Və ya 20 Yanvarın sükut kadrları
      
   Əslində istənilən insan, böyük anlamda xalq, millət özünə, tarixinə münasibətdə daim emosionallıq, belə demək mümkünsə, çılğınlıq göstərir. Bu, elə belə də olmalıdır. Çünki məni, səni, onu yaşadan və mövcudluğumuzu təsdiqləyən bizim keçmişimizdir.
   
   Deməli, keçmişə münasibətdə bu cür yanaşma təbiidir. O keçmişin yaşaması və yaşadılması üçün. Təəssüf ki, millət olaraq bu xüsusi təqvimləri daha tez-tez vərəqləyənlərdənik. Kiminə yaxın, kimisinə uzaq bu təqvimlərdən biri də səhifələnir. 1990-cı ilin qan qırmızılı, tarixi qaralı 20 Yanvarı. Qosqoca bir imperiyanın maskasını yırtmaqla onun gerçək üzünü, dağıdıcı, vəhşi ruhunu göstərən xalqın, azərbaycanlıların ağır gerçəyi.
   Deməli, bu tarixi yazan da bizik. Ona görə də bu gerçəkləri dünyaya, dünyanın gözünə kül üfürən, onları cəfəng yalanlarla uyudan dairələrə də biz çatdırmalıyıq. Bu işdə isə təbii ki, kütləyə ən yüksək təsir gücünə malik kino ön sırada durur. Bəs, görəsən, 1990-cı ilin o məşum gecəsindən keçən 22 ildə Azərbaycan kinosunun fakta münasibəti necə olub? Sənədli və bədii, ümumilikdə böyük kinonun 20 Yanvar hadisələrinə, tankların tırtılları altında əzilən ruhlara, qulaqbatıran nalələrə cavabı nə olub? Biz bizi yandırıb-yaxan, ürəyimizə dərd, ruhumuza ələm, elə həm də qürur, fəxarət gətirən bu günün uğurlu ekran həllini tapa bilmişikmi? Bu suallarla Azərbaycan kinosunun bir neçə tanınan nümayəndəsinə müraciət etdim. Qəribə də olsa, aldığım cavabların çoxunda «Bunun üçün müəyyən vaxt lazımdır. Biz emosiyalara qapılmadan, o hadisəni soyuq başla düşünərək, soyuqqanlı Avropa, dünya insanına çatdırmağın formasını tapmalıyıq» qənaəti ilə rastlaşdım.
   
