevanın iştirakı ilə U.Luisin əsəri əsasında «İstədiyim kimi yaşamışam» monotamaşaları oynanılacaq. Yanvarın 11-də və 18-də isə Əməkdar artist Şövqi Hüseynovun son illər Bakıdan daha çox festival səhnələrində ifa etdiyi «Dəlinin qeydləri» (N.V.Qoqol) və «Kontrabas» (P.Züskind) tamaşalarına baxa biləcəyik. «Cəza» (T.Vəliyeva) tamaşasını isə yanvarın 12-də Əməkdar artist Kəmalə Hüseynova təqdim edəcək. Yanvarın 16-da aktrisa Küşvər Şərifova səhnədə «Sonsuzluğun sonu»ndan təkbaşına bəhs edəcək, ayın 17-də Əməkdar artist Nofəl Vəliyev F.Dostoyevskinin «İdiot» əsəri əsasında hazırlanmış monotamaşanı oynayacaq.
Beləliklə, yubiley mövsümünə qədəm qoymuş Gənc Tamaşaçılar Teatrı 2018-ci ili maraqlı teatr layihəsi ilə - «Monotamaşalar paradı» ilə başlayır. Aktyor səhnədə tək çıxış edə bilər, amma onun seyrçisi mütləq çox olmalıdır.
G.Mirməmməd