Yanvarın 18-də “Nizami” Kino Mərkəzində Bakı Film İnstitutunun və onun nəzdində açılacaq kinoprodüser kurslarının açılışı ilə bağlı mətbuat konfransı keçirildi. Layihə “Cinema” Gənc Kinematoqrafçılar Mərkəzinin təşkilatçılığı ilə həyata keçirilir.
   
   Mərkəzin direktoru Fehruz Şamıyev kurslarda həm yerli, həm də xarici mütəxəssislərin dərs verəcəyini bildirdi. Onun sözlərinə görə, üç aylıq prodüser kursları institutun yaranması üçün baza rolunu oynayacaq. Azərbaycanda kino bazarının təşkili, kinoprokatın yaranması istiqamətində güclü prodüserlərə ehtiyac var. Bu baxımdan kurslar kino sənətimizə yeni mütəxəssislər verə bilər. Kurslarda ideya, ssenari sifarişi, çəkiliş komandasının təşkili, film üçün maliyyə axtarışı, bazarın öyrənilməsi, filmin yerli və xarici bazara çıxarılma yolları tədris olunacaq.
   "Azərbaycanfilm" kinostudiyasının istehsalat şöbəsinin rəisi Çingiz Həsənov Azərbaycan kinosuna yeni nəfəs gətirəcək prodüserlərin hazırlanması istiqamətində belə bir tədris mərkəzinin açılmasını dəstəklədiyini dedi.
   Tədbirdə rejissor və prodüser Əli İsa Cabbarov, iranlı rejissor və prodüser Əyyub Dənişvər, Xalq artisti Həmidə Ömərova, Əməkdar artist Ötkəm İsgəndərov, Bakı Uşaq Teatrının direktoru İntiqam Soltan çıxış edərək belə layihələrin həyata keçirilməsini yüksək qiymətləndirdilər.
   Qeyd edək ki, kurslarda Türkiyənin tanınmış film distribütorlarından Nizami Eren, Rusiyada çalışan rejissor və prodüser Rodion İsmayılov, iranlı rejissor Nadir Saiver, gürcüstanlı rejissor və prodüser David Caneidze, Əməkdar incəsənət xadimi, kinorejissor Şamil Nəcəfzadə, “Nərimanfilm” Kino Şirkətinin direktoru Nəriman Məmmədov, “Dərviş” Prodüser Mərkəzinin sədri, rejissor və prodüser Əli İsa Cabbarov və digərləri dərs deyəcəklər. Həmçinin Avropa Kino Akademiyasının ən yaxşı prodüseri və “Euromages” Ortaq Prodüser mükafatına layiq görülən Zeynəb Özbatur “Cinema” Gənc Kinematoqrafçılar Mərkəzinin xətti ilə Bakı Film İnstitutunda mühazirə oxuyacaq.
   Mətbuat konfransından sonra “Nizami” Kino Mərkəzinin böyük zalında rejissor İlqar Safatın “Sahə” bədii filmi nümayiş olundu.
   
   Reyhan