   Qanlı gecənin «Salnamə»si
   
   20 Yanvarın kinoyaddaşdakı yerindən danışarkən bu mövzuda kifayət qədər sənədli filmlərimizin olduğunu qeyd etməliyik. Bu sırada müxtəlif illərdə ekranlaşdırılan «Azadlığa gedən yollar», «Qəsd», «Matəm», «Şəhidlərdən şəhidlərə», «Bakıda insan ovu», «Şəhidlər və qazilər», «Şəhidlik zirvəsi» kimi sənədli film nümunələrini göstərmək olar. Əsas etibarilə Mədəniyyət və Turizm Nazirliyinin «Salnamə» sənədli filmlər studiyasında ekranlaşdırılan bu ekran əsərlərində o dövrün real mənzərəsini görmək və dəyərləndirmək mümkündür. Ötən il yenidən bu mövzuya qayıdan studiyada «Cənubda Şimal küləyi» adlı daha bir sənədli film ekranlaşdırılıb.
   Dəhşətli günün hadisələrini kinolentə köçürən və sənədli film yaddaşımızı yaradan «Salnamə» studiyasının istər o dövr, istərsə də bu gündən baxanda kino tariximizə önəmli səhifələr yazdığını vurğulamalıyıq. Həyatlarını təhlükəyə ataraq tarix üçün videofakt yaradanların çəkdiyi nümunələr o qanlı gecənin miqyasını göstərir.
   Hər il telekanallardan gördüyümüz həmin o kadrların müəlliflərindən biri, kinorejissor, Əməkdar incəsənət xadimi Tofiq Məmmədov mövzu ilə bağlı xeyli sayda sənədli filmlərin yaradıldığını dedi: «Salnamə» sənədli filmlər studiyasının əməkdaşları o günlərdə, mən deyərdim ki, bir qəhrəmanlıq nümayiş etdirdi. Televiziyanın fəaliyyətini dayandırmasına, eləcə də görüntü çəkmək üçün çox az imkanların olmasına baxmayaraq tarix üçün gərəkli olan faktlar lentə alındı. O vaxt indiki kimi texniki imkanlar da yox idi. Sadəcə olaraq, biz o faktları əlimizdəki çox baha kinolentlərə, videolentlərə köçürməyə çalışdıq və buna da nail olduq. Yəni sənədli filmlərin imkanı daxilində o dövrün texnologiyası ilə lazımi qədər material çəkildi və bu gün də televiziyalar həmin kadrlardan istifadə edirlər».
   Rejissor sənədli filmlərdən fərqli olaraq 20 Yanvar mövzusunda bədii kinokadrların kasadlığına da münasibət bildirdi. Onun fikrincə, bu mövzuda film çəkmək elə də asan deyil: «Kinematoqrafiya sifarişlə işlənən yaradıcılığı qəbul etmir. Bu yolla yaranan kino qalıcı olmaz. O dövrü gözünün qarşısına gətirib, prosesləri təxəyyülündən keçirib, sözün əsl mənasında sənətkarlıq baxımından yüksək olan nümunə yaratmaq vacibdir. Burada insani meyarlar, xarakterlərin açılması, faktın bədii həlli və tamaşaçıya qəbul etdirilə bilməsi o qədər də asan deyil».
   Kinoşünas, Əməkdar incəsənət xadimi Aydın Kazımzadənin fikrincə, dövr üçün vacib olan sənədli filmin, hər hansı bir kadrların çəkilməsi və əbədiləşdirilməsi idi. Bədii film isə zamanla yarana, sənətkar təxəyyülündə oturuşmaqla ərsəyə gələ bilər: «O dövr üçün sənədli kino çox vacib idi və çəkildi də. Keçən zaman ərzində bu mövzunun bədii kinoya gəlməməsi məsələsi isə, fikrimcə, zamanla öz həllini tapacaq. Azərbaycanın sənədli film yaradıcılığında bu mövzu kifayət qədər işıqlandırılıb. Bədii filmə gəlincə, burada mütləq hadisəyə baxış, yanaşma forması orijinal, fərqli, maraqlı olmalıdır. Düşünürəm ki, bu mövzuda bədii filmin vaxtı artıq yetişib və məncə, bizim kinematoqrafçılar bu mövzunun da uğurlu ekran həllinə nail olacaqlar».
   
   Mövzu hələ də ağrılıdır
   
   İstənilən mövzunu aktual edə bilən, ən ağır tarixi faktları, xronoloji yaddaşı belə yüksək keyfiyyətlə tamaşaçıya qəbul etdirən bədii kinoda 20 Yanvar kimi dəhşətli hadisələri əks etdirən filmlər daim böyük maraqla izlənir. Bunu dünya kinosunu az da olsa izləyən və orada baş verən prosesləri bilən hər kəs təsdiqləyər. Adi detallar, kütlə içərisindən seçilən bir insanın taleyi və faciəsi, ümumilikdə insan faktorunun hakim olduğu bu tip filmlər istər-istəməz izlənilir. Qalır ona rejissor yozumu verə bilmək. Bunun üçün isə mütləq ilk olaraq uğurlu, yüksək səviyyəli və əhatəli ssenari olmalıdır. Bu məsələyə münasibət bildirən Mədəniyyət və Turizm Nazirliyinin Kinematoqrafiya Şöbəsinin filmlərin təbliği və qeydə alınması sektorunun müdiri Yusif Şeyxov 20 Yanvar mövzusu ilə bağlı onlara hələ ki, maraqlı, təsirli ssenarinin təqdim edilmədiyini dedi: «Nazirlik yaradıcı adamlardan təklif olunan ssenariləri, ideyaları, layihələri dəstəkləyir. Bizim elan etdiyimiz müxtəlif müsabiqələrə vətənpərvərlik nominasiyası üzrə ssenarilər təqdim olunub. Amma onlar ideya və onun açılması, dramaturji səviyyəsinə görə qənaətbəxş olmayıb. Ona görə də münsiflər, yaxud da ekspert şurasının üzvləri bu ssenariləri qəbul etməyiblər. Amma Mədəniyyət və Turizm Nazirliyinin «Bu meydan, bu ekran» müsabiqəsində qalib olmuş Samir Fərzəlibəyovun 20 Yanvar mövzusundakı qısametrajlı bədii film ssenarisini göstərə bilərəm. Bu istedadlı gənc kinematoqrafçı maraqlı ssenari hazırlayıb. Qanlı gecənin qurbanlarından olan Larisa Məmmədovanın ön plana çəkildiyi ssenaridə qəribə bir dramaturji gediş var. O, bu günlə 90-cı ilin 20 yanvar gecəsində baş verən hadisələri birləşdirməklə maraqlı bir süjet yarada bilib. İnanıram ki, bu iş uğurlu olacaq.
   Ümumilikdə bu mövzu çox ağır və çətindir. Bir xalqın faciəsidir və ona yaradıcı yanaşmaq da asan deyil. Bu, rejissordan həm xüsusi istedad, həm də peşəkarlıq tələb edir. Axı 20 Yanvarla bağlı hər ağla gələn ideyanı da çəkmək və qəbul etdirmək olmaz. Bu işə çox ciddi və məsuliyyətlə yanaşılmalıdır».
   
