Gəncədəki Heydər Əliyev park kompleksinin ərazisində arxeoloqların aşkarladığı və yaşı təxminən 3300 il olan, Son Tunc dövrünə aid kurqanların üzərində açıq səma altında arxeologiya muzeyinin yaradılması nəzərdə tutulur.
Bu barədə AMEA-nın Gəncə Bölməsinin akademik-katibi Fuad Əliyev məlumat verib. Onun sözlərinə görə, Gəncə Şəhər İcra Hakimiyyətinin dəstəyi ilə 2015-ci ildə araşdırmalar aparmaq üçün əraziyə AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun mütəxəssisləri cəlb olunub. İlkin tədqiqatlar nəticəsində 62 kurqan qeydə alınıb. Həmin kurqanlardan dördü ötən il Arxeologiya və Etnoqrafiya İnstitutunun qərarı ilə elmi tədqiqata cəlb edilib. İlk olaraq 1 nömrəli kurqanda arxeoloji qazıntı işlərinə başlanılıb. Tədqiqat işləri zamanı kurqanlardan insan skeleti və çoxlu sayda maddi-mədəniyyət nümunələri aşkarlanıb.