2017-ci il Azərbaycan Xalça Muzeyi üçün xüsusilə əlamətdar olub. İl ərzində muzeyi 80 mindən çox insan ziyarət edib. Bu sözləri muzeyin direktoru Şirin Məlikova söyləyib (AZƏRTAC).
Direktor 2017-ci ildə muzeyin 50 illiyi münasibətilə beynəlxalq simpozium, konfrans və seminarlar, həmçinin ustad dərsləri, müxtəlif mövzularda mühazirə və təlimlərin keçirildiyini diqqətə çatdırıb. Xalça Muzeyinin 50 illik yubileyi münasibətilə Heydər Əliyev Fondu tərəfindən xaricdə hərrac evindən XVIII əsrə aid örtük alınaraq muzeyə hədiyyə edilib. Muzeyin tarixində ilk dəfə 2017-ci ildə nadir Şamaxı xalçası xarici hərracda Avstriya auksion şirkətindən əldə edilib və muzeyə gətirilib. Hərracdan öncə Fransada şəxsi kolleksiyada saxlanılan xalça hazırda muzeyin xovlu xalça kolleksiyasının ən qədim eksponatları siyahısındadır. Ümumiyyətlə, Xalça Muzeyi son iki il ərzində xalça, milli geyim, zərgərlik, batika və tikmə nümunələri, arxeoloji qazıntılar zamanı tapılan əşyaların daxil olduğu 44 eksponat əldə edib ki, bunların bir qismi satın alınıb və ya hədiyyə olaraq qəbul edilib. Bu da muzeyin ekspozisiyasının ildən-ilə zənginləşərək, eksponatların sayının artmasına, muzeyin ziyarətçiləri və xarici turistlər üçün daha maraqlı və cazibədar olmasına şərait yaradıb.
Şirin Məlikova onu da deyib ki, 2017-ci ildə Azərbaycan Xalça Muzeyi “TripAdvisor” saytının ilin ən yaxşı muzeyi kimi “Mükəmməllik sertifikatı”nı alıb, həmçinin “Avropanın ən yaxşı muzeyi” nominasiyası üzrə 40 məşhur muzeyin sırasına daxil olub.
İl ərzində “Euronews” kanalında, Rusiyanın NTV kanalının populyar “Gedək, yeyək!” verilişində Azərbaycan Xalça Muzeyi ilə bağlı maraqlı süjetlər təqdim olunub, bütün dünyada böyük maraqla izlənilən “National Geographic” kanalında yayımlanan Bakı haqqında filmdə Xalça Muzeyindən də bəhs edilib.
Muzeyin direktoru Ş.Məlikovanın məqaləsi məşhur “Carpet Collector” jurnalında dərc olunub. Beynəlxalq Muzeylər Şurasının (İCOM) saytında, həmçinin ABŞ, İtaliya və digər ölkələrin mediasında muzey haqqında materiallar dərc olunub.