   Rejissorlar vaxt istəyir
   
   Bilirəm, tarix üçün 22 il o qədər də böyük rəqəm deyil. Amma bu vaxtdan keçən zaman aşırımlarında nəyin necə olduğunu ayırd etmək üçün isə kifayət qədər böyük dövrdür. Bəs niyə 20 Yanvar faciəsi barədə bir dənə də olsun tammetrajlı, yüksək təsirli və bədii keyfiyyətli ekran əsəri yarada bilməmişik? Bu sualla müraciət etdiyim respondentlərim hadisəni göstərən və qəbul etdirə bilən yüksək dəyərli bədii ekran əsərinin yaranması üçün mövzunun hərtərəfli öyrənilməsini vacib sayırlar.
   20 Yanvar hadisələrinə bir neçə filmində özünəməxsus rejissor yozumu verən və bu faktı ustalıqla təqdim edən tanınmış rejissor, Xalq artisti Vaqif Mustafayevin fikrincə, tamaşaçını bu kimi mövzulara cəlb etmək, ideoloji baxımdan demək istədiklərini çılpaqlığı ilə göstərə bilmək üçün mütləq fərqli, bir az da dolayı baxış vacibdir: «Azərbaycan xalqının başına gələn bu faciə bizim bir millət olaraq həm də qürur mənbəyimiz, fəxarətimizdir. Ona görə də onun uyğun ekran həllini tapmaq, emosiyalardan, yaradıcı insanın içərisindəki yanğıdan yuxarıda olan sənətkarlıq “mən”i lazımdır. Unutmayın ki, istənilən işdə vətəndaş mövqeyi, təəssübkeşliyi ön planda olmalıdır. Mən bu günədək ekranlaşdırdığım filmlərdə məhz bu prinsipə əməl eitmişəm. 20 Yanvar mövzusuna gəlincə, sırf onunla bağlı bədii filmim olmasa da, ümummilli lider Heydər Əliyevə həsr etdiyim 12 seriyalıq kinoepopeyamın 2 filmində bu mövzu fərqli rakursdan işlənərək bədii həllini tapıb. Bundan başqa, ssenari müəllifi olduğum «Ləqəbi «İKA»dır» filmimdə də bu tarixi fakta xüsusi diqqət yetirilib. Amma ümumən Azərbaycan kinematoqrafçıları bu mövzuya mütləq müraciət etməlidirlər. Çünki bu tarixi faktın uğurlu ekran həlli bizim üçün çox vacibdir».
   Kinorejissor İlqar Nəcəf isə mövzunun işlənməsi üçün hələ müəyyən vaxtın keçməsini vacib saydı: «Mən rejissor kimi hadisəyə başqa cür yanaşıram. Təbii ki, mənim də içərimdə bu mövzuda film çəkmək istəyi var. Amma düşünürəm ki, hələ bunun üçün bir az zamana ehtiyac var. Məncə, insanlarda bu faktın emosiyası daha qabarıq, istidir. O baxımdan düşünürəm ki, gərək daha 5-10 il keçsin ki, biz ona soyuqqanlı yanaşa bilək».
   Rəylərdən də göründüyü kimi, hər kəs yüksək texniki və bədii keyfiyyətli filmin zamanla yaranacağını deyir. Amma tamaşaçı isə gözləyir. 20 Yanvar faktının ekrana yansıyan görünən və görünməyən tərəflərinin uğurlu bədii həllini. Özü də illər, onillər keçsə belə, eyni hərarət və emosiya ilə izləmək üçün.
   
   Həmidə Nizamiqızı







